AZ

Zelenski: Bunu çoxdan gözləyirdik

Ukrayna prezidenti Vladimir Zelenski ABŞ-ın Rusiyanın iki ən böyük neft şirkəti - “Rosneft” və “Lukoyl”a qarşı tətbiq etdiyi sanksiyaları alqışlayıb.

XəzərNews.az xəbər verir ki, Ukrayna lideri bu barədə oktyabrın 23-də Avropa Şurasının Brüsseldə keçirilən iclasından əvvəl Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə birgə keçirdiyi mətbuat konfransında danışıb.

Zelenski Avropa İttifaqına Rusiyaya qarşı 19-cu sanksiyalar paketini təsdiqlədiyinə görə təşəkkür edib və ABŞ-ın bir gün əvvəl elan etdiyi yeni məhdudiyyətləri yüksək qiymətləndirib.

“Biz bunu çoxdan gözləyirdik. Allah qoysa, nəticə verəcək. Bu, çox vacibdir,” – Zelenski vurğulayıb.

Dövlət başçısı Rusiyanın Ukrayna ərazilərinə hücumlarını davam etdirdiyini xatırladaraq, təcavüzkar ölkəyə qarşı daha sərt təzyiqlərin zəruriliyini qeyd edib:

“Onlar yenidən uşaq bağçalarını, məktəbləri, mülki insanları vururlar. Bu o deməkdir ki, biz yalnız Avropa və ABŞ ilə birlikdə özümüzü müdafiə etməməliyik, həm də [qeyri-qanuni Rusiya prezidenti Vladimir] Putinə müharibəni dayandırmaq üçün təzyiq göstərməliyik. Təzyiq sanksiyalar, uzaq mənzilli hava hücumundan müdafiə və maliyyə dəstəyi deməkdir”.

Zelenski Avropa İttifaqının yeni sanksiyalar paketini “daha sərt” adlandırıb və qeyd edib ki, bu məhdudiyyətlər, ABŞ-ın qərarları ilə birlikdə, digər ölkələr üçün nümunədir:

“Bu, dünyanın digər ölkələrinə sanksiyalara qoşulmaq üçün yaxşı siqnaldır. Putin bu müharibəni dayandırana qədər biz, o cümlədən ‘kölgə donanması’ üzərindən təzyiq göstərməliyik”.

Xəbər 2 dəfə oxunub.
Seçilən
18
xezernews.az

1Mənbələr