AZ

Biləsuvarda qalmaqal: "Sədrin xanımı vergi müfəttişi, qayınatası mühasib, atası menecer..."

BİLƏSUVAR, 23 oktyabr. TELEQRAF

Biləsuvarda sabiq sədrin idarəçiliyi kənd bələdiyyəsinin fəaliyyətinə ciddi ziyan vurub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Əsgərabad bələdiyyəsinin Aşağı Cürəli kəndi üzrə sədr müavini Bilal Əzizov bələdiyyənin torpaq və əmlak resurslarının idarəçiliyində ciddi problemlər olduğunu bildirib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərindən doqquz ay keçsə də, yeni rəhbərliyin balansındakı torpaqlar və əmlakla bağlı rəsmi məlumatı yoxdur.

“Bəllidir ki, bələdiyyənin 60 hektardan çox əkin və örüş torpağı olmalıdır. Amma nə arxiv sənədləri, nə də xəritələr mövcuddur. Bu vəziyyət fəaliyyətimizi faktiki olaraq iflic edib”, – B.Əzizov qeyd edib.

Sədr müavini iddia edib ki, arxiv sənədləri sabiq sədr Ruslan Seyidovun dövründə itib. Həmin dövrdə bələdiyyə rəhbərliyi ailə üzvləri üzərində cəmləşdirilib: həyat yoldaşı baş vergi müfəttişi, qayınatası baş mühasib, atası isə baş menecer olub. Ailə öz evini bələdiyyəyə 650 manata kirayə verərək inzibati bina kimi istifadə etdirib.

Əzizov bildirib ki, 23 hektar torpaq yaxın qohumların adına yaradılan MMC-lərə, bir çox həyətyanı sahələr isə ailə üzvlərinə verilib. Bəzi torpaqlar hətta digər rayon sakinlərinə qanunsuz icarəyə ayrılıb, ödənişlər isə illərdir bələdiyyə hesabına daxil olmayıb.

Sədr müavini qeyd edib ki, arxiv sənədlər bərpa olunmasa və torpaqlar balansa qaytarılmasa bələdiyyənin normal fəaliyyəti mümkün olmayacaq: "Məsələ ilə bağlı aidiyyəti qurumların araşdırmaları davam edir".

Sabiq sədr Ruslan Seyidov isə ittihamları rədd edib: “Mən artıq 5 ildir sədr deyiləm. Əzizovun dedikləri dəfələrlə araşdırılıb və təsdiqini tapmayıb”.

Seçilən
8
teleqraf.com

1Mənbələr