Bakı İctimai Əməkdaşlıq Mərkəzinin rəhbəri Rauf Zeyni QHT.az-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi QHT Əməkdaşlıq Forumunun, xüsusilə Xankəndi Əməkdaşlıq Forumunun əhəmiyyətindən danışıb.
Rauf Zeyni bildirib ki, forumlar vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayır və bu tədbirlər dövlət, özəl və ictimai sektorlar arasında əməkdaşlığın güclənməsinə xidmət edir:
“Bu forumlar ictimai hadisədir və vətəndaş cəmiyyətinin inkişafı baxımından çox aktualdır. Xankəndi Forumunun xüsusi yeri var, çünki o, torpaqlarımızın azad olunmasından sonra dövlət suverenliyi çərçivəsində keçirilən mühüm bir tədbirdir. Azərbaycanın qazandığı zəfərdən sonra qarşıda duran əsas məqsəd ölkənin davamlı inkişafını və zəfərə layiq cəmiyyətin qurulmasını təmin etməkdir. Ümumi daxili məhsulun artırılması, sosial rifahın yaxşılaşdırılması və vətəndaş cəmiyyətinin inkişafı bu mərhələdə vacib vəzifələrdəndir.
QHT sədri Forumun təşkilində əməyi keçən hər kəsə, Agentliyin komandasına təşəkkürünü bildirib:
“Xankəndidə belə bir forumun keçirilməsi həm vətəndaş cəmiyyəti, həm də tariximiz üçün mühüm hadisədir. İnanıram ki, forumda müzakirə olunan məsələlər praktik nəticələr verəcək və vətəndaş cəmiyyətinin inkişafında öz əksini tapacaq.”
Sonda Rauf Zeyni bütün həmkarlarına və forum iştirakçılarına fəaliyyətlərində uğurlar arzulayıb.