AZ

İranda 5 min illik pələng təsviri tapılıb

Arxeoloqlar bu kəşfi İran incəsənətində pələngin ən qədim təsviri hesab edirlər...

Poliqon xəbər verir ki, ABŞ-nin Brin-Mor Kollecinin arxeoloqları İranın şimalında, Girkaniya bölgəsində yerləşən Yarim-Təpə arxeoloji ərazisində dünyanın ən qədim pələng təsviri ola biləcək gil fiqur tapıblar. Yaşı 5 min ildən çox olan bu keramika tapıntısının nəticələri nüfuzlu Anthropozoologica elmi jurnalında dərc olunub.

Tədqiqatın rəhbəri, professor Henri P. Kolbern qeyd edib ki, fiqur İran incəsənətində pələng təsvirlərinin indiyədək məlum olan ən qədim nümunələrindən təxminən üç min il daha qədimdir. Bu isə pələnglərin İran mədəni kimliyi ilə əlaqəsinin çox daha qədim və dərin köklərə malik olduğunu göstərir.

Təxminən səkkiz santimetr uzunluğunda olan fiqur gildən hazırlanıb və üzərində pələngin zolaqlı naxışlarını xatırladan izlər var. Alimlər onun eneolit dövrünün son mərhələsinə — eramızdan əvvəl təxminən 3500–3100-cü illərə aid olduğunu bildirirlər. Kolbernin sözlərinə görə, fiquru hazırlayan usta “heyvanın real görünüşü barədə birbaşa təsəvvürə malik olub”, bu isə həmin dövrdə insanla pələngin eyni ərazidə yaşadığını göstərir.

Tapıntının aşkarlan­dığı Girkaniya ərazisi Elburz dağları ilə Xəzər dənizi arasındakı meşəlik bölgədir. Tarixi mənbələrə görə, burada bir vaxtlar nəcib marallar, qabanlar və yalnız XX əsrdə nəsli kəsilmiş turan pələngi (Panthera tigris virgata) yaşayırmış.

Mütəxəssislər bildirirlər ki, bölgənin digər eneolit abidələrində — Şah-Təpə, Tureng-Təpə və Təpə-Hissarda — bənzər keramika nümunələri aşkarlansa da, heyvan təsvirlərinə rast gəlinməyib. Bu da Yarim-Təpə tapıntısını İran və Yaxın Şərq arxeologiyası üçün unikal nümunə halına gətirir.

Alimlərin fikrincə, əgər tapıntının yaşı düzgün müəyyən edilibsə, bu fiqur İranda pələngin ən erkən təsviri olmaqla yanaşı, Hindistan yarımadasından kənarda insanlıq tarixindəki ən qədim heyvan təsvirlərindən biridir.

Bundan başqa, tədqiqatçılar fiqurun yalnız bədii və tarixi deyil, həm də simvolik əhəmiyyət daşıdığını düşünürlər. Onların ehtimalına görə, bu təsvir sonrakı əsrlərdə İran mədəniyyətinin ayrılmaz simvoluna çevrilən pələng motivinin ilkin forması ola bilər. Bu motiv sonralar Firdovsinin “Şahnamə” epopeyasında, eləcə də Sasanilər dövrünün kral hakimiyyəti rəmzlərində öz əksini tapıb.

Poliqon.info

Seçilən
106
poliqon.info

1Mənbələr