AZ

Tədqiqat: xoşbəxtlik ömrü uzadır, amma yalnız müəyyən həddən sonra...

Rumıniyalı alimlər bildirirlər ki, xoşbəxtlik 2,7 bal səviyyəsindən etibarən sağlamlığa müsbət təsir göstərir...

Poliqon xəbər verir ki, Rumıniya alimləri xoşbəxtliyin insan ömrünü uzatdığını təsdiqləyən, lakin bunun yalnız müəyyən səviyyədən sonra baş verdiyini göstərən yeni araşdırma aparıblar. “Frontiers in Medicine” jurnalında dərc olunan tədqiqata görə, insanın subyektiv rifah hissi yalnız Life Ladder xoşbəxtlik şkalasında ən azı 2,7 bal səviyyəsinə çatdıqdan sonra sağlamlığa real təsir göstərməyə başlayır.

Araşdırmanın rəhbəri, professor Yuliya Yuqa bildirib ki, bu həddi keçdikdən sonra hər əlavə 1% xoşbəxtlik qeyri-infeksion xəstəliklərdən ölüm hallarını təxminən 0,43% azaldır. Bu kateqoriyaya ürək-damar xəstəlikləri, xərçəng, astma və şəkərli diabet kimi dünyada ölümün əsas səbəbləri olan xəstəliklər daxildir.

Life Ladder şkalası 0-dan 10-a qədər olan diapazonda insanların öz xoşbəxtlik səviyyəsini qiymətləndirir: 0 “ən pis mümkün həyat”, 10 isə “ən yaxşı həyat” mənasını verir. 123 ölkəni əhatə edən tədqiqatda ortalama xoşbəxtlik göstəricisi 5,45, minimum 2,18, maksimum isə 7,97 bal olub. Professor Yuqa qeyd edib ki, 2,7 bal “çətinliklə ayaqda qalmaq” səviyyəsinə bərabər olsa da, artıq bu həddən yuxarı artım sağlamlıq göstəricilərinə təsir etməyə başlayır.

Alimlərin sözlərinə görə, əhalinin xoşbəxtlik səviyyəsi bu göstəricidən yüksək olan ölkələrdə səhiyyəyə daha çox sərmayə qoyulur, sosial institutlar sabit fəaliyyət göstərir və gəlir bərabərsizliyi nisbətən aşağı olur. Bundan əlavə, təmiz hava, sağlam qidalanma, piylənmənin qarşısının alınması və alkoqolun məhdudlaşdırılması kimi amillər xoşbəxtlik səviyyəsini artırmaqla ölüm riskini azaldır.

Tədqiqatçılar vurğulayırlar ki, xoşbəxtlik yalnız şəxsi hiss deyil, ictimai sağlamlıq üçün ölçülə bilən resurs kimi dəyərləndirilməlidir.

“Rifahın minimal həddini müəyyənləşdirmək səhiyyə və sosial siyasət strategiyalarını daha dəqiq formalaşdırmağa imkan verəcək. Xoşbəxtlik sadəcə emosional hal deyil, cəmiyyətin sağlam inkişafına xidmət edən real vasitədir.”, deyə professor Yuqa əlavə edib.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr