Son zamanlar müxtəlif dairələrdə Zəngəzur dəhlizinin (TRIPP) geosiyasi əhəmiyyətinin yeni səviyyəyə yüksəldiyi haqqında fikirlər səsləndirilir. Bu məsələ həm də Orta dəhliz kontekstində nəzərdən keçirilir. Siyasilər və ekspertlər belə bir gedişatda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşmanın xüsusi rol oynadığını vurğulayırlar. Bununla aydın olur ki, söhbət, ilk növbədə, Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın yeni səviyyədə qarşılıqlı əlaqəsinin formalaşmasından gedir. Biz bu prosesin Prezident İlham Əliyevin təşəbbüsləri sayəsində xüsusi dinamika alması fonunda təhlilinə ehtiyac duyuruq.
Regional bağlantılar və Zəngəzur
Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında irəli sürdüyü çox əhəmiyyətli tezislərdən biri Orta dəhliz kontekstində Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı olmuşdur. Azərbaycan lideri ifadə etmişdir: "Regional bağlantılar davamlı sülh istiqamətində baxışlarımızın əsasını təşkil edir. Vaşinqton Sammitinin mühüm nəticələrindən biri də Zəngəzur dəhlizindən maneəsiz keçidi təmin edəcək və regional bağlantıları möhkəmləndirəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu"dur (TRIPP)".
İlham Əliyev burada regionlararası kommunikasiyanın sabit işləməsini davamlı sülhün təməl şərtlərindən biri kimi gördüyünü vurğulayır. Bu baxımdan Zəngəzur dəhlizi Orta dəhlizin etibarlı və davamlı fəaliyyəti üçün əsas kommunikasiya faktoru kimi qəbul edilməlidir. Vaşinqton razılaşması fonunda bu məsələ son dərəcə aktual görünür. TRIPP-in tarixi anlamına məhz bu kontekstdə yanaşmaq gərəkdir.
Prezident İlham Əliyev böyük ustalıqla Orta dəhliz və Zəngəzur dəhlizi (TRIPP) məsələlərini ABŞ-Azərbaycan strateji tərəfdaşlığı ilə əlaqələndirmişdir. Dövlət başçısı bu aspektdə ifadə etmişdir: "Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır".
Bu fikirlər ekspertlərin gündəminə bir sıra mövzular gətirmişdir. Onların arasında Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və kommunikasiyaların açılması xüsusi yer tutur. Eyni zamanda bu gedişat bütövlükdə regionda marağı olan böyük geosiyasi güclərin mübarizəsini ön plana çıxarmaqdadır. Bu iki istiqamət rakursundan ekspertlərin mövcud vəziyyəti təhlil edərkən diqqət yetirdikləri məqamlara nəzər salaq.
Ekspertlərin təhlilləri
Azərbaycan mətbuatında Cənubi Qafqazda sensasion sayıla biləcək proseslərin getdiyi vurğulanır. O cümlədən Azərbaycan-ABŞ-Ermənistan və Azərbaycan-Türkiyə-Ermənistan "üçbucaqları"nda müşahidə edilən dinamika diqqət çəkir. Bunun Rusiyaya təsir etdiyi və Moskvanı hərəkətə keçirdiyi qeyd olunur. Maraqlıdır ki, ekspertlər Kremlin həssaslığını neqativ fonda qiymətləndirirlər. Yəni hesab edirlər ki, Rusiya bu proseslərə əngəl törədə bilər. Lakin İrəvanın bu təhdidlərə uymayacağı haqqında rəylər də mövcuddur. Onun təminatçısı kimi, bu il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında paraflanmış sülh razılaşması göstərilir.
Burada diqqətçəkən məqamlardan biri Azərbaycan Prezidenti İlham Əliyevin TRIPP-ə ciddi əhəmiyyət verməsidir. Deməli, Zəngəzur məsələsində Bakı ilə İrəvanın mövqelərinin yaxınlaşdığı hiss edilir.
Bir sıra ekspertlər hesab edirlər ki, N.Paşinyan hazırda "real siyasət"ə stavka edir və buna görə də mövqeyi davamlı ola bilər. Bu zaman "real siyasət" dedikdə, Azərbaycanın əldə etdiyi nailiyyətlər sayəsində regionda yaranmış yeni geosiyasi ab-hava nəzərdə tutulur.
Bir başqa yanaşmada məsələnin, əsasən, Orta dəhliz konteksti ilə bağlı olması əsas arqument kimi göstərilir. Bu mövqe də Prezident İlham Əliyevin "Biz Orta dəhlizi regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoru qismində görürük" fikrinə əsaslanır.
Bütün bunların fonunda ekspertlərin Orta dəhlizi "qlobal orbitə çıxan faktor" kimi qiymətləndirməsi təsadüfi təsir bağışlamır. Məsələnin bu tərəfinin TransXəzər beynəlxalq nəqliyyat marşrutu ilə bağlı əsaslandırılması maraq doğurur, çünki həmin marşrut Çinin "Bir kəmər, bir yol" təşəbbüsü müstəvisində perspektivli hesab edilir.
Qeyd etmək lazımdır ki, bir qədər fərqli aspektlərdə, lakin vurğulanan ekspert mövqeləri ilə uyğunluq təşkil edən digər yanaşmalar da vardır.
Orta dəhliz yeni geosiyasi statusda
Prezident İlham Əliyevin yuxarıda vurğuladığımız dərinməzmunlu fikirləri fonunda ekspertlərin mövqeləri onu göstərir ki, Azərbaycanın fəaliyyəti sayəsində Orta dəhliz daha aktual geosiyasi statusa yüksəlməkdədir. Burada əsas yeri Vaşinqton razılaşması tutur. Bu razılaşma Azərbaycanın təklif etdiyi və uzun müddətdir ki, üzərində dayandığı sülh şərtləri əsasında reallaşmışdır. Deməli, indiki mərhələdə Orta dəhlizin daha geniş anlamda aktual faktora çevrilməsi Azərbaycan Prezidentinin şəxsi təşəbbüslərinə görə baş vermişdir. Bu məqam müasir mərhələdə Çindən tutmuş ABŞ-yə qədər geniş geosiyasi məkanda başlıca siyasi-diplomatik faktorlardan biri kimi qəbul edilməlidir.
Ermənistanın Orta dəhliz və regional sülh gündəliyi kontekstində nümayiş etdirdiyi mövqe də məhz bu gerçəkliyin bir fraqmentidir. Rəsmi İrəvan anlayır ki, Azərbaycanın fəaliyyəti olmadan Cənubi Qafqazda heç bir layihə reallaşa bilməz. İndi onu TRIPP-lə əlaqələndirmək müəyyən mənada Ermənistan rəhbərliyinə öz imicini qorumağa yardım edirsə, buna da elə etiraz yoxdur. Ancaq konkret Zəngəzur dəhlizi (TRIPP) aspektində müəyyən reallıqlar mövcuddur ki, Ermənistanın heç bir manevri onları arxa plana ata bilməz. Həmin reallıqlar dəfələrlə Prezident İlham Əliyevin çıxışlarında dəqiq ifadə edilmişdir. Burada əsas məqamlardan biri Azərbaycanın Zəngəzur dəhlizindən (TRIPP) maneəsiz və şərtsiz istifadə etməsi, türk coğrafiyasının quruda bütövlüyünün təmin olunması və region dövlətlərinin hər birinin qarşılıqlı faydalı əməkdaşlıq imkanına malik olması ilə bağlıdır.
Bunlar da öz növbəsində Zəngəzur dəhlizinin (TRIPP) regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq kontekstində geosiyasi funksiyasının aktuallığını aydın şəkildə nümayiş etdirir.
Tarixi vaciblikdən geosiyasi funksionallığa
Azərbaycanın xarici siyasətinin nailiyyətləri sırasında Zəngəzur dəhlizinin (TRIPP) yeri və rolu həmişə əhəmiyyətini saxlayacaqdır. Azərbaycan Prezidenti bu istiqamətdə illərdir aydın siyasət aparır ki, dünya ictimaiyyəti həmin siyasətin yaratdığı reallığı qəbul etməyə məcbur qalmışdır. Burada başlıca dəyər Azərbaycan rəhbərinin hər bir dövlətin milli, regional və regionlararası miqyaslarda maraqlarının təmininə yardım edən təşəbbüslər irəli sürməsi ilə bağlıdır. Həmin təşəbbüslər tarixi ədalətlə yanaşı, müasir beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Buna görə də İlham Əliyevin mövqeyi qəbul edilməli idi.
Digər tərəfdən, hazırda Orta dəhliz kontekstində Zəngəzur dəhlizinin (TRIPP) geosiyasi funksionallığının dünya ictimaiyyəti tərəfindən dərk olunmağa başlanması Vaşinqtonda əldə edilən razılıqla sıx əlaqəlidir. Prezident İlham Əliyev, faktiki olaraq, ABŞ və Çin kimi iki fövqəlgücü bir araya gətirə biləcək siyasi-diplomatik fəallığın ümumi cizgilərini təqdim etmişdir.
Əlbəttə, bu, artıq dünya miqyasında ciddi uğurdur və Azərbaycanı müstəqil dövlət kimi yeni geosiyasi statusa yüksəldir. Bununla Prezident İlham Əliyev səmərəli və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan birgə platformalar vasitəsilə dünya miqyasında sülhə, əməkdaşlığa, təhlükəsizliyə və dialoqa yeni töhfələr vermiş olur!
Kamal ADIGÖZƏLOV,
siyasi icmalçı