Dünyada elə dövlətlər, xalqlar var ki, onlar təkcə iki ölkə arasındakı münasibətləri möhkəmləndirməklə kifayətlənmir, eyni zamanda regionlar, qitələr arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi sahəsində vacib qərarlar qəbul edir, mühüm addımlar atır, Şərq-Qərb inteqrasiya prosesində əhəmiyyətli rol oynayırlar. Belə ölkələrin timsalında heç bir tərəddüd etmədən bu sahədə sanballı çəkiyə malik olan qardaş Macarıstanın və Azərbaycanın adlarını çəkmək olar. Bu ölkə həm də Azərbaycanın Avropa siyasətində önəmli rol oynayır. Hər iki ölkə arasında əlaqələrin dərin kökləri var. Onları bir-birilə tarixi, mənəvi, etnik, mədəni və iqtisadi tellər sıx birləşdirir.
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yüksək mərhələyə qədəm qoymuş, rəsmi Budapeşt həmişə Azərbaycanın suveren hüquqlarına, ərazi bütövlüyünə böyük sayğı ilə yanaşmış, ona qarşı hərbi təcavüzü qətiyyətlə pisləmişdir. Təsadüfi deyil ki, Azərbaycanın yaxın dostu, Macarıstanın Baş naziri Viktor Orban Avropa Sülh Fondundan Ermənistana milyonlarla dollar vəsaitin ayrılması layihəsini bloklamışdır. Bununla yanaşı, hər iki dövlət başçıları arasında yaranmış şəxsi dostluq əlaqələri də onların beynəlxalq kürsülərdən eyni mövqedən çıxış etmələri üçün münbit, etibarlı zəmin yaratmışdır.
Hazırda hər iki ölkənin sıx qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı Avropa-Asiya inteqrasiya prosesinə mühüm töhfə verir. Bunu həm rəsmi Bakının, həm də Budapeştin regional və beynəlxalq iqtisadi, enerji, logistika layihələrində fəal iştirakı göstərir. Bu əməkdaşlıq Avropanın enerji təhlükəsizliyini daha etibarlı və davamlı edir.
Hər iki ölkəni bir sıra xüsusiyyətlər birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri V.Orbanla görüşü zamanı hər iki ölkənin ərazilərinin sahəsinə, əhalinin sayına görə bir-birinə yaxın olduğunu vurğulamışdı. Həm də bu xalqlar özlərinin qonaqpərvərlikləri ilə seçilirlər.
Avropanın ayrılmaz tərkib hissəsi olan Macarıstanın iqtisadiyyatı hazırda, əsasən, maşınqayırma üzərində qurulub. Bu ölkədə əmək xərcləri nisbətən aşağıdır. Buna görə də bir çox qlobal korporasiyalar Macarıstanda Raba, Suzuki, Mercedes və digər markaların zavodları da daxil olmaqla, böyük avtomobil zavodları tikməyə can atırlar.
Bu ilin fevralında Baş nazir Viktor Orban ölkənin vəziyyəti haqqında xalqa illik müraciətində iqtisadi artımın bərpasını və inflyasiyanın qarşısını almağı hökumətin ən mühüm vəzifəsi hesab etdiyini təsdiqləyib. Gözləntilərə görə, 2025-ci ilin sonuna kimi Macarıstanın ümum daxili məhsulu 224,68 milyard dollara çatacaq.
İki ölkə arasındakı siyasi münasibətlərə gəldikdə isə Macarıstan Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il dekabrın 26-da tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci ilin aprel ayının 27-də qurulmuşdur. Azərbaycanın Macarıstandakı səfirliyi 2004-cü ilin sentyabr ayında açılıb. 2009-cu il yanvarın 12-də isə Macarıstanın Azərbaycanda səfirliyi yaradılıb.
Xatırladaq ki, Macarıstanın Baş naziri Viktor Orban 2023-cü ilin noyabr, 2024-cü ilin iyul və noyabr aylarında Azərbaycanda işgüzar səfərlərdə olub. Prezident İlham Əliyevin bu il mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə növbəti işgüzar səfəri qarşılıqlı münasibətləri yeni mərhələyə yüksəldib. Ötən dövr ərzində birbaşa və beynəlxalq forumlar çərçivəsində iki dövlət başçısının görüşləri bir daha sübut etdi ki, möhkəm etimada və etibara əsaslanan siyasi münasibətlər digər sahələrdə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına möhkəm özül yaradır.
2024-cü ilin yayında Bakıda Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclası keçirildi. Baş nazir Viktor Orbanın Türk Dövlətləri Təşkilatı (TDT) dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak üçün ötən il Şuşaya səfəri həmin dövrdə Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik etməsi, eləcə də Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları səviyyəsində Şuşaya ilk səfəri baxımından mühüm əhəmiyyət kəsb edir.
Hər iki ölkə TDT çərçivəsində də sıx əməkdaşlıq qurub. Cari il mayın 21-də Budapeştdə TDT-nin qeyri-rəsmi Zirvə toplantısına Macarıstan yüksək səviyyədə evsahibliyi edib. Bu il oktyabrın 7-də Qəbələ şəhərində keçirilmiş TDT-nin 12-ci Zirvə görüşündə ciddi müzakirələr aparılıb və bir sıra mühüm qərarlar qəbul olunub.
Azərbaycan-Macarıstan əlaqələri həmçinin çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Avropa İttifaqı, "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində uğurla inkişaf etdirilir.
Hazırda iki dövlət arasında "Genişləndirilmiş Strateji Tərəfdaşlığa dair Birgə Bəyannamə" fəaliyyət göstərir. Bu sənəd enerji təhlükəsizliyi və enerjinin şaxələndirilməsi sahəsində ortaq maraqlar güdür və "Cənub qaz dəhlizi" layihəsinin əhəmiyyətini ön plana çəkir. Hər iki ölkə, xüsusilə enerji, kənd təsərrüfatı, nəqliyyat və xidmət sahələrində qarşılıqlı faydalı əməkdaşlığı getdikcə gücləndirirlər.
İki ölkə parlamentləri arasında əlaqələr məzmunlu və məhsuldar xarakter daşıyır. Hökumət və dövlət orqanları arasında da əlaqələr normal məcrada inkişaf edir. Tez-tez dövlət qurumlarının nümayəndə heyətlərinin qarşılıqlı işgüzar səfərləri də əməkdaşlığa təkan verir. Bu ilin sentyabrında Macarıstan Respublikasının mədəniyyət və innovasiyalar naziri Balazs Hanko Bakıda işgüzar səfərdə oldu. O, azərbaycanlı həmkarı ilə apardığı müzakirələr zamanı kitabxana, mədəni irsin qorunması və təbliği, o cümlədən kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi apardı.
Hər iki tərəf bir-birinə iqtisadi sahədə, xüsusilə enerji təhlükəsizliyi sahəsində etibarlı və strateji tərəfdaş kimi baxır. Hazırda Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Macarıstan şirkətləri Azərbaycanın əsas iki neft və qaz layihəsində pay sahibidirlər. Bunlar "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqlarıdır. Qeyd edək ki, "Şahdəniz" yatağı Macarıstanın ən etibarlı investisiya obyektidir. Həmçinin MOL şirkətlər qrupu "Azəri-Çıraq-Günəşli" yatağında 9,57 faiz, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində isə 8,9 faiz paya sahibdir.
Macar investorları Azərbaycanda uğurla fəaliyyət göstərirlər. Onlar təkcə mədənçıxarmada deyil, eyni zamanda istehsalat, logistika sahələrində, eləcə də, Azərbaycan hökumətinin dəstəyi ilə həyata keçirilən bərpa layihələrində iştirak edirlər. Ötən il Macarıstandan Azərbaycan iqtisadiyyatına yatırılmış birbaşa xarici investisiyalar 1,018 milyard dollar təşkil edib. Macarıstan şirkətləri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlıdır. "KESZ" şirkətlər qrupu Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasını həyata keçirir.
İki ölkə arasında nəqliyyat əlaqələri sahəsində "Wizz Air" aviaşirkəti tərəfindən Bakı-Budapeşt aviareyslərinin həyata keçirilməsini qeyd etmək olar. İki ölkə arasında birbaşa hava əlaqəsinin açılması ilə birgə layihələrin fəallaşması və təmasların genişlənməsi müşahidə olunur. Bu, turizm sahəsində əlaqələrin inkişafına da müsbət təsir göstərir.
Azərbaycanın qaz ehtiyatları kifayət qədər genişdir. Yaxın zamanlarda yeni qaz yataqları da istismara veriləcək. Azərbaycan bu gün 14 ölkəyə təbii qaz ixrac edir. Onlardan 8-i Avropa İttifaqının üzvü olmaqla, 10-u isə Avropa ölkəsidir. 2024-cü il ərzində iki ölkə arasındakı ticarət dövriyyəsində 29 faiz artım olub.
Mədəniyyət sahəsində əlaqələr də durmadan inkişaf edir. "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Macarıstan Mədəniyyət və İnnovasiyalar Nazirliyi arasında 2025-2029-cu illər üzrə mədəniyyət sahəsində əməkdaşlıq proqramı" imzalanıb.
Humanitar sahədə "Stipendium Hungaricum" təqaüd proqramı vasitəsilə azərbaycanlı gənclərin Macarıstanda təhsil alması, həmçinin Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzinin fəaliyyəti təqdirəlayiqdir. 2024-cü ildə Macarıstanın aparıcı ali məktəblərindən biri olan Eötvöş Lorand Universitetində (ELTE) Azərbaycan dili və mədəniyyəti mərkəzi açılıb. Belə ki, Macarıstan hökumətinin maliyyə dəstəyi ilə "Stipendium Hungaricum" təqaüd proqramı çərçivəsində hər il azərbaycanlı tələbələrə 200 təqaüd ayrılır. Hazırda Macarıstanda 700-ə qədər azərbaycanlı tələbə 10-dan çox ali məktəbdə tələbələr təhsil almaqdadır.
Qəti əminliklə deyə bilərik ki, hər iki tərəfdaş ölkə həm Cənubi Qafqazda, həm də Mərkəzi və Şərqi Avropada yaranmış hərbi-siyasi problemlərin sülh yolu ilə həllində, dinc vasitələrlə tənzimlənməsində israrlıdırlar. Onlar birlikdə regional müharibələrin və qlobal münaqişələrin əleyhinə çıxır, bu halları qətiyyətlə pisləyirlər. Bu yaxınlarda Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya-Ukrayna müharibəsinin dərhal dayandırılması çağırışı ilə dünya birliyinə səslənməsi nəinki Avropada, bütövlükdə dünyada sülh işi üçün yaranmış təhlükədən irəli gələn ciddi narahatlığın təzahürüdür. Həmişə bir-birinin ərazi bütövlüyünə və suverenliyinə hərmətlə yanaşan Macarıstan və Azərbaycan bu cəhətdən digər ölkələrə də münasibətdə eyni mövqeyi sərgiləyirlər.
Atamoğlan MƏMMƏDLİ,
BDU-nun dosenti