BAKI, 23 oktyabr. TELEQRAF
Britaniyada polis üçün sürətli reaksiya sistemi çərçivəsində pilotsuz uçuş aparatları (PUA) sınaqdan keçirilir.
Teleqraf xarici KİV-lərə istinadən xəbər verir ki, Londonda polis pilot layihə çərçivəsində PUA-ları istifadəyə verib.
Dronlar hadisə yerinə birinci çataraq polislərə fövqəladə hallarda kömək edəcək.
Məlumata görə, PUA-lar zəng edildikdən sonra iki dəqiqə ərzində hadisə yerinə çatır. Havadan yüksək keyfiyyətli video ötürərək hüquq-mühafizə orqanlarına real vaxtda məlumat təqdim edirlər.
Dronlar xüsusi konteynerlərdə polis binalarının damında yerləşdirilir və xüsusi təlim keçmiş operatorlar tərəfindən idarə olunur.
PUA-lar insan axtarışı, şübhəlilərin izlənməsi, sübutların qeydə alınması və digər vəzifələrdə istifadə olunacaq. Onlar ənənəvi polis helikopterlərindən daha sakit, ucuz və ekoloji təmizdir, lakin eyni imkanları təmin edirlər.
Sınaq hal-hazırda Londonun bir rayonunda aparılır, ilin sonuna qədər isə layihənin iki əlavə rayon üzrə genişləndirilməsi planlaşdırılır.