AZ

Dünyanın tanınmış yəhudi ziyalıları BMT-yə müraciət etdi: İsrailə qarşı sanksiyalar tətbiq olunmalıdır...

450-dən çox nüfuzlu yəhudi İsrail hökumətinin beynəlxalq hüququ pozduğunu bəyan edib...

Poliqon xəbər verir ki, “The Guardian” qəzetinin məlumatına görə, dünyanın müxtəlif ölkələrindən 450-dən artıq tanınmış yəhudi ziyalısı və ictimai xadim Birləşmiş Millətlər Təşkilatına müraciət edərək İsrailə qarşı sanksiyaların tətbiq olunmasını tələb edib. Müraciət müəllifləri bəyan ediblər ki, İsrailin Qəzza zolağında həyata keçirdiyi “qəbuledilməz və qeyri-insani hərbi əməliyyatlar” beynəlxalq hüququn fundamental prinsiplərini pozur.

Məktubda qeyd olunur ki, müasir beynəlxalq hüquq sisteminin, o cümlədən insan hüquqları üzrə əsas konvensiyaların və xartiyaların çoxu Holokost faciəsinin dərsləri əsasında yaradılıb:

“Biz unutmuruq ki, insan həyatını qorumaq üçün qəbul edilən qanun və konvensiyalar Holokostun dəhşətlərindən sonra formalaşdı. Lakin bu təminatlar indi İsrail tərəfindən ardıcıl şəkildə pozulur. İsrail rəhbərliyinin beynəlxalq hüququn ağır şəkildə pozulmasına görə məsuliyyət daşıması vacibdir”, deyə müraciətdə qeyd edilir.

Müraciət müəllifləri bildiriblər ki, İsrailin Qəzzadakı hərəkətləri nəticəsində minlərlə mülki şəxs həlak olub, humanitar böhran dərinləşib və beynəlxalq ictimaiyyətin səssiz qalması bu vəziyyəti daha da faciəvi edir. Onların sözlərinə görə, BMT-nin və beynəlxalq ictimaiyyətin konkret tədbirlər görməsi, o cümlədən sanksiyalar tətbiq etməsi labüddür.

Sənədi imzalayanlar arasında tanınmış akademiklər, yazıçılar, hüquqşünaslar və insan haqları müdafiəçiləri var. Onlar bildiriblər ki, bu təşəbbüs İsrail dövlətinə qarşı deyil, “insanlıq və ədalət prinsiplərinin müdafiəsi naminə” atılmış bir addımdır.

Poliqon.info

Seçilən
29
poliqon.info

1Mənbələr