
Günəşin parlaq işığında gizlənmiş və Yerə təhlükəli dərəcədə yaxın olan yeni bir asteroid aşkar edilib. Karnegi Elm İnstitutundan astronom Skott S. Şeppard 27 sentyabrda Blanco teleskopu ilə müşahidə etdiyi bu göy cisminin adını 2025 SC79 olaraq açıqlayıb.
Bu asteroid orbitinin tamamilə Yer orbitinin içərisində yerləşdiyi Atira qrupunun 39-cu üzvü sayılır. Üstəlik indiyədək cəmi ikinci dəfədir ki, Venera orbitinin də tam daxilində fırlanan bir asteroidin mövcudluğu təsdiqlənib.
Yalnız 128 günə Günəş ətrafında bir dövrə vurur və bəzən Merkuri orbitini də kəsir. Bu, indiyə qədər məlum olan ən qısa orbital dövrlərdən biridir.
Təxminən 700 metr diametrə malik 2025 SC79 Yerə çatsa qitə miqyasında dağıntılara səbəb ola biləcək qədər böyükdür. Mütəxəssislərin fikrincə, belə bir toqquşma milyardlarla insanın və heyvanın həyatına son qoya bilər.
Şeppard bildirir ki, ən təhlükəli asteroidlər adətən aşkar edilməsi ən çətin olanlardır. Bu cür göy cisimlərini yalnız Günəşin doğuşu və batışı zamanı – yəni alaqaranlıqda müşahidə etmək mümkündür.
Hazırda Günəşin arxasında gizlənən 2025 SC79 bir neçə ay sonra yenidən görünəcək. Alimlər o zaman aparacaqları müşahidələrlə həm onun tərkibini, həm də Günəşə bu qədər yaxın məsafədə necə mövcud qala bildiyini anlamağa çalışacaqlar.
Tədqiqatçılara görə, bu cür kəşflər Günəş sisteminin keçmişini anlamaq və Yeri potensial toqquşmalardan qorumaq baxımından həyati əhəmiyyət daşıyır.