Bakı-Sumqayıt istiqaməti üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bəzi avtobus sürücüləri icazələri olduğu halda avtobus zolağına girə bilmirlər.
Daxil olan kimi isə 100 manat 2 bal cərimə tətbiq edilir. Bu səbəbdən də sürücülər məcbur qalıb yolun digər avtomobillər üçün nəzərdə tutulan hissəsi ilə hərəkət edirlər.
Xezerxeber.az-ın məlumatına görə,
sürücülər deyirlər ki, oktyabrın 1-dən onların idarə etdikləri nəqliyyat vasitələrinə zolağa daxil olmaq məhdudiyyəti qoyulub. Lakin aidiyyəti qurumlar tərəfindən onlara icazə sənədləri və buraxılış kartları da verilib.
Elə sərnişinlər də avtobusların zolağa daxil olmamasına görə narazıdırlar. Çünki bu halda işə gecikirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, qeyd edilən nəqliyyat vasitələri sifarişli sərnişindaşıma həyata keçirirlər. "Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsinin 4-cü hissəsinə əsasən, müvafiq nişanlarla işarə edilmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollarda digər nəqliyyat vasitələrinin hərəkəti və dayanması qadağandır. Ümumi istifadədə olan nəqliyyat vasitələri dedikdə sərnişin daşınması üçün nəzərdə tutulmuş, əvvəlcədən müəyyən olunmuş marşrut üzrə təyin edilmiş dayanacaqlarla hərəkət edən nəqliyyat vasitəsi nəzərdə tutulur. Digər nəqliyyat vasitələrinin ora daxil olmasına icazə verilmir. Beləliklə, təşkil edilən xüsusi hərəkət zolaqları ilə yalnız müntəzəm marşrut avtobusları və operativ nəqliyyat vasitələri istifadə edə bilər.
Baş Dövlət Yol Polisi İdarəsindən də qeyd edildi ki, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolağı olan yollara digər nəqliyyat vasitələrinin daxil olması yolverilməzdir. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-1-ci maddəsinə əsasən 2 bal və 100 manat məbləğində inzibati cərimə tətbiq olunur. Digər nəqliyyat vasitələri o halda avtobus zolağına daxil ola bilərlər ki, 1.5 (qırıq-qırıq xətt) nişanlama xətti mövcuddur. O formada daxil olub ən yaxın yol ayrıcından manevr etməlidirlər. Yəni digər nəqiliyyat vasitələrinin mütəmadi olaraq o zolağa daxil olub hərəkət edə bilməzlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.