AZ

Əliyevlə Tokayev Qafqaz və Orta Asiyanı vahid coğrafi məkana çevirirlər...


Bəhruz Quliyev: “Birgə təşəbbüslər Türk coğrafiyasını daha dayanıqlı və müstəqil güc mərkəzinə...”

Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib ki, ölkələrimiz arasında fəal qarşılıqlı fəaliyyət çox ciddi geosiyasi əhəmiyyətə malikdir:

“Bu gün yeni nəqliyyat yolları açıldıqca, geniş Avrasiya regionu ilə bağlı layihələr həyata keçirildikcə Cənubi Qafqaz və Mərkəzi Asiya daha çox bir-birinə bağlanır və bir çox hallarda vahid coğrafi məkan çərçivəsində çıxış edir. Təbii ki, bütün bunlar daimi diqqət və qarşılıqlı fəaliyyəti konkret nəticələrlə zənginləşdirmək üçün dövlət başçılarının iştirakını tələb edir”.

“Regionu beynəlxalq ticarət və logistikanın mərkəzinə çevirir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Qazaxıstanla hərtərəfli əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Prezident İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə səsləndirdiyi bəyanat təkcə iki dost və qardaş ölkə arasında əlaqələrin inkişafına deyil, həm də bütövlükdə Türk dünyasının gələcək geosiyasi arxitekturasına verilən strateji mesaj kimi dəyərləndirilməlidir. Xatırladaq ki, Azərbaycan-Qazaxıstan münasibətləri artıq çoxdan sadəcə ikitərəfli əməkdaşlıq səviyyəsini aşaraq, Avrasiya məkanında inteqrasiyanın əsas hərəkətverici qüvvəsinə çevrilib. Prezident İlham Əliyevin vurğuladığı kimi, Cənubi Qafqaz ilə Mərkəzi Asiyanın vahid geoiqtisadi məkan kimi formalaşması təkcə regional deyil, həm də qlobal miqyasda yeni reallıqlar yaradır. Yeni nəqliyyat dəhlizləri, xüsusən Orta Dəhliz Azərbaycan və Qazaxıstanın strateji tərəfdaşlığını daha da möhkəmləndirərək, regionu beynəlxalq ticarət və logistikanın mərkəzinə çevirir. Bu əməkdaşlığın mühüm bir istiqaməti də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində həyata keçirilən çoxşaxəli layihələrdir. Türk dünyasının siyasi, iqtisadi və humanitar inteqrasiyasını dərinləşdirən bu platforma Prezident İlham Əliyev və Kasım-Jomart Tokayev kimi liderlərin uzaqgörən siyasəti nəticəsində yeni mərhələyə qədəm qoyur. Xüsusilə enerji, nəqliyyat, rəqəmsal iqtisadiyyat və müdafiə sənayesi sahələrində birgə təşəbbüslər Türk coğrafiyasını daha dayanıqlı və müstəqil güc mərkəzinə çevirir. Hesab edirəm ki, Bakı ilə Astana arasında artan siyasi etimad və strateji yaxınlıq, təkcə iki ölkənin deyil, bütövlükdə Türk dünyasının gələcək inkişaf xəritəsini müəyyən edən əsas amillərdəndir. İlham Əliyevin bəyanatı bir daha təsdiqləyir ki, regional əməkdaşlıq artıq söz deyil, konkret nəticələrlə ölçülən reallıqdır”.

Vidadi ORDAHALLI

Seçilən
113
baki-xeber.com

1Mənbələr