AZ

Zəngəzur dəhlizi 2028-ə qaldı - Bakı və Astana İrəvana təzyiqi artıracaqmı?


Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə birgə mətbuat konfransında səsləndirdiyi bəyanat regionun geoiqtisadi və nəqliyyat mənzərəsində yeni mərhələnin başlanğıcını ifadə edir.

Prezidentin sözlərinə görə, Zəngəzur dəhlizi üzrə Azərbaycan ərazisində bütün avtomobil və dəmir yolu əlaqələri 2026-cı ilin ortalarına qədər tam şəkildə başa çatdırılacaq və dəhlizin 2028-ci ilin sonuna qədər tam istifadəyə verilməsi mümkündür.

Bu bəyanat Azərbaycanın nəqliyyat-tranzit siyasətinin regional və qlobal səviyyədə strateji vektorlarını nümayiş etdirir. Paralel olaraq, Prezidentin xüsusi vurğuladığı TRIPP (Trans-Regional Infrastructure and Prosperity Partnership) layihəsi isə Orta Dəhliz konsepsiyasının yeni mərhələsinə keçidi simvolizə edir.

Zəngəzur dəhlizi layihəsi uzunmüddətli geosiyasi və iqtisadi nəticələr doğuracaq regional infrastruktur təşəbbüsüdür. Dəhliz Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirir, bununla da Qafqazdan Aralıq dənizinə çıxışı təmin edir. Eyni zamanda, Zəngəzur dəhlizi Mərkəzi Asiya–Qafqaz–Avropa xəttini birləşdirən Orta Dəhlizin əsas şaxəsi kimi çıxış edir. Bu dəhliz Avrasiya miqyasında Çindən Avropaya quru yükdaşımalarının ən qısa və təhlükəsiz marşrutu rolunu oynayır.

Hazırda Orta Dəhliz marşrutu əsasən Çin–Qazaxıstan–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa istiqamətində fəaliyyət göstərir. Zəngəzur dəhlizinin açılması bu xətti daha da diversifikasiya edərək, həm tranzit risqlərini azaldacaq, həm də logistik rəqabət qabiliyyətini artıracaq.

Prezident Əliyevin vurğuladığı kimi, yolun Azərbaycanın öz ərazisindəki hissəsi üzrə işlərin 2026-cı ilə qədər tamamlanması ölkənin logistika və nəqliyyat infrastrukturuna prioritet dövlət investisiyalarının davam etdiyini göstərir.

Prezident İlham Əliyevin bəyanatında qeyd olunan TRIPP (Trans-Regional Infrastructure and Prosperity Partnership) layihəsi bu ilin avqustunda Vaşinqtonda keçirilmiş beynəlxalq sammitin əsas nəticələrindən biridir.

Layihənin əhəmiyyəti ondan ibarətdir ki, o həm də Orta Dəhlizin Qərb tərəfindən strateji və institusional səviyyədə dəstəklənməsi kimi qiymətləndirilir. ABŞ Prezidenti Donald Trampın layihəyə öz adını verməsi həm simvolik, həm də siyasi jest kimi dəyərləndirilir.

TRIPP Azərbaycan, Qazaxıstan, Türkiyə, Gürcüstan və Orta Asiya ölkələri arasında yeni logistika inteqrasiyasını təşviq edir. Bu layihə, eyni zamanda, enerji, nəqliyyat, kommunikasiya və rəqəmsal infrastrukturun vahid standartlara əsasən inkişafını nəzərdə tutur. 15 milyon tonluq illik yük dövriyyəsi potensialı ilə Zəngəzur dəhlizinin səmərəliliyini artıracaq və işə düşəndən 5-8 il sonra bu dövriyyənin 2 dəfə artacağı gözləniləndir.

Bu təşəbbüs, faktiki olaraq, ABŞ və Qərb müttəfiqlərinin Orta Dəhliz vasitəsilə Rusiya və İran marşrutlarına alternativ iqtisadi əlaqə xətti qurmaq niyyətini də əks etdirir.

Zəngəzur və TRIPP layihələrinin eyni vaxtda reallaşması bir neçə istiqamətdə fundamental nəticələr doğura bilər.

Logistika gəlirləri artacaq, tranzitdən illik yüz milyonlarla dollar gəlir əldə edilə bilər.

Ələt Beynəlxalq Dəniz Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Bərdə–Ağdam və Horadiz–Ordubad–Naxçıvan xətləri yeni dəhlizə inteqrasiya olunacaq.

Yerli istehsal və ixracın (xüsusilə kənd təsərrüfatı və sənaye məhsulları) daşınma xərcləri azalacaq.

Azərbaycan və Qazaxıstan Orta Dəhlizin iki əsas dayaq nöqtəsinə çevriləcək.

Türkiyə və Mərkəzi Asiya ölkələri ilə əlaqələr daha çevik və sabit olacaq. Ermənistan dəhlizdən faydalanmaq istəsə, blokadadan çıxmaq və iqtisadi inteqrasiyaya qoşulmaq imkanına malik olacaq.

TRIPP vasitəsilə Orta Dəhliz Çin–Avropa ticarətinin Qərb tərəfindən dəstəklənən arteriyasına çevrilə bilər.

Rusiya və İran marşrutlarına alternativlər yaranacaq, bu isə Avropa İttifaqının enerji və ticarət təhlükəsizliyi baxımından strateji üstünlük təmin edir. Azərbaycanın Cənubi Qafqazın logistik mərkəzi statusu daha da möhkəmlənəcək.

Zəngəzur dəhlizi təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından böyük önəm daşıyır. Dəhliz reallaşarsa, Azərbaycan və Türkiyə arasında birbaşa quru bağlantısı yaranacaq,

Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiya daha praktik müstəviyə keçəcək, regionda daimi sülh və qarşılıqlı asılılıq mühiti formalaşacaq.

Bu baxımdan, layihə həm regional sabitlik, həm də beynəlxalq nəqliyyat təhlükəsizliyi üçün mühüm mexanizmə çevrilə bilər. Yəni Prezident İlham Əliyevin Qazaxıstanla birgə bəyanatı Azərbaycanın yeni iqtisadi və strateji mərhələyə qədəm qoyduğunu göstərir. Zəngəzur dəhlizi və TRIPP layihəsi Azərbaycanın geoiqtisadi mərkəz rolunu möhkəmləndirəcək, Orta Dəhlizin Qərb və Türk dünyasına inteqrasiyasını birləşdirən əsas halqasına çevriləcək, regionda sabitlik, əməkdaşlıq və inkişafın mühüm təməlini formalaşdıracaq.

Beləliklə, Azərbaycan yalnız enerji ixrac edən ölkə deyil, həm də qlobal nəqliyyat arteriyalarının kəsişdiyi strateji qovşaq kimi XXI əsrin Avrasiya iqtisadi sistemində aparıcı yerini möhkəmləndirir.

Akif NƏSİRLİ

Seçilən
67
baki-xeber.com

1Mənbələr