Şaquli nəzarətdən ideologiyalı imperiyaya doğru…
Müəllif: Coşua Yaffa - “The New Yorker” jurnalının daimi müəllifi və Berlin Bard Kollecinin ilk rezident-yazıçısı , “İki od arasında: Putinin Rusiyasında həqiqət, ambisiya və kompromis” kitabının müəllifi.
Yazı Foreign Affairs nəşri üçün qələmə alınıb
Vladimir Putinin hakimiyyətinin lap əvvəlində, iyirmi beş ildən çox əvvəl Rusiyanın siyasi gələcəyi qeyri-müəyyən, bəzən hətta ziddiyyətli görünürdü. Dövlət bir sıra azadlıqları təşviq edir, digərlərini isə boğurdu, demokratiyaya doğru hərəkət etdiyini göstərirdi, ancaq siyasi həyatı ciddi şəkildə nəzarətdə saxlayırdı. Azad bazarın qapıları açıldı, lakin bu bazar oliqarxların, yaxın çevrənin və korrupsioner məmurların ovuna çevrildi. Cəsarətli jurnalistikaya müəyyən qədər dözülürdü, amma bununla məşğul olan jurnalistlər təzyiq və hədələrlə üz-üzə qalırdılar.
Əsas məqam ondan ibarət idi ki, neftin qiymətlərinin artması, həyat səviyyəsinin yüksəlməsi və Qərblə əlaqələrin möhkəmlənməsi fonunda Rusiya vətəndaşlarına nisbətən layiqli, hətta gələcək vəd edən bir həyat təklif edirdi. Əsas şərt isə o idi ki, insanlar siyasətdən kənarda qalsın, bu sahəni dövlətə həvalə etsinlər.
Dövlətin çatışmayan tərəfi və bu, təsadüfi deyildi, dəqiq ideoloji yönəmin olmaması idi. Bu, siyasi reallığı əks etdirirdi: 1990-cı illərdə sovet süqutunu yaşayan ruslar köklü şəkildə bayağılaşmışdılafr. Onları hansısa “yeni” inama inandırmaq çətin, bəzən də mənasız görünürdü və ruslar XXI əsrə vahid təsəvvürlər sistemi olmadan girdilər. Kimisi kommunizmi fəzilət sayırdı, kimisi axmaqlığı, bəziləri SSRİ-nin dağılmasını azadlıq və imkan, digərləri isə fəlakət hesab edirdi. Ona görə də, “yeganə doğru” inancı zorla aşılamaq əvəzinə, amerikan siyasi metaforasındakı kimi “çadırı geniş saxlamaq” daha məqsədəuyğun görünürdü.
Bundan başqa, bu prinsip qanunda da təsbit edilmişdi. Postsovet Rusiya Konstitusiyasının 13-cü maddəsi ideoloji müxtəlifliyi rəsmən elan edir və hər hansı dövlət ideologiyasını qadağan edirdi. Hətta Putin də bunu açıq şəkildə etiraf edirdi. Rusiyalı jurnalistlər Andrey Soldatov və İrina Boroqanın Our Dear Friends in Moscow (“Moskvadakı əziz dostlarımız”) kitabında yazdıqlarına görə, həmkarları 2000-ci ildə Putinin prezidentliyinin ilk aylarında ondan “Rusiyaya yeni ideologiya gərəklidirmi?” soruşduqda, o, qəti etiraz etmişdi: “Onu xüsusi olaraq icad etmək olmaz”, deyə Putin sualı cavablandırmışdı və əlavə etmişdi ki, əvvəlcə “dövləti, iqtisadiyyatı və demokratik institutları, o cümlədən azad mətbuatı” möhkəmləndirmək lazımdır.
Bu sözlər bu gün uzaq bir fantaziya kimi səslənir. Kreml artıq özünü demokratik prinsiplərə sadiq kimi göstərmir. Görünən odur ki, Putin müddətsiz idarəetməni seçib və müstəqil namizədlərə hətta ən aşağı səviyyəli seçkilərdə belə start verilmir. Azad mətbuat, eləcə də əsas azadlıqlar faktiki yoxa çıxıb. Hətta indi “yanlış” paylaşımı bəyənmək və ya “arzuolunmaz” elan edilmiş fonda ianə köçürmək uzunmüddətli həbsə səbəb ola bilər.
İqtisadiyyat böyük ölçüdə Qərbdən təcrid olunub; Avropaya səfərlər riskli, bahalı və çətindir. Ən əsası, dövlət yenidən ideologiya tapıb və onu mövcudluğunun bəraəti, birləşdirici hekayəsi kimi təqdim edir. İndi Rusiya imperialist və militarist, konservativ və anti-Qərb, qədim inciklik və “haqlılıq” hissi ilə yoğrulmuş ideologiyaya sahibdir.
Bu transformasiyanın trayektoriyasını iki yeni kitab izləyir və ideologiyanın dirçəlişinin dövlət və cəmiyyət üçün necə mərkəzi məsələyə çevrildiyini göstərir. “Our Dear Friends in Moscow” kitabında Soldatov və Boroqan öz nəsillərinə üz tuturlar: Putinin hakimiyyəti illərində tədricən sistemə uyğunlaşan, millətçi və qeyri-liberal ideyalara meyl edən və nəhayət, Ukraynaya qarşı müharibənin tərəfdarına çevrilən gənc rusların bir qrupunun hekayəsini danışırlar. Bu insanların dəyərlərindəki dəyişikliyə fokuslanaraq, müəlliflər “Rusiyanı Qərbdən ayırmaq” strategiyasının təkcə yuxarıdan deyil, rusların bir qismi tərəfindən aşağıdan da təmin edildiyini göstərirlər.
İkinci kitabda, ”Ideology and Meaning-Making Under the Putin Regime” (“Putin rejimində ideologiya və məna-yaratma”) adlı kirabda fransız tarixçi və politoloq Marlen Laruel dövlətlə cəmiyyət arasındakı daim dəyişən qarşılıqlı təsirin Putinin hakimiyyətinin özəyində durduğunu göstərir. Onun fikrincə, Putinin yeni milli-imperiya ideologiyası qurmaq cəhdi təkcə yuxarıdan aşılanan dəyərlərə deyil, cəmiyyətdə əvvəlcədən mövcud olan ideyalara da söykənir. Hər iki kitab inandırır ki, Rusiyanın Ukraynaya qarşı hazırkı müharibəsinə və Qərblə daha geniş qarşıdurmasına rəvac verən ideyalar təsadüfi deyil — illərlə qurulmuş qarşılıqlı təsirin məhsuludur.
İntellektualların “xəyanəti”
“Our Dear Friends in Moscow” kitabının əvvəlində Soldatov və Boroqan özlərinin “İzvestiya” qəzetinə dəvət almalarını təsvir edirlər. Sovet dövründə dövlət tribunasına çevrilmiş bu qəzet SSRİ dağılandan sonra müstəqil nəşrə dönmüşdü. 1990-cı illərdə “İzvestiya” cəsarətli qəzet reputasiyası qazanmışdı və müəlliflər tezliklə ətraflarında iddialı həmkarlar, dostlar, rəqiblər və söhbət yoldaşları gördülər. Bu çevrənin mərkəzində müxbir Pyotr Akopov və onun həyat yoldaşı Marina da vardı. Onların Qoqolevski bulvarındakı mənzili uzun axşamların içkili, fikri-söhbətli yığıncaqların məkanı idi.
Müəlliflərin yazdığına görə, “böyük divanlı, parlaq çilçıraqlı masa və tağşəkilli pəncərəli” o qonaq otağı illərlə Rusiyanın Putinin dövründə dəyişməsinə paralel olaraq siyasət, tarix və jurnalistika haqqında mübahisələrin arenasına çevrilmişdi.
Putinin hakimiyyətinin ilk illərində belə, bu moskvalı çevrənin loyallığı dəyişməyə başlamışdı. Xüsusi xidmətlər mövzusunu araşdıran Soldatov və Boroqan 2002-ci ildə Dubrovka teatrında və 2004-cü ildə Beslanda baş vermiş girov böhranlarında FSB-nin amansız əməliyyatları, yüzlərlə qurban və rəsmi məlumatların gizlədilməsi ilə sarsılmışdılar. “İzvestiya”dan bir həmkarlarının FSB-nin “tövsiyələri” ilə yazılar dərc etməyə başlamasını, başqa bir dostlarının isə anti-Qərb konspirasiya filmləri çəkməsini dəhşətlə izləyirdilər. “Həmin il iki dostumuz o biri tərəfə keçdi”, deyə onlar xatırlayırlar.
Tezliklə “İzvestiya”da nisbətən azad dövr bitdi və Soldatovla Boroqanın yolu daha “itaətkar” həmkarlarından ayrıldı. Kənardan baxanda yeni qaydaya müqavimət mənasız, hətta gülünc görünürdü: imkanlar, pul, karyera qapıları açılırdı. Onların yazdıqları qəzetlərdən biri “etirazı yeni reallıqda yer tapa bilməyən uğursuzların əyləncəsi” kimi istehza edirdi. Nəşrdən nəşrə keçə-keçə onlar xüsusi xidmətlər üzrə araşdırmalara həsr olunmuş Agentura.ru saytını yaratdılar. “Otuzumuzu yenicə keçmişdik, özümüzü nəslimizlə ayaqlaşmırmışıq kimi hiss edirdik”, deyə onlar xatırlayırlar.
Bununla belə, bir müddət ölkənin gələcəyi yenə də qeyri-müəyyən qalırdı. 2008-ci ildə Putin Konstitusiyanın tələb etdiyi kimi namizəd olmadı, “liberal” varis Dmitri Medvedyevə yer verdi. Amma getmədi, baş nazir kreslosuna keçdi və 2011-ci ildə prezidentliyə qayıdacağını açıqladı. Parlament seçkilərində saxtalaşdırmalar postsovet dövrünün ən böyük etirazlarını doğurdu. Lakin Putin yenidən hakimiyyətə qayıtdı, yeni repressiyalar başladı və etiraza çıxanların çoxu adi həyatlarına döndü. Məhz o zaman Kreml divarları arasından ideologiya yenidən baş qaldırdı: Putin özünü “həqiqi rus” dəyərlərinin müdafiəçisi, narazıları isə düşmən və “degeneratlar” kimi təqdim etməyə başladı.
Siyasi mühit dəyişdikcə, Soldatovla Boroqanın dostlarının baxışları da dəyişirdi. 2011 etirazlarından sonra Pyotr Akopov ən görünən etiraz lideri Aleksey Navalnının öldürülməsini açıq çağırırdı (Navalnı 2024-cü ildə Rusiyada həbsdə vəfat etdi). O, köşə sütunlarında “Rusiyanın Avropa sivilizasiyasından imtinasını” və “liberal eksperimentin sonunu” alqışlayırdı.
2014-cü ildə Rusiya Krımı ilhaq edib Ukraynanın şərqində müharibə başlatdıqda “İzvestiya”da siyasi redaktor olmuş və bir vaxtlar Soldatovla Boroqanı işə götürmüş Yevgeni Krutikov, müəlliflərin sözlərinə görə, “tam imperialistə” çevrilərək “dövlət ideologiyasının xarici siyasətə qaytarılmasını” təşviq edirdi.
Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı işğala başlayanda Soldatov və Boroqan artıq təhlükə barədə xəbərdarlıq edən mənbələrin məsləhəti ilə Londonda idilər. Onların keçmiş dostları üçün isə müharibə fürsət oldu. İşğaldan bir neçə həftə sonra Akopov dövlət agentliyi RİA üçün “ukrayna məsələsinin həll edildiyini” iddia edən coşqun bir yazı yazdı. Bir başqa həmkar, vaxtilə liberal jurnalist işğal olunmuş Ukraynada rus hərbçilərinin qarşısında gitarayla çıxış etməyə başladı. Tanış olduqları bir həkim müharibənin qızğın tərəfdarına döndü.
Xüsusilə səciyyəvidir ki, məşhur teatr ailəsindən olan və 2000-lərin əvvəlində gənc TV aparıcısı kimi tanıdıqları Olqa Lyubimova 2020-ci ildə Putinin hökumətində mədəniyyət naziri oldu və müharibə dövründə öz qurumunu təbliğat alətinə çevirdi. Lyubimova “arzuolunmaz” əsərləri yasaqladı, dövlət pullarını cəbhə ilə bağlı “vətənpərvər” layihələrə yönəltdi.
Nəsillərinə baxaraq, Soldatov və Boroqan acı ilə qeyd edirlər ki, “ağıllı, məlumatlı və düşünən” saysız-hesabsız dostları müharibə maşınının tərkib hissəsinə çevrildi. Onlar təkcə işğalı dəstəkləmir, onu müşayiət edən anti-liberal və anti-Qərb ideologiyasını da bölüşürlər. “Onlar Kreml təbliğatı tərəfindən aldadıldıqlarını iddia edə bilməzlər, çünki özləri də onun tərkib hissəsi idilər və bunu könüllü edirdilər”, deyə müəlliflər yazırlar.
Kitabın sonunda müəlliflər qeyd edirlər ki, dostları milyonlarla rus kimi “ancaq qəbul etmək, etiraz etməmək mümkün olan tufanların” passiv şahidləri kimi yaşayırlar. Çarizm və kommunizm dövrlərində olduğu kimi, insanlar tufanın səbəbləri barədə düşünməyə ehtiyac görmürlər. Seçim qalır: “sistemin kənarında qalmaq — uğursuz və qaçılmaz repressiyaların qurbanı olmaq” və ya “içəri girib öz rolunu oynamaq”. Onların “iddialı” olan dostlarının hamısı ikinci yolu seçdi.
Yuxarıdan və aşağıdan...
Marlen Laruelə görə, Soldatovla Boroqanın danışdığı hekayə Putinin dövrünü müəyyənləşdirən daha geniş prosesləri əks etdirir. “Rejimin cəmiyyətlə münasibəti təkcə avtoritar deyil, bu, səssiz-səmirsiz daim yenilənən ictimai müqaviləyə əsaslanan ‘birgə-yaratma’dır”, deyə o, yazır.
Dəyişməyən yalnız bir şey qaldı: Rusiyaya “böyük dövlət” statusunu qaytarmaq missiyasına Putinin inamı... Laruel bunu onun “geopolitik qrammatikasının dayanıqlı elementi” adlandırır. Yalnız vasitələr dəyişdi, yəni dövlət öz hərəkətlərini izah və bəraət etdirmək üçün hansı ideyaları seçdi.
Zamanla Putin Rusiyası yeni ideologiya üçün bir-biri ilə ziddiyyət təşkil edən doktrinalardan elementlər götürdü: pravoslavlıq, çarizm, sovet imperializmi, populizm və XX əsrin əvvəlində yaranmış Avrasiyaçılıq (Rusiyanın nə Avropa, nə də Asiya, ayrıca sivilizasiya olması ideyası). 2022 işğalından sonra bunlara “Z-blogerlər”in və hərbi müxbirlərin militarizmi də əlavə olundu. Laruelin sözlərinə görə, Putin sistemi prinsiplərlə deyil, məqsədəuyğunluq və opportunizmlə hərəkət edir: əvvəl öz dünyagörüşü və üstünlükləri formalaşır, sonra onlara uyğun ideoloji əsaslar seçilir.
Bəzən ideyalar aşağıdan yuxarıya qalxır. Məsələn, avtokratiyanı haqq qazandıran filosof İvan İlyinin əsərləri Putinin ilk illərində tez-tez sitat gətirilirdi. Laruel yazır ki, İlyinin irsinin yayılması “aşağıya”, kütləyə deyil, “yuxarıya”, Putinin ətrafındakı elitaya yönəlmişdi. Putin “təsir sahibkarları”nın, məsələn, monarxist oliqarx Konstantin Malofeyevin və filosof Aleksandr Duqinin rejimin ruhuna uyğun ideyalar təklif etməsinə imkan verirdi. Bu anlamda Duqin “Putinin beyni” deyil, “Rusiyanın avrasiya missiyası”nı vaxtaşırı Kreml üçün əlverişli edən bir opportunistdir.
2012-ci ildə Putinin Kremlə qayıdışından sonra dövlətin ideoloji bazası daha sistemli şəkil aldı. Qərb tipli modernləşmə “anti-Qərbçilik, dövlətin böyüklüyü və rus-sovet liderlərinin yanılmazlığı”nı iddia edən revanşist doktrina ilə əvəzləndi. Zaman keçdikcə “rəngli inqilablar” və NATO genişlənməsi ilə bağlı geopolitik incikliklər yeni dövlət konsepsiyasına birləşdi. Kreml liberal düzəni “ABŞ imperializminin örtüyü” kimi görməyə başladı. Bu inanclar Putini Laruelin “destabilizasiya və xaosun memarı” adlandırdığı fiqura çevirdi.
İllər ötdükcə Kremlin dünyagörüşü daha sərt və “messianik” oldu. Rəsmi ritorikada indi elə bil Qərb öz dəyərlərinə xəyanət edib, Rusiya isə “son dürüst və mənəvi cəhətdən saf qüvvədir”. Laruel bu təsəvvürü pravoslavlıqdakı “şəri saxlayan” varlıqdan götürməklə “katexon Rusiyası” adlandırır. Bu məntiqdə hərbi aqressiya, istər Krımın ilhaqı, istərsə də Suriyada Əsədin tərəfində iştirak, “müqəddəs borc”a çevrilir. Rusiya “pravoslavlığı mənəvi qalxan, nüvə silahını maddi qalxan” kimi birləşdirdi və bu kombinasiyanın kulminasiyası Ukraynaya qarşı genişmiqyaslı müharibə oldu.
Laruelin fikrincə, müharibə putinçi dövlət ideologiyasının sementinə çevrildi. O təkcə rus imperializmini “yenidən aktivləşdirmədi”, həm də pərakəndə ideyaları vahid missiyada topladı: (1) hərbi uğur (və ya heç olmasa məğlubiyyətin olmaması), (2) məğlubiyyətdən qorxan vətəndaşların “təhlükəsizliyi” və (3) Putinin hakimiyyətinin təhlükəsizliyi. Yeni imperial konsepsiyanın quruluşu belədir: “xaricə güc proyeksiyası, milli-dövlətçi ritorika, rejimin militarizasiyası və Putinin gələcəkdə şübhə altına alınmayacaq tarixi böyüklüyünü bərkitmək istəyi”.
Bu arada Rusiya heç olmasa qismən müharibəni xüsusən Qlobal Cənubda “azadlaşdırıcı” kimi təqdim etməyə nail oldu. Braziliya, Hindistan, Cənubi Afrika kimi ölkələr aqressiyanı pisləsələr də, onu “Qərb dominantlığının yan məhsulu” kimi də görə bilirlər. Kreml bu qavrayışdan ustalıqla istifadə edir və eyni zamanda inanır ki, əgər Rusiya Qərblə inteqrasiya yolu ilə “böyük dövlət” statusu qazana bilmirsə, “qeyri-Qərb dünyasına daxil olub dünya düzənini dəyişmək” cəlbedici strategiyadır.
Bununla belə, Laruel qeyd edir ki, sərtləşmiş ideologiya rejimi hərşeyə qadir etmir. O, Putin idarəçiliyini “yığcamlaşdırılmış şəxsi avtoritarizm” kimi, totalitarizmdən fərqli bir forma olaraq təsvir edir. Kreml “vətəndaşların şüurunu kökündən dəyişə biləcəyinə” inanmır; yalnız rəqib ideologiyaları sıradan çıxarır, loyal davranışı təşviq edir. Nəticədə Laruelin “fraqmentar faşizm” adlandırdığı çağırışlar yaranır: total müharibə və ölkənin militarizasiyası. Amma insanların çoxu “müharibəyə cəlb olunmaq” istəmir, onu gündəlik həyatından uzaq saxlamağa üstünlük verir.
Hələlik bu, rejimin xeyrinə işləyir: ona ehtiyac olan itaətdir, coşqu yox. Lakin müharibə uzandıqca Kreml təkcə xidmət etməyə yox, həm də ölməyə hazır olan daha çox insana möhtac olacaq. Hər ay on minlərlə kişi böyük ödənişlər naminə ölümünə müqavilə imzalayır. Onların çoxu kasıb bölgələrdəndir.
“Hər şey o asılı olacaq ki, hakimiyyət “xüsusən böyük şəhərlərin orta və yuxarı təbəqələrini” müharibənin təsirindən nə qədər qoruya biləcək”, deyə Laruel fikrini yekunlaşdırır.
Öz illüziyalarının girovları
Haradasa, nə vaxtsa bu müharibə bitəcək. Amma Laruel Rusiyanın “ikinci perestroyka”ya və liberal düşüncənin dirçəlişinə qayıdacağına skeptik yanaşır. Cəmiyyətdə, o cümlədən elitada Qərbin “nümunə” kimi romantik ideyası itib və yəqin ki, qayıtmayacaq.
Müharibə tərəfdarları Qərb düzəninə açıq nifrət edir, hətta əleyhdarlarında da məyusluq və acılıq var: onların gözündə Qərb gücsüz və ikiüzlüdür. Əvvəlcə müharibənin qarşısını ala bilmədi, sonra isə Kremlə tətbiq edilən sanksiyalar sıravi vətəndaşlara da zərbə vurdu. Səciyyəvidir: 2024-cü ildə Avropa ölkələri Rusiyadan enerji idxalına Ukraynaya yardımdan daha çox vəsait xərclədi.
Bir çox ruslar Putini və ya onun müharibəsini sevməsələr də, onun arqumenti onlara inandırıcı gəlir: guya Qərb təbiətən anti-rusdur və düşməncəsinə davranır. Soldatov və Boroqan paradoksu belə qeyd edirlər: vaxtilə Avropa və ABŞ-a meyl edən dostları indi “Qərb dəyərlərinə nifrət etdiklərini” deyirlər. Ola bilsin ki, Rusiya liberal dünyaya “öz şərtləri ilə” qəbul edilməyəcəyini anlayanda, Qərbə bu yaxınlıq onların “bu qədər emosional və qəzəbli” olmasına səbəb oldu.
“Onlar Putinə ölkəni təcrid etməkdə kömək etdilər. Axı ideologiya sonda iki istiqamətdə işləyir, həm yuxarıdan aşağıya, həm də aşağıdan yuxarıya”, deyə Laruel fikrini yekunlaşdırır.
Poliqon.info