“Komo”nun baş məşqçisi Sesk Fabreqas “göl adamları”nın argentinalı hücumameyilli yarımmüdafiəçisi Nikolas Pas haqda qənaətini açıqlayıb.
Arena.az ispan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Niko – çempiondur. Onun gələcəyindən arxayınam. O, bu ruhda davam edərsə, istədiyi hər şeyə müvəffəq ola bilər. Niko istedada və yaxşı fiziki hazırlığa malikdir”, deyə Sesk Fabreqas vurğulayıb.
Nikolas Pas Madrid “Real”ının məzunudur. “Komo” Pası 2024-cü ilin avqust ayında “Real”ın ikinci komandası “Kastilya”dan 6 milyon avro məbləğ müabilində tamhüquqlu əsasda heyətinə qatıb. Pasın “Komo” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Əlavə edək ki, “Real”ın Pası geri satınalma hüququ var.
Niko cari mövsümdə “Komo”nun heyətində 8 oyuna çıxıb, 4 qol vurub, 4 məhsuldar ötürmə verib. O, İtaliya klubunda bütövlükdə 43 matç keçirib, 10 qol və 13 assistlə fərqlənib.
Nikolas Pas 2024-cü ilin oktyabr ayında debüt etdiyi Argentina yığmasının heyətində 6 oyun keçirib, 1 məhsuldar ötürmə verib.
Pasın qənimətlər muzeyində “Real”la 2023/2024-cü illər mövsümündə qazandığı İspaniya La Liqası, İspaniya Super Kuboku və UEFA Çempionlar Liqası var.
“Transfermarkt” internet-portalı 21 yaşlı argentinalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

