2026-cı ilin büdcəsində ƏDV gəlirləri artır - hökumət dolayısı ilə bahalaşmanı qəbul edir
Maliyyə Nazirliyi tərəfindən Milli Məclisə təqdim olunan 2026-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsində Əlavə Dəyər Vergisindən (ƏDV) daxilolmaların həcmi 9 milyard 216 milyon 300 min manat məbləğində proqnozlaşdırılıb. Bu, 2025-ci ilin büdcəsində nəzərdə tutulan 8 milyard 326 milyon 200 min manatdan 890 milyon manat və ya təxminən 10,7 faiz çoxdur.
Əlavə Dəyər Vergisi (ƏDV) – istehlakçı tərəfindən ödənilən, lakin məhsul və xidmətlərin istehsalının hər mərhələsində yaranan əlavə dəyər üzərindən dövlətə yığılan dolayı vergi növüdür.
ƏDV artımının səbəbləri
Baki-xeber.com-a məsələ ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, 2026-cı ilin büdcəsində ƏDV gəlirlərinin artımı bir neçə əsas amillə bağlıdır.
İnflyasiya amili
“Birincisi, hər il olduğu kimi, gələn il də təxminən 5-10 faiz arası inflyasiya gözlənilir. Qiymətlər artdıqca malların və xidmətlərin satış dəyəri yüksəlir, bu da ƏDV-nin nominal həcmində artıma səbəb olur,” – deyə iqtisadçı vurğulayıb.
Başqa sözlə, bahalaşma nəticəsində dövlət büdcəsinə daha çox ƏDV daxil olacaq.
İqtisadi artım gözləntisi
Kərimlinin sözlərinə görə, hökumət gələn il 4 faiz ətrafında real iqtisadi artım proqnozlaşdırır. İqtisadi fəallığın və istehlak bazarının genişlənməsi ƏDV mənbələrinin çoxalmasına səbəb olacaq:
“İqtisadi canlanma dövriyyəni artıracaq, bu da ƏDV yığımına müsbət təsir göstərəcək”.
3. Şəffaflaşma və rəqəmsallaşma tədbirləri
Hökumət gələn il də şəffaflıq və rəqəmsal iqtisadiyyat istiqamətində addımlarını davam etdirməyi planlaşdırır. Nağdsız hesablaşmaların həcminin artması, kölgə iqtisadiyyatının daralması və rəsmi əməliyyatların çoxalması ƏDV bazasını genişləndirəcək.
Bu, əvvəl qeyri-rəsmi dövriyyədə olan əməliyyatların artıq rəsmi uçota daxil olması deməkdir.
Bahalaşma proqnozu – dolayı siqnal
ƏDV-nin artımı vergi dərəcəsinin qaldırılması ilə bağlı deyil. Hazırda ƏDV dərəcəsi 18 faiz olaraq qalır. Lakin büdcə gəlirlərinin artımı birbaşa inflyasiya və iqtisadi artım gözləntiləri ilə əlaqəlidir.
Bu da göstərir ki, hökumət dolayısı ilə 2026-cı ildə təxminən 5-10 faiz arası bahalaşma olacağını qəbul edir və büdcə proqnozlarını bu reallığa uyğunlaşdırır. Yəni 2026-cı ilin dövlət büdcəsində ƏDV üzrə gəlirlərin artması vergi dərəcəsinin dəyişməsi ilə deyil, iqtisadi fəallığın artması, qiymətlərin yüksəlməsi və şəffaflaşma tədbirlərinin güclənməsi ilə bağlı olacaq.
Bu, dövlət üçün əlavə gəlir imkanı yaratsa da, eyni zamanda, istehlak bazarında qiymət təzyiqinin davam edəcəyi ehtimalını da artırır. Belə çıxır ku, hökumət bir tərəfdən büdcə sabitliyini təmin etməyə çalışır, digər tərəfdən isə inflyasiyanın iqtisadi proseslərə təsirini dolayısı ilə etiraf edir.
Akif NƏSİRLİ