AZ

Finlandiyanın keçmiş prezidenti Putinlə söhbətinin təfərrüatlarını açıqladı

Finlandiyanın keçmiş prezidenti Sauli Niinistö özünün “Təhlükəsizliyə gedən bütün yollar” (Kaikki tiet turvaan) kitabında rusiyalı həmkarı Vladimir Putinlə ölkəsinin 2022-ci ilin mayında NATO-ya üzv olmaq qərarı ilə bağlı söhbətinin təfərrüatlarından bəhs edib.

NOCOMMENT.az xəbər verir ki, kitabdan fraqmentləri Yle təqdim edib.

Finlandiyanın təhlükəsizlik siyasətini və 2012-ci ildən 2024-cü ilədək iki prezidentlik müddətini ümumiləşdirən siyasətçi yazır: “Biz həmişə açıq danışırdıq və məncə, bu barədə də açıq danışmalıydıq. Ona görə də Finlandiyanın indi NATO-ya daxil olacağını söylədim”.

Putin buna cavab olaraq fin liderinin səhv etdiyini deyib.

“O, cəld suverenlik mövzusuna qayıtdı: “Ümid edirəm ki, amerikalılar hərbi komandanlığı öz üzərinə götürdüyünə görə, heç olmasa, ondan heç olmasa nəyisə qoruyacaqsan”. Mən cavab verdim ki, bundan sonra da öz generallarımı özüm təyin edəcəyəm”. “Aha”, – Putin istehza ilə cavab verdi”, – Niinistö xatırladıb.

Niinistö öz kitabında Rusiya prezidentinin hədiyyələrindən də bəhs edib. Onun sözlərinə görə, həmin hədiyyələr onu və komandasını fikirlərə qərq edib. Çünki onların arasında 1899-cu ildə çap olunmuş “Pro Finlandia” kitabı da olub. Həmin kitabda Finlandiya muxtariyyətinin müdafiəsi üçün 12 ölkədən Çar II Nikolaya müraciətlər yer alıb.

Siyasətçinin sözlərinə görə, ABŞ prezidenti Co Bayden Ukraynadakı müharibədən təxminən bir ay əvvəl Niinistöyə “ölkəsinin NATO üzvlüyünə eyham vurmaqla Putinə təsir edə bilərmi?” sualını verib. “Bayden, sanki, Putinə təzyiq etməli olduğuma eyham vururdu”, – o, əlavə edib.

Niinistö həmçinin 2017-ci ilin avqustunda, respublikaçının birinci dönəmində ABŞ prezidenti Donald Trampla görüşündən danışıb. Siyasətçinin sözlərinə görə, Tramp onun ölkəsinin tarixinə maraq göstərib, o cümlədən Finlandiyanın niyə NATO-ya üzv olmadığını və Finlandiyanın mürəkkəb keçmişinə baxmayaraq nə üçün Rusiya ilə yaxşı münasibətlərə malik olduğunu soruşub.

Xatirə SADİQ

Seçilən
58
nocomment.az

1Mənbələr