BAKI, 22 oktyabr. TELEQRAF
“Düşünürəm, bərabərlik “Qarabağ” üçün yaxşı nəticə sayıla bilər. Azarkeşlər, ümumiyyətlə, futbolçular əvvəlki iki oyuna görə qələbə fikirləşir. Hər şey ola bilər”.
Bu sözləri Teleqraf-a açıqlamasında "Qarabağ"ın və “İnter”in (indiki “Şamaxı”) sabiq futbolçusu Rauf Əliyev deyib.
2015/2016 mövsümündə “İnter”in heyətində “Atletik”ə qarşı oynamış veteran futbolçu “Qarabağ”ı İspaniyada hansı çətinliklərin gözlədiyini deyib: “İnter”lə “San Mames” stadionunda oynamışıq. Futbolçular üçün çox yaxşı ab-hava var. Məncə, ilk dəqiqələrdən azarkeşlər və komanda olaraq “Qarabağ”a təzyiq etməyə çalışacaqlar. Ağdam klubunun təcrübəsi çoxdur, belə oyunlara öyrəşib. Ovaxtkı “İnter”lə indiki “Qarabağ”ı bir tutmaq olmaz. Heyət və futbolçuların ustalığı baxımından “Qarabağ” üstündür. O vaxt bizdə də keyfiyyətli futbolçular vardı, amma indiki “Qarabağ” daha güclüdür. Düşünürəm ki, “Qarabağ” “San Mames”də qol vura bilər”.
Rauf Əliyev hazırda Qurban Qurbanovun rəhbərliyi altında komandanın hücumda problem yaşamayacağını qeyd edib:
“Taktiki düzülüş dedikdə, hamı bilir ki, onların bir oyun fəlsəfəsi var. Yəni həmişə eyni sistemdə oynayırlar. İnanmıram ki, bu gün ciddi dəyişiklik olsun. Hansısa komandaya görə sistemi dəyişmirlər. Məncə, eyni qaydada da öz futbolunu oynamağa çalışacaqlar. Hər iki komandada Çempionlar Liqası olduğu üçün var gücü ilə çıxış edəcək. Ümid edir və inanırıq ki, sonda qalib “Qarabağ” olacaq”
Qeyd edək ki, “Atletik” – “Qarabağ” matçı Bilbaodakı “San Mames” stadionunda Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
 
                        