Gürcüstan və Belarusda həbsdə olan jurnalistlər Mziya Amaqlobeli və Andjey Poçobut Avropa İttifaqının (Aİ) insan haqları üzrə ali mükafatı olan Andrey Saxarov adına Fikir Azadlığı Mükafatına layiq görülüblər.
NOCOMMENT.az xəbər verir ki, qaliblərin adlarını bu gün Avropa Parlamentinin sədri Roberta Metsola elan edib.
“Biz cəsarətləri susmaqdan imtina edən hər kəs üçün mayak rolunu oynayan iki jurnalistə hörmətlə yanaşırıq. Hər ikisi hakimiyyətə həqiqəti söyləmək, azadlıq və demokratiya uğrunda mübarizənin rəmzinə çevrilmək üçün yüksək bədəl ödəyiblər. Avropa Parlamenti onları və azadlıq tələbini davam etdirən hər kəsin yanındadır”, – Metsola bildirib.
Ambaqlobeli və Poçobut Avropa Parlamentində ən böyük fraksiya olan Avropa Xalq Partiyası (EPP) tərəfindən Saxarov mükafatına namizəd göstərilib. Digər namizədlər arasında 2024-cü il etirazlarına rəhbərlik edən serb tələbələr və Qəzzadakı müharibəni işıqlandıran fələstinli jurnalistlər də olub.
Qaliblərin mükafatlandırma mərasimi dekabrın 16-da baş tutacaq.
Anjey Poçobut belarus-polyak jurnalist və fəaldır. O, Belarus prezidenti Aleksandr Lukaşenko rejimini tənqid etməsi ilə tanınır. 2021-ci ildən bəri Poçobut həbsxanadadır. O, səkkiz illik cəzaya məhkum olunub.
Mziya Amaqlobeli müstəqil “Batumelebi” və “Netgazeti” nəşrlərinin təsisçisi və direktorudur. O, 2025-ci ilin yanvarında etiraz aksiyası zamanı mübahisə zamanı Batumi polis rəisi İrakli Dqebuadzeyə şillə vurduğuna görə həbs edilib. Avqust ayında məhkəmə onu iki il müddətinə azadlıqdan məhrum edib.
Sovet fiziki və dissidenti Andrey Saxarovun adını daşıyan Fikir Azadlığı Mükafatı 1988-ci ildə təsis edilib. O, hər il insan hüquqlarının, ifadə azadlığının və demokratik dəyərlərin müdafiəsinə mühüm töhfələr vermiş şəxslərə, təşkilatlara və ya hərəkatlara verilir.
Xatirə SADİQ