Suriyada hökumət və fransalı “yardımçılar” arasında toqquşma baş verib
Ajans.az “Al Arabiya”ya istinadən xəbər verir. Məlumata görə, toqquşmalar ötən gecə başlayıb və hazırda da davam edir. Suriya təhlükəsizlik qüvvələri fransalı “döyüşçülərin” gizləndiyi düşərgəni mühasirəyə alıb. Əməliyyatın məqsədi Suriyada axtarışda olan və Fransa tərəfindən təhvil verilməsi tələb olunan şəxslərin ələ keçirilməsi ilə bağlıdır. Fransız vətəndaşı olan və ekstremist fəaliyyətlərinə görə tanınan Cibril əl-Muhacirin oğlu AFP-yə bildirib ki, atışmalar gecə yarısından sonra başlayıb: “Fransa hökuməti bu qrupdan olan iki vətəndaşının Suriya hakimiyyətinə təhvil verilməsini tələb edir,” – deyə o əlavə edib. Mənbələrin bildirdiyinə görə, düşərgə Türkiyə sərhədinə yaxın ərazidə yerləşir. Yerli sakinlər çərşənbə axşamından etibarən əraziyə əlavə hökumət qüvvələrinin gətirildiyini və gecə saatlarında bir neçə partlayış səsinin eşidildiyini bildiriblər. Qeyd edək ki, düşərgədə “Firkatul Ghuraba” adlı xarici radikal qruplaşmanın üzvləri yerləşib. Qruplaşmaya keçmiş fransız-seneqallı cinayətkar, daha sonra özünü “vaiz” kimi təqdim edən və Ömər Omsen adı ilə tanınan Ömər Diabi rəhbərlik edir. O, 2016-cı ilin sentyabrında ABŞ tərəfindən “beynəlxalq terrorçu” elan edilib və Fransada barəsində həbs qərarı mövcuddur. Fransız təhlükəsizlik mənbələri daha əvvəl bildiriblər ki, sözügedən qruplaşmanın tərkibində təxminən 50 nəfər silahlı şəxs var. Hazırda əməliyyatın gedişatı və mümkün itkilərlə bağlı əlavə məlumat verilməyib. Hadisə ilə bağlı istintaq və müşahidə prosesi davam edir.