Raisa Marqoşvili Gürcüstanda, Pankisi vadisində yaşayan sufi müsəlman qadınların icra etdiyi zikr qrupunun lideridir.
Onlar tez-tez icma üzvləri ilə bir yerə yığışıb dini ayin keçirərək dua oxuyurlar.
"Bu ayin beşinci günləri keçirilir. Cümə günləri biz bura gəlib Allaha yalvarırıq ki, bütün dünyada sülh olsun. Kimin vəziyyəti yaxşı deyilsə, Allah ona yaxşılıq versin", - Raisa Marqoşvili deyir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Video açılmırsa, Youtube kanalımızda baxın.
O deyir ki, hazırda yaşadığı kəndə gəlin gəlib.
"Mən birinci dəfə burada olanda 32 yaşım vardı. Özüm Omalo kəndindənəm. Bura ərə veriblər. Onda bura gələndə bu məsciddə o qədər adam var idiki, biz bir, iki, üç dairə edirdik və bura yerləşmirdik. 33 ildir buradayam. Burada bir qoca qadın var idi. O burada ölüyuyan idi. Gəlib dedi ki, əllərinizi qaldırın. "Bundan sonra davamçı bu qadın olacaq" deyərək məni göstərdi", - Raisa Marqoşvili xatırlayır.
Onun əsas narahatlığı bu ənənənin yox çıxmasıdır. Onun sözlərinə görə, çalışır ki, bu adət davam etsin, lakin hələ xələfini tapa bilməyib.
Aznaş ansamblı 1995-ci ildə Pankisi vadisinin mədəni tanınmasında böyük rol oynamış Makvala Marqoşvili tərəfindən yaradılıb. Ansambl bir neçə dəfə xarici ölkələrdə festivallarda iştirak edib.
"Biz Avropaya, Avstraliyaya festivala qatılanda 4 nəfər idik. Bizim onda hazırlığımız yox idi. Festival bizim nəğmələrimiz ilə açıldı", - Raisa Marqoşvili deyir.
Hazırda onların ayinləri o qədər tanınır ki, onları izləmək üçün xarici ölkələrdən turistlər gəlirlər.
"Biz 4 nəfərik, nəğmələrimiz, rituallarımızla maraqlanırlar. Gəlib çəkirlər, kişilər də gəlir. yəni bəzən mən özüm də narahat oluram. Bir-iki nəfər olar, amma 15-20 nəfər gəlir, onda narahatlıq olur. Çox maraqlanırlar, çox xoşlarına gəlir", - o deyir.