Avropa ölkələri Ukrayna ilə birlikdə Kiyev və Moskva üçün 12 bəndlik sülh planı hazırlayır.
NOCOMMENT.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, plana Rusiya aktivlərinə tətbiq olunmuş sanksiyaların mərhələli şəkildə ləğv olunması, işğal olunmuş Ukrayna əraziləri ilə bağlı danışıqlar və Ukraynanın yenidən qurulmasında Rusiyanın iştirakı daxildir. Sanksiyalar Moskvanın Ukraynanın yenidən qurulmasında iştirak etməsi şərtilə aradan qaldırıla bilər. Rusiya yenidən işğala qalxarsa, sanksiyalar avtomatik olaraq bərpa olunacaq.
Hərbi əməliyyatlar dayandırıldıqdan sonra hər iki tərəf təmas xəttində dayanmalıdır. Bundan sonra Moskva Rusiya ərazisinə aparılan Ukrayna vətəndaşlığı olan uşaqları Kiyevə qaytarılmalı, tərəflər əsirləri dəyişdirməlidir. Ukrayna və Rusiya rus ordusu tərəfindən işğal olunmuş ərazilərin idarə olunması barədə danışıqlara başlamalıdır, amma bu, həmin ərazilərin işğalının tanınması demək olmayacaq.
“Bloomberg”ə görə, sənəd hələ tam hazırlanmayıb, planın təfərrüatları və bəndləri gələcəkdə dəyişə bilər. Plan qəbul edildikdən sonra təkliflər Tramp administrasiyasına təqdim olunacaq. Sənədin hansı ölkələr tərəfindən hazırlandığına aydınlıq gətirilməyib.
ABŞ prezidenti ötən həftənin cümə günü Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşərkən bəyan etmişdi ki, Rusiya və Ukrayna cəbhə xəttində hərbi əməliyyatları dayandırmalıdır. Kiyev buna hazır olduğunu bəyan edib, Moskva isə açıq şəkildə atəşkəsi rədd edir.
Xatirə SADIQ
 
                        