Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyev və digər bölgələrinə təşkil etdiyi hava hücumları nəticəsində 6 nəfər həyatını itirib, 17 nəfər isə yaralanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram"da məlumat verib.
Kliçko şəhərin müxtəlif nöqtələrinə edilən hücumlar nəticəsində 6 nəfərin öldüyünü, 4-ü uşaq olmaqla 13 nəfərin yaralandığını açıqlayıb.
Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski də “Telegram” hesabında paylaşım edərək, Rusiya ordusunun Kiyev və digər şəhərlərdəki mülki və enerji infrastrukturunun hədəf aldığını qeyd edib:
“İlkin məlumatlara görə, hücum zamanı 17 nəfər yaralanıb. Onlardan 4-ü uşaqdır, altı nəfər isə həyatını itirib”.
Zelenski ABŞ və Avropaya Rusiyaya qarşı sanksiyaları artırmaq çağırışı edərək, Avropa İttifaqının güclü sanksiya paketini qəbul etməsinin tam zamanıdır deyə vurğulayıb.
Ukrayna elektrik ötürmə sistemi operatoru “Ukrenergo”-nun yazılı açıqlamasında Rusiyanın hava hücumlarında ölkənin enerji infrastrukturunun hədəf alındığı bildirilib.
Açıqlamada hücumların raket və pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirildiyi, nəticədə ölkənin bir çox bölgəsində təcili elektrik kəsintilərinin tətbiq edildiyi qeyd olunub.