AZ

Dərmansız baş ağrısından necə qurtulmaq olar

Nevroloq Emad Estemalik dərman vasitələri olmadan baş ağrısını azaltmağın bir neçə təsirli yolunu açıqlayıb. AzPost xəbər verir ki, o, bu barədə Infobae.com portalına müsahibəsində danışıb.

Mütəxəssisin sözlərinə görə, miqren zamanı soyuq kompres, adi baş ağrısı zamanı isə ilıq kompres ağrını azalda bilər. Estemalik əlavə edib ki, az miqdarda qəhvə içmək də bəzi hallarda simptomları yüngülləşdirə bilər, lakin qəhvənin həddindən artıq qəbulu əksinə, ağrını gücləndirir.

Həkim qeyd edib ki, fiziki hərəkət baş ağrısına qarşı ən təsirli üsullardan biridir. Xüsusilə yoqa, üzgüçülük, gəzinti və boyun–çiyin əzələlərini dartma məşqləri sinir gərginliyini azaldaraq rahatlıq yaradır.

Estemalik həmçinin qidalanmaya diqqət etməyin vacibliyini vurğulayıb: yağlı, ağır və sənaye üsulu ilə işlənmiş qidalardan uzaq durmaq, onların əvəzinə maye tərkibli və yüngül yeməklərə üstünlük vermək tövsiyə olunur.

Nevroloq bədənin su balansını qorumağın da önəmli olduğunu xatırladıb, çünki susuzluq çox vaxt baş ağrısının səbəblərindən biridir. Mütəxəssis sonda rahatlama texnikaları, gözlərə istirahət vermək və zərurət olduqda maqnezium, B2 vitamini və koenzim Q10 kimi əlavələr qəbul etməyi məsləhət görüb – lakin yalnız həkimlə məsləhətləşdikdən sonra.

AzPost.az

Seçilən
62
1
azpost.info

2Mənbələr