AZ

Əli Əsədov: Azərbaycan sərmayələri hesabına Bakı–Tbilisi–Qars dəmir yolu üzrə daşımalar 5 milyon tonadək artırılıb

Tbilisi, 22 oktyabr, AZƏRTAC

Şərqlə Qərbi birləşdirən, strateji nəqliyyat marşrutu – Böyük İpək Yolu üzərində yerləşən Azərbaycan və Gürcüstan əsrlər boyu Avropa ilə Asiya arasında körpü rolunu oynayaraq ticari-iqtisadi əlaqələrin inkişafına, mədəni və humanitar mübadilənin möhkəmlənməsinə mühüm töhfələr verib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Baş naziri Əli Əsədov V Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı deyib.

Baş nazir bildirib ki, Azərbaycan və Gürcüstan həmin tarixi missiyanı yeni məzmunda davam etdirərək regional əməkdaşlığın gücləndirilməsində aparıcı rol oynayır, Avrasiya məkanında yeni nəqliyyat və logistika marşrutlarının formalaşmasında əsas iştirakçılar qismində çıxış edir.

“Azərbaycan və Gürcüstanı birləşdirən dostluq, strateji tərəfdaşlıq münasibətləri uzun illərdir ki, regionda sabitliyin, inkişafın mühüm dayaqlarından biridir. Bu gün ölkələrimiz yalnız siyasi baxımdan deyil, həm də iqtisadi, enerji və nəqliyyat sahələrində etibarlı tərəfdaşlardır. Nəqliyyat-tranzit sahəsi ənənəvi olaraq gündəliyimizdə xüsusi yer tutur. Məhz bu istiqamət qarşılıqlı ticarətin və investisiyaların artırılması, eləcə də yeni iqtisadi imkanların yaradılması baxımından böyük potensiala malikdir. Strateji coğrafi mövqeyi nəqliyyat infrastrukturuna yatırılan böyük sərmayələr Azərbaycanın Avrasiyada mühüm nəqliyyat-logistika mərkəzi kimi mövqeyini möhkəmləndirib. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə ölkəmiz tərəfindən davamlı iş aparılır. Ötən il Bakı–Tbilisi–Qars dəmir yolunun daşıma qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Eyni zamanda, ölkənin əsas dəmir yolları və avtomobil yolları şəbəkəsinin kəsişməsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyondan 25 milyon tonadək artırılması məqsədilə ikinci genişləndirilmə mərhələsinə start verilib. Azərbaycan Xəzərin ən böyük ticarət donanmasına, həmçinin regionun ən böyük yükdaşıma aviaşirkətinə malikdir”, - deyə Əli Əsədov əlavə edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
92
2
azertag.az

3Mənbələr