AZ

Çin maşınları ən çox bu detallara görə yarı yolda qalırlar - ƏN ZƏİF NÖQTƏSİ

Hazırda Bakı və Abşeron ərazisi, demək olar ki, Çin avtomobil istehsalçılarının sınaq mərkəzini xatırladır. Digər ölkələrdə də Çin istehsalı avtomobillər bazarda liderliyə yüksəlsə də, Bakı və yaxın qəsəbələrdə bu maşınların sayı xüsusilə çoxdur - elə bil hər üç avtomobildən ikisi Çin istehsalıdır. Çin avtomobillərinin Avropa modelləri ilə müqayisədə keyfiyyət baxımından geri qaldığı məlum olsa da, insanlar yenə də rahatlıqla bu markalara üstünlük verirlər. Onların müasir görünüşü, texnologiya ilə zənginləşdirilmiş funksiyaları və münasib qiymətləri alıcıların marağını cəlb edir və bu da bu avtomobillərin bazarda mövqeyini möhkəmləndirməsinə səbəb olub. Bununla belə, bu nəqliyyat vasitələrinin zəif cəhətləri barədə məlumatlı olmaq avtomobil həvəskarları üçün vacibdir.

Day.Az xəbər verir ki, avtomobil sahəsi üzrə ekspert Seymur Nağıyev bu məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında bəzi çatışmazlıqlara diqqət çəkib. Onun sözlərinə görə, Çin avtomobillərinin əsas zəiflikləri mühərrik sistemində, sürətlər qutusunda və istifadə olunan materialların keyfiyyətində özünü göstərir.

"Xüsusilə diqqət yetirmək lazımdır ki, bu avtomobillərin bir çoxu CVT və ya robotlaşdırılmış sürətlər qutusu ilə təchiz olunub. Bu səbəbdən ötürmələrdə gecikmələr və ya ilişmələr yaşana bilər. Amma ən çox rast gəlinən nasazlıq yanacaq sistemində ortaya çıxır. Aşağı keyfiyyətli yanacaq istifadə olunduqda bu problemlər daha tez üzə çıxır. Məsələn, yanacaq injektoru, porşen və klapan kimi detallara tez-tez tələbat yaranır və onlar sifariş edilir", - deyə ekspert vurğulayıb.

Əlavə məlumat üçün qeyd edək ki, Rusiyada Geely markalı avtomobillərin mühərriklərində klapan və porşenlərin yanması səbəbindən Geely Monjaro, Geely Cityray və Geely Boyue Pro modellərinin 2025-ci il buraxılış seriyalarının əksəriyyəti geri çağırılıb. BYD markasına aid bəzi modellərdə də bənzər nasazlıqlar müşahidə edilib, lakin həmin hallar üzrə hələ də diaqnostik analizlər aparılır.

Seçilən
74
day.az

1Mənbələr