Luvr kuratoru ötən bazar günü nəşhur muzeydən qədim zinət əşyalarının oğurluğunun vurduğu iqtisadi zərəri 88 milyon avro məbləğində qiymətləndirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Paris prokuroru Lora Bekkua RTL telekanalının efirində bildirib.
Onun sözlərinə görə, bu, ilkin məbləğdir. “Bu məbləğ həqiqətən təsiredicidir. Lakin xatırlatmaq lazımdır ki, bu, iqtisadi ziyandır. Bu, oğurluğun vurduğu tarixi zərərlə müqayisəyə gələ bilməz”, – Bekkua əlavə edib.
Prokuror həmçinin ümid etdiyini bildirib ki, cinayəti törədənlər onu satmaq üçün zinət əşyalarını “sökmək” və “əritmək” qərarına gəlməyəcəklər.
Xatırladaq ki, muzey oğurluğu oktyabrın 19-da səhər saatlarında 6-7 dəqiqə ərzində baş verib. Qarət zamanı Napoleon və imperatriçə Yevgeniyaya məxsus doqquz zinət əşyası oğurlanıb. Onlardan ikisi – sındırılmış tac və adının açıqlanmadığı başqa əşya artıq küçədən tapılıb.
Fransa prezidenti Emmanuel Makron əmin edib ki, günahkarlar tutularaq məsuliyyətə cəlb olunacaqlar. Oğruların axtarışı hələ davam edir.
Hadisədən sonra məlum olub ki, Fransa Hesablama Palatasının hələ dərc olunmamış hesabatında Luvrdakı təhlükəsizliklə bağlı problemlərdən bəhs olunur.
Xatirə SADIQ