Bu gün Bakıda Malayziyanın müstəqilliyinin 68-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Hafta.az-ın yazdığına görə, dövlər və hökumət rəsmilərinin, diplomatik korpusun və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən qəbulda öncə Malayziya və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Malayziyanın ölkəmizdəki səfiri Ahmad Kamrizamil Mohd Riza bildirib ki, Malayziyanın bu ilki şüarı “Malaysiya madani: Rakvat disantuni” – yəni “Ssivil Malayziya: Xalqa qayğı və dəstək” mövzusuna əsaslanır.
“Bu mövzu birlik, şəfqət və ədalətin təcəssümü olub, eyni zamanda hökumətin inkişaf və inklüzivliyi qəbul etməklə xalqın rifahının inkişaf etdirilməsinə sadiqliyini əks etdirir” deyən diplomat qeyd edib ki, Malayziya Azərbaycanı COP29-u uğurla keçirdiyinə görə təqdir edir. “Biz konfransdan sonra qlobal iqlim çağırışlarına qarşı davamlı həll yollarının tətbiqi üçün göstərilən səyləri yüksək qiymətləndirir və noyabrda COP30-un yeni sədrliyinə ötürülməzdən əvvəl bu məsələlərin davam etdirilməsini alqışlayırıq. Malayziya həmçinin gələn ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) və 2026-cı ilin iyin ayında İslam Əməkdaşlıq Təşkilatının sammitində yüksək səviyyədə iştirak etməyi səbrsizliklə gözləyirik”, - səfir deyib

Ölkələrimiz arasında çox yüksək səviyyədə olan ikitərəfli münasibətlərin getdikcə daha da gücləndiyini bildirən diplomat qeyd edib ki, 1993-cü ildə diplomatik münasibətlər qurulduqdan bəri bir çox sahədə əlaqələr inkişaf etdirilib. Bu ilin aprel ayında Malayziya xarici işlər nazirinin müavini Azərbaycana səfər edərək ikinci ikitərəfli siyasi məsləhətləşmələrə rəhbərlik edib. Bu məsləhətləşmələr hər iki ölkəyə halal sənaye, İslam maliyyəsi, bərpa olunan enerji, neft-qaz və qida sektorları kimi gəlirli sahələrdə yeni əməkdaşlıq imkanları yaradıb.
“Məqsədimiz qarşılıqlı fayda naminə ticarət, investisiya və bilik mübadiləsini artırmaqdır” deyən səfir bildirib ki, Azərbaycan tərəfindən də Malayziyaya yüksək səviyyəli səfərlərin sayı artıb. Bu da iki ölkə arasında hərtərəfli əlaqələrin dərinləşməsinin göstəricisidir.

Diplomat qeyd edib ki, Malayziya həmçinin 2026-cı ilin may ayında Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunun və iyun ayında keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammitində yüksək səviyyədə iştirak etməyi səbirsizliklə gözləyir.
Səfir diqqətə çatdırıb ki, yüksək elmi səviyyəsi ilə məşhur olan Malayziya universitetləri getdikcə daha çox azərbaycanlı tələbəni qəbul etməkdədir: “Azərbaycan hökumətinə bir sıra aparıcı Malayziya universitetlərini dövlət təqaüd siyahısına daxil etdiyinə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə daha çox Malayziya universiteti bu siyahıya daxil ediləcək və bu da xalqlarımız arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək. Hazırda 23 azərbaycanlı tələbə Malayziyada müxtəlif proqramlar üzrə təhsil alır, eyni zamanda 5 malayziyalı tələbə Azərbaycandakı universitetlərdə oxuyur. Bu dinamikanı davam etdirmək məqsədilə səfirlik bu ilin noyabr ayında dördüncü Malayziya Təhsil Sərgisini əşkil edəcək. Sərgidə təxminən 10 Malayziya universiteti iştirak edəcək”.

2026-cı ilin artıq üçüncü dəfədir ki, “Malayziya səyahət ili” elan olnduğunu xatırladan diplomat qeyd edib ki, “2026 – Malayziya səyahət ili” təşəbbüsü turizmin inkişafı və dünya üzrə dost ölkələrlə mədəni əlaqələrin daha da genişləndirilməsi üçün əla fürsətdir.
“Azərbaycan xalqını Malayziyanın füsunkar təbiətini, qonaqpərvər insanlarını və rəngarəng mədəniyyətini kəşf etməyə çağırıram. “2026 – Malayziya səyahət ili” çərçivəsində Malayziya hökuməti 32 milyon turistin ölkəni ziyarət etməsini hədəfləyir. İnanıram ki, Azərbaycanlı turistlər də bu ziyarətçilər arasında öz yerini alacaqlar”, - səfir deyib.

Azərbaycan hökuməti adından təbrik çıxışı edən Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, 1993-cü ildə əsası qoyulmuş Azərbaycan–Malayziya diplomatik münasibətləri dostluq, qarşılıqlı hörmət və etimad prinsipləri üzərində qurulub və bu illər ərzində yüksələn xətlə inkişaf edib. Malayziya Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini, eləcə də İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının oxşar məzmunlu sənədlərini dəstəkləyən dövlətlərdən biridir.

“Bu gün mövcud əlaqələrimiz bir sıra sahələri əhatə edir. 12 sentyabr 2014-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamə iki ölkə arasında siyasi dialoqun dərinləşməsini, eləcə də iqtisadiyyat, enerji, təhsil, mədəniyyət, gənclər və idman kimi sahələrdə əməkdaşlığın genişlənməsini nəzərdə tutur. Ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişafı naminə əməkdaşlıq üçün perspektivli sahələr müəyyənləşdirilir, iki ölkənin işgüzar dairələri arasında təmaslar qurulur, turizm sahəsində əlaqələr genişləndirilir, eləcə də Azərbaycanın xarici iqtisadi siyasətinin Malayziyada təbliği istiqamətində tədbirlər həyata keçirilir. Bu xüsusda, hazırda Azərbaycanda kənd təsərrüfatı, sənaye, ticarət və xidmət sahələrində 12 Malayziya investisiyalı kommersiya qurumu aktiv fəaliyyət göstərir” deyən nazir qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də turizm sahəsidir. Nazir qeyd edib ki, Malayziya tərəfindən Azərbaycan vətəndaşları üçün vizasız gediş-gəliş rejiminin tətbiqi qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edib. Bunun nəticəsi olaraq, 2025-ci ilin yanvar-sentyabr aylarında Malayziyadan Azərbaycana səfər edən vətəndaşların sayında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 faiz artım müşahidə olunub.

“Mövcud əlaqələrimiz elm və təhsil sahəsində də yüksələn xətlə inkişaf etməkdədir. Bu xüsusda, “Azərbaycanla Malayziya arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında” Birgə Bəyannamə iki ölkə arasında təhsil və elmi tədqiqat imkanlarının genişləndirilməsinə, eləcə də tələbə və alimlər arasında əlaqələrin təşviqinə zəmin yaradıb. Təhsil sahəsində əməkdaşlığın institusionallaşması məqsədilə atılmış daha bir önəmli addım “Azərbaycan Respublikası Hökuməti ilə Malayziya Hökuməti arasında ali təhsil sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” layihəsi üzrə işlərin aparılmasıdır. Sözügedən layihə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığın dərinləşdirilməsini, akademik mübadilə proqramlarının təşviqini, birgə elmi və təhsil layihələrinin həyata keçirilməsini, eləcə də müəllim və tələbə mübadiləsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində təqaüdlərin verilməsi, akademik kvalifikasiyaların qarşılıqlı tanınması, həmçinin STEAM, innovasiya və ömürboyu təhsil kimi sahələrdə birgə təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır”, - nazir deyib.

İki ölkənin elm-təhsil sferasında sıx əməkdaşlıq etdiyini xatırladan nazir bildirib ki, Azərbaycanla Malayziya arasında ali təhsil sahəsində anlaşma memorandumunun imzalanması üzrə işlər aparılır.
“Sözügedən proqram təqaüd verilməsini, tələbə və müəllim mübadiləsini əhatə edir. Hazırda Azərbaycanın təhsil sahəsində başlıca prioritetlərindən biri ölkədə təhsil alan xarici tələbələrin sayını artırmaqdır. Hazırda Malayziyadan olan 5 tələbə Azərbaycanda təhsil alır. Onlardan ikisinin təhsil xərcləri Heydər Əliyev Beynəlxalq Təhsil Proqramı qrantı hesabına maliyyələşdirilir. İnanırıq ki, daha çox malayziyalı tələbə Azərbaycan universitetlərində təhsil almağa maraq göstərəcək” deyən nazir bu gün təxminən 50 azərbaycanlı tələbənin də Malayziyada təhsil aldığını diqqətə çatdırıb.

Çıxışlardan sonra tədbir oynaq Malayziya musiqisinin sədaları altında qeyri-rəsmi hissə ilə davam edib.