AZ

Leytenant Ümüd Niftəliyevin ad günü qeyd olunub 

Babək rayonunun Nehrəm qəsəbəsində Vətən müharibəsi şəhidi, Leytenant Ümüd Oruc oğlu Niftəliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub. Şəhidin məzarı ziyarət edilərək üzərinə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub.

Tədbirdə çıxış edən Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova bildirib ki, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq hər birimizin mənəvi borcudur. O, şəhid ailələrinə göstərilən dövlət qayğısının Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

Digər çıxışlarda da şəhid Ümüd Niftəliyevin vətənpərvərliyi, nizam-intizamı və döyüşlərdə göstərdiyi fədakarlıq yüksək qiymətləndirilib. Qeyd olunub ki, onun şərəfli həyat yolu Babək gəncləri üçün igidlik, vətən sevgisi və şərəf nümunəsidir.

Şəhid Leytenant Ümüd Oruc oğlu Niftəliyev 20 oktyabr 1998-ci ildə Babək rayonunun Araz kəndində anadan olub. Ailədə bir bacı və iki qardaş olan Ümüd 2006–2015-ci illərdə Nehrəm qəsəbə tam orta məktəbində, 2015–2017-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2017–2021-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirərək leytenant rütbəsi alıb.
44 günlük Vətən Müharibəsində iştirak edən Ümüd Niftəliyev böyük qəhrəmanlıq göstərərək “Vətən müharibəsi iştirakçısı” medalına layiq görülüb. O, 2021-ci il noyabrın 16-da Laçın rayonu istiqamətində keçirilən hərbi əməliyyatlar zamanı döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
Ölümündən sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən “3-cü dərəcəli Rəşadət” ordeni və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Şəhidimizin əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq. Ruhu şad olsun.
Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi



Seçilən
41
herbiand.az

1Mənbələr