AZ

Luvrdakı oğurluq Bakıda təkrarlana bilər

Azərbaycan muzeylərində mühafizə nə qədər etibarlıdır?

Oktyabrın 19-da dünyanın ən məşhur muzeylərindən biri olan Paris Luvr Muzeyində baş verən oğurluq sənət dünyasında sarsıntı yaradıb. Apollon qalereyasında nümayiş olunan doqquz qiymətli zinət əşyasının oğurlanması mədəni irsin təhlükəsizliyinə dair qlobal suallar doğurub. Hadisə nəticəsində iki təhlükəsizlik vitrini sındırılıb, qiymətsiz tarixi dəyəri olan əsərlər muzeydən yoxa çıxıb. Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı intensiv istintaq aparır, lakin oğurlanan əşyaların çoxu hələ də tapılmayıb.

Məlum olub ki, oğurlanan əşyalar arasında 1810-cu ildə Napoleonun ikinci arvadı Avstriya şahzadəsi Mariya-Luizaya hədiyyə etdiyi zümrüd boyunbağı və sırğalar da var. Həmin boyunbağı 32 zümrüd və 1138 brilyantla, sırğalar isə nadir brilyant daşlarla bəzədilib. Bundan başqa, İmperator Yevgeniyaya məxsus 94 brilyantdan ibarət relikt broş da oğurlananlar arasındadır.

Bu hadisə əslində təkcə Fransada deyil, bütün dünyada muzeylərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq yaradıb. Çünki mədəni irs oğurluğu artıq təkcə kriminal hadisə deyil, beynəlxalq qaçaqmalçılıq şəbəkələrinin fəaliyyətinə çevrilib.

Fransadakı bu hadisə Azərbaycanda 1993-cü ildə baş vermiş bənzər hadisəni yada salır. O dövrdə baş verən Milli İncəsənət Muzeyindəki oğurluq ölkə mədəniyyət tarixində ən sarsıdıcı hadisələrdən biri kimi yadda qalıb.

İyul ayında baş vermiş bu hadisə zamanı ümumilikdə 304 əşya muzeydən oğurlanıb. Onların arasında 274 sənət əsəri və 30 orta əsr miniatürü vardı. Əsərlər arasında dünya rəssamlıq sənətinin korifeyləri olan Rembrandt, Antonio Van Deyk, Nikola Pussen, Alberxt Dürer kimi sənətkarların əsərləri də mövcud idi.

Oğurlanan ən qiymətli əsər Alberxt Dürerin “Qadın Hamamı” adlı tablosu idi. Onun dəyəri təxminən 10 milyon dollar qiymətləndirilirdi. Oğurlanan əsərlər bir müddət sonra qaçaqmalçılıq yolu ilə ABŞ-yə aparılmışdı, illərlə aparılan beynəlxalq araşdırmalardan sonra 2001-ci ildə 12 sənət əsəri tapılaraq əvvəlki nümayiş yerlərinə - Almaniyadakı Bremen Muzeyinə və qismən Azərbaycana qaytarılıb.

Bu hadisə Azərbaycan muzey sistemində təhlükəsizlik məsələlərinin əhəmiyyətini bir daha gündəmə gətirdi. Həmin dövrdə ölkədə siyasi və iqtisadi çətinliklərin fonunda mədəniyyət ocaqlarının qorunması prioritetlər sırasında deyildi. Lakin 2000-ci illərdən etibarən muzeylərdə kameralar, siqnal sistemləri, mühafizə xidmətləri yenilənməyə başlandı.

Bəs hazırda Azərbaycan muzeyləri nə qədər etibarlıdır?

Azərbaycan bu gün regionun ən zəngin mədəni irsə sahib ölkələrindən biridir. Milli Azərbaycan Tarixi Muzeyi, Milli İncəsənət Muzeyi, Milli Xalça Muzeyi, Heydər Əliyev Mərkəzi kimi qurumlar tarixi eksponatların, sənət nümunələrinin və arxeoloji tapıntıların qorunduğu mədəniyyət qalaları sayılır.

Məsələn, Milli Tarix Muzeyində qədim Şərq, Qafqaz və Qərbi Avropa incəsənətinə aid minlərlə nadir eksponat saxlanılır. Bu eksponatlar arasında bronz dövrünə aid zərgərlik nümunələri, sikkələr, daş heykəllər və arxeoloji tapıntılar da var. Eyni zamanda Milli İncəsənət Muzeyində Azərbaycan, Rusiya və Avropa rəssamlarının əsərləri toplanıb.

Milli Xalça Muzeyi isə xalq tətbiqi sənətinin ən mühüm mərkəzlərindən biridir. Burada Qarabağ, Quba, Şirvan, Naxçıvan və Təbriz xalça məktəblərinə aid minlərlə eksponat saxlanılır. Bu muzeylərin bəzilərində artıq beynəlxalq standartlara uyğun biometrik və sensor təhlükəsizlik sistemləri, rütubət və temperatur nəzarəti tətbiq edilir.

Amma sual açıq qalır: bu tədbirlər yetərlidirmi? Luvr kimi dünyanın ən mühafizə olunan muzeyində belə oğurluq baş verirsə, bu, Azərbaycanın da öz mədəni sərvətlərini daha ciddi mühafizə etməsi zərurətini ortaya qoyur.

Fərhad

 Fərhad Cabbarov

Mövzu ilə bağlı Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov “Yeni Müsavat”a danışıb: “Şəxsən öz muzeyimiz haqqında deyə bilərəm ki, bizdə qapalı vitrinlərdir. Vitrinlərin hamısında xüsusi siqnalizasiya sistemi qoşulub. Digər tərəfdən, eksponatlarımızın bir hissəsi ekspozisiyadadır, tamaşaçılar onları görə bilir. Digər, daha böyük bir hissəsi isə fondlardadır. Fondların hamısında siqnalizasiya quraşdırılıb və onlar orada ciddi şəkildə mühafizə olunur. Doğrudur, bu elə bir hadisədir ki, Luvr kimi böyük bir muzey əgər bundan qaça bilməyibsə, heç kim bundan tam sığortalanmayıb. Əlbəttə, düşünürəm ki, muzeylər yəqin ki, bu sahədə diqqəti daha da artırarlar, məsələyə daha ciddi yanaşarlar. Deyə bilərəm ki, bizim muzeydə bu məsələ çox ciddidir, mühafizə və siqnalizasiya məsələsi yüksək səviyyədədir. Ölkəmizdəki iri muzeylərin hamısında da mühafizə eyni dərəcədə yaxşı təşkil olunub. Amma bir daha deyirəm ki, Luvrdakı hadisədən sonra muzeylər daha diqqətli olmalıdırlar”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Seçilən
14
musavat.com

1Mənbələr