AZ

QƏHRƏMAN ŞƏHİDİMİZ ƏSGƏROV VÜQAR RZA OĞLUNUN ƏBƏDİ XATİRƏSİNƏ...


Azərbaycanın Vüqarı

Salam, bu gün sizə öz hekayəmi danışmaq istəyirəm… amma mənim hekayəm sadəcə mənim deyil, bütün bir xalqın, bütün bir millətin, bəlkə də keşməkeşli tariximizin hər anını özündə təcəssüm etdirən müstəqilliyimizin hekayəsidir. Bir yol ki, əvvəlində heç kim bilməzdi necə sonlanacağını, amma içində hər addımda bir məqsəd, hər addımda bir amal vardı: öz torpağını qorumaq, sevdiklərini müdafiə etmək, “vətən üçün can vermək”… Mənim yolumda hər kəsin deyəcəyi bir cümlə vardı: “Gedirsən, amma bu yolun sonunda nə olacağına heç kim zəmanət verə bilməz.” Amma mənim üçün yolun sonu heç vaxt əhəmiyyətli deyildi, çünki hər şey, sadəcə, bir məqsəd üçün idi - MÜSTƏQİLLİK… Torpağımın, sevdiklərimin, Azərbaycanımın müstəqilliyi …

Həyatımın ən çətin anları çox erkən yaşda başladı. Çoxları düşünər ki, kasıb olmaq yalnız maddi çatışmazlıqdır, amma mən bilirəm ki, ailəyə sahib olmaq, sevdiklərinin yanında olması, ananın cənnət qoxusunu içinə çəkib onu qucaqlamaq, atanın səni “oğlum” deyə səsləməsi, bacı-qardaşınla vaxt keçirə bilmək ən böyük zənginlikdir. Uşaqkən, bizim maddi sıxıntılarımız çox idi, atam ağır ürək və şəkər xəstəsi idi, amma bir ailə idik, sevgi dolu kiçik evimiz var idi, o qədər də çox şeyə ehtiyacımız yox idi. Bəzən həyatın ən çətin anları, insanın daxili gücünü tapması və əsl məqsədinə doğru irəliləməsi üçün ən qiymətli dərsləri verir. Allahın qismətidir ki, zamanla mənə zənginlik kimi gələn hər şeyin əlimdən sürüşüb getdiyini gördüm. Ailəm, mənə həyatın ən qiymətli dərslərini öyrədən insanlar, mənim üçün uzaq bir xatirəyə çevrildilər. Hər şey mənim üçün bitdi, amma mən ölmədim, bəlkə də əsl məqsədimə çatdım...

Nəysə, sizi çox intizarda qoymaq istəmirəm, yəqin kim olduğumu öyrənmək istəyirsiniz, bəlkə də bir çoxunuz kim olduğumu təxmin etdiniz, bəlkə də məni tanıyırsınız, bəlkə də heç vaxt tanımayacaqsınız... Yaxşı, gəlin, deyim kimən...

  • Mən Anamın saçına düşən hər dəndəki həsrətlə yoğrulmuş xəyalları, baxışlarındakı illərin yorğunluğu, üzündəki hər qırışda gizlənmiş arzularıyam,
  • Mən atamın səsini eşidəndə içimdəki bütün boşluqları dolduran, sonsuz bir gücə çevrilən sevgisiyəm, onun hər "oğlum" deməsində, həyatın hər çətinliyini aşmağıma səbəb olan əminlik və inamıyam,
  • Mən həyatın bütün yükünü çiynimə götürdüyüm hər an, sevdiklərimə olan bağlılığımın və hər zəif anımda onlardan aldığım gücəm,
  • Üfüqdəki zəngəzur dağlarının üstündəki ağ buludam suverenliyimizin bayrağı kimi dalğalanıram,
  • İllərdir vətən deyə hayqıran yollaram, azadlığa aparan cığıram, müstəqilliyimizin görünməyən nəfəsiyəm,
  • Mən hər bir azərbaycanlının gözündəki intizar, gələcəyin zəfərini gözləyən bir inamam,
  • Mən, hər zaman qayıdacaq, hər zaman yenidən doğulacaq bir vətənin ruhuyam,
  • Ümumilli Liderimizin əmanətinin izləri, vəsiyyətinin təminatçısıyam,
  • Mən, Zəngəzuram, mən Qarabağam - BÜTÜN AZƏRBAYCANAM !
  • Vətən adlı amal uğrunda can verən minlərlə şəhidlərimizin simasıyam,
  • Mən Vüqaram, vətənimin - Azərbaycanın “Vüqarı”.

Uşaqlığının sükutunda böyüyən cəsarət

Vüqar Əsgərov 1994-cü ilin payızında, noyabrın 26-da, Şərurda, indiki Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Vüqar, evin ikinci övladı olaraq, uşaqlıq illərində çətinlik və yoxsulluqla qarşılaşıb, amma heç vaxt ailəsini tək qoymayıb. Böyüdükcə, evin yükünü bölüşmək, ailəsinin hər bir üzvünə dəstək olmaq onun həyatının məqsədinə çevrilib. Xüsusilə bacıları və qardaşınahəm dost, həm də rəhbər olmağa çalışıb. Anasına və ağır ürək xəstəsi olan atasına diqqət göstərmiş və evin yükünü çəkməkdə onlara kömək olmuşdu. Evin içində olduğu kimi, qonşularının da sevimlisi olub; yardımsevərliyi və insanlara qarşı göstərdiyi səmimi diqqət, onu hər kəsin etibar etdiyi biri halına gətirib. Vüqarın uşaqlığı, sadəcə çətinliklərlə deyil, həm də bu çətinliklərdən güclənərək çıxan və hər kəsə nümunə olan bir həyat hekayəsi ilə yadda qalıb. Mən hər ikimizin ortaq tanışı olan, onun da yaxın qonşusu olan Quludan Vüqar haqqında soruşduqda onun sözlərindən çox təsirləndim:

“Vüqar haqqında danışarkən, sözlərim boğazımda düyünlənir, qəlbimdə ağrılı bir hiss yaranır. O, həqiqətən də çox ailəcanlı və fədakar insan idi. Mən onunla yalnız qapıbir qonşu olmaqla deyil, həm də sinif yoldaşı kimi tanış olmuşam. Hər kəs onun ailəsi üçün nə qədər çox şey etdiyini görürdü, amma o, yalnız yaxınlarına deyil, dostlarına, qonşularına da eyni dərəcədə fədakar idi. Əlindən gələn hər şeyi əsirgəməzdi, həmişə yardım etməyə hazır idi. Düşüncəli, sakit təbiətli, amma bir o qədər də emosional insan idi. Həyatın qarşısına çıxardığı çətinliklərə qarşı daima səbirlə yanaşar, öz mövqeyini sükunətlə bildirərdi. O, həm də çox ağırbaşlı və imanlı insan idi. Ramazan günlərində, birgə oruc tutar, əhya gecələrində dualar edərdik. Vüqarın duaları o qədər səmimi və içdən idi ki, gözü yaşarır, ürəyi dolu olurdu. Onun əslində nə qədər səmimi, nə qədər saf və həssas insan olduğunu yalnız onunla vaxt keçirənlər bilirdi”.

2001-ci ildən 2012-ci ilə qədər, Qarabağlar kəndinin 2 nömrəli tam orta məktəbi, Vüqarın gənclik illərinin ən mühüm mərhələsini təşkil edib. Məktəb dövründə Vüqar, sakit təbiəti və tərbiyəli davranışları ilə müəllimlərinin sevimlilərindən biri olub. Hər dərsdə özünü çalışqan və ciddi şagird kimi göstərərək, nümunəvi bir tələbə obrazı yaratmışdır. Eyni zamanda idmanla məşğul olmağı sevirdi, ən çox da futbol oynamağı xoşlayırdı. Müəllimləri onu yalnız biliyi ilə deyil, həm də əxlaqlı və diqqətli davranışı ilə tərifləyirdilər. Onun həyatına yön verən təhsil dövrü, həm də müəllimlərin ona verdiyi dəyər və dəstək ilə daha mənalı olub. Vüqar, məktəb illərində tərbiyəsi, çalışqanlığı və savadı ilə həmyaşıdlarına da örnək olub. Onu ən yaxşı, əlindən tutub yazmağı-oxumağı öyrədən, onun ilk müəllimi olan Səriyyə müəllimə təsvir edə bilər:

“Vüqar tərbiyəli, qabiliyyətli, istiqanlı uşaq idi. Məktəbə qədəm qoyduğu ilk gündən intizamı, dərslərə hazırlığı ilə seçilirdi. Hər şeyi yerindəcə öyrənir, sinif yoldaşlarına da kömək edirdi. Yaxşı yadımdadır, dördüncü sinifdə oxuyanda yoxlama gəlmişdi. Verilən bütün suallara səlis, aydın cavab verdi. Bu hər kəsin ürəyincə oldu. Məktəbimizin adını daim yüksəldən şagird idi. Həm ibtidai təhsil aldığı dövrdə, həm də 11 illik təhsilinin qalan hissəsində, yoldaşları ilə münasibətində nəzakətli idi, kimsənin qəlbinə dəyməzdi. Müəllimlərinin sevimlisi idi. Əsl insani keyfiyyətlər Vüqarda toplaşmışdı. Onun haqqında hansı gözəl sözləri desəm, yenə azdır. Vüqar indi elə bir uca zirvədədir ki, hamımız ona baxıb fəxr edirik, onu örnək göstəririk”.

Vüqar tarix fənninə olan dərin sevgisi ilə də seçilirdi. O, hər zaman keçmişin izlərini və xalqının qəhrəmanlıq dolu günlərini ürəyində daşıyırdı. Qismət belə gətirdi ki, o, öz adını yalnız tarix kitablarında deyil, həm də Azərbaycanın şanlı tarixinin bir parçası olaraq əbədi yaşatdı. Vüqar, tarixi yazanlardan biri oldu, amma bu, qəlbindəki sevgi İlə deyil, son damlasına qədər vətənə olan fədakarlığı ilə mümkün oldu. O, Azərbaycanın tarixində bir ulduz kimi parladı və özünün qızıl hərflərlə yazılacaq adını, xalqının müstəqilliyi uğrunda verdiyi mübarizəsi ilə əbədi etdi.

Orta məktəbi başa vurduqdan sonra Vüqar, 2012-ci ildə Azərbaycan Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına daxil olsa da, maddi çətinliklər səbəbindən təhsilini davam etdirə bilmir. Hərbi xidmətə yollanır, 2014-cü ildə hərbi xidmətini başa vurduqdan sonra yenidən universitetə qəbul imkanı əldə etsə də, bu dəfə də təhsilinə davam edə bilmir və müxtəlif işlərdə çalışaraq ailəsinə baxır. 2016-cı ildə böyük qardaşı çalışmaq üçün getdiyi Rusiyada avtomobil qəzasında həlak olur. Bu hadisə əslində Vüqara çox mənfi psixoloji təsir edir, daha çox özünə qapanmağa başlayır, çünki elə ən yaxın dostu, arxa-dayağı onun böyük qardaşı idi. Amma Vüqar daha dözümlü, daha güclü olmağa məcbur idi, axı atası sağlıq problemləri çəkirdi, qardaşı da vəfat edəndən sonra onsuz da çəkdiyi ailəsinin yükü indi tam mənasında Vüqarın üzərinə düşürdü. Uzun müddət davam edən sükut və depressiyadan sonra özündə güc yığmağı bacardı və həyat mübarizəsinə davam etdi. 2019-cu ildə Vüqarın içindəki vətən sevgisi onu yenidən orduya, vətənin keşiyinə gətirdi. O, forma geyinəndə sanki uşaqlıq arzularına qovuşurdu. Bu dəfə məqsədi sadəcə xidmət etmək deyil, torpağı qorumaq, xalqının şərəfini yaşatmaq idi. İçindəki Vətən eşqi onu səngərə, igidlərin sırasında yer almağa çağırdı. Hərbi xidmət onun üçün sadəcə iş deyildi, həm də ruhunun çağırışı idi.

Bəzən 44 gün 30 ildən daha “VÜQAR”lıdır.

Alın yazısı sanki hər birimizin ruhumuzun işarəsidir, bəzən sakit, bəzən qəzəblə dolu, amma həmişə haqqın, ədalətin yoluna aparan bir ömür xəttidir. Sanki Vüqarın da taleyi hər addımını azadlığa, hər nəfəsini vətənə hədiyyə etmək üçün yazılmışdı. Hər baxışı, hər qərarı onun alnında yazılmış bu missiyanın davamçısı olduğunu göstərirdi. O dövrlər Vüqarın xidmətə başladığı anlar, qismətdən ona verilmiş sınaq kimi döyüş vaxtına təsadüf etdi. O, Vətən yolunda irəliləyərək, II Qarabağ döyüşlərinin şanlı zəfərinin bir parçasına çevrildi.

Vüqarla eyni döyüş yolu keçmiş, II Qarabağ döyüşlərinin iştirakçısı, hal hazırda N saylı hərbi hissədə xidmətini davam etdirən kəşfiyyatçı Bayramov Məhəbbət Vüqarla çiyin-çiyinə döyüşmüşdü:

“2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı biz Vüqarla Naxçıvanda kursda idik. Vüqar hər dəfəsində döyüşmək istədiyini, cəbhəyə yollanmaq istədiyini komandirlərə təkidlə deyirdi. O, könüllü olaraq döyüşə getmək üçün müraciət edənlərdən idi. Və nəhayət Vüqarın arzusunda olduğu an yetişdi. Hərbi hissədən dedilər ki, sabah bir qrup döyüş üçün cəbhəyə yola düşəcək, Vüqar və mən də o siyahıda idik. O gün hamımızı qəribə, məğrur bir sükut bürümüşdü. Vüqarın baxışlarındakı o istəyi, həyacanı və nəhayət döyüş başladığı gündən öz istəyinə - cəbhəyə getmək arzusuna qovuşacağı üçün keçirdiyi sevinc hissini görməmək mümkün deyildi. O gün ailəmizlə sağollaşmaq üçün evə getdik, vaxt az idi. Evə baş çəkib, sağollaşıb qayıtmalı idik, qayıdanda Vüqar dedi ki, anasına döyüşə gedəcəyini deməyib, “anam narahat olar, atam da ürək xəstəsidi, dözməz,” - dedi. Sakitcə əlavə elədi: “Dedim Culfaya təlimə gedirik, yəqin bir ay çəkər.” Hərbi hissəyə çatanda maaş kartını taksi sürücüsünə uzatdı: “Bu kartı ailəmə çatdırarsan, başqa gəlir yerləri yoxdu. Kim bilir, bəlkə də qayıtmarıq”. O an onun baxışında qəribə bir sükut vardı, sanki ürəyinə nəsə dammışdı. Sanki son vəzifəsinə doğru gedirdi, gözündə qorxu yox, yalnız intiqam və qürur var idi. Həmin gecə Naxçıvandan yola çıxdıq, birbaşa Beyləqana gəldik. Oradan bizi bölüklərə böldülər, sonra Füzuli- Xocavənd istiqamətinə göndərdilər. Artıq növbəti gün Vüqarla döyüşlərə qoşulmuşduq. O necə qorxmaz və cəsur olduğunu bir daha sübut edirdi, sanki illərlə bu anı gözləyirmiş kimi irəliləyirdi. Hər dəfə deyirdi: “Mən heç nədən qorxmuram. Bircə qorxduğum odur ki, mənə nəsə olsa, geridə buraxdığım ailəmə kim baxacaq?” O, ölümün gözünə baxırdı, amma fikri yalnız ailəsində idi.”

Vüqar son dəfə evə gedib ailəsi ilə sağollaşanda əslində, bunun bir vida olduğunu hiss edirdi. Mən, Səmayə ana ilə söhbət edəndə onun dediklərindən anladım ki, Vüqar əslində ailəsi ilə vidalaşmağa gəldiyini, onları son dəfə görüb müqəddəs amalının arxasınca yollanacağını hiss etmişdi, elə Səmayə ana da onu son dəfə evlərindən yola saldığını bilirdi:

Vüqarın hərəkətlərində qəribə bir şey vardı. Gələndə dedi ki, hazırlıq görəcək, gecə çıxmalı olacaq, bir müddət dağda təlimdə olacaqlar, “ola bilər ki, telefon işləməsin, əlaqə saxlaya bilməyəcəyik, narahat olmayın”- dedi. Mən içimdə bir boşluq hiss etdim, amma susdum, səsimi çıxarmadım. Mənim gözümə yuxu getmirdi, Vüqar dostu ilə bir müddət həyətdə danışdıqdan sonra evə gəldi. Dedi hazırlaşıram çıxam, Dedim: “Yemək hazırlayım, yoluna” amma o, istəmədi. Baxışları soyuq, sözləri qısa, amma hər hərəkətində bir qəribəlik vardı. Atasının və mənim üzümdən öpüb, tez çantasını yığıb çıxdı. Mən arxasınca qaçdım, amma həyətdə yox idi. Tələsik getmişdi, mən evə qayıtdım, kaş arxasınca gedib son dəfə qucaqlayaydım. Hiss etdim ki, Vüqarımı son dəfə gördüm, çünki Vüqar hər dəfə evə gələndə bizi öpərdi, gedəndə isə sadəcə sağollaşardı, bu dəfə isə fərqli idi, yola çıxarkən bizi öpüb getdi, vidalaşarmış kimi. Bu gecə, bu gediş, hər zaman yadımda qalacaq, övladımın alın yazısı kimi…
Budur, bütün Azərbaycan xalqı ekran qarşısında dayanıb, sanki tək bir nəfəs, tək bir ürək kimi döyünür. Tariximizin ən qürurlu günlərindən biridir; küçələr səssiz, evlərdə isə bir nəfəsin səsi belə duyulmur. Hamı o anı gözləyir - Müzəffər Ali Baş Komandanın səsini, torpaqlarımzın azadlıqla səslənən adlarını. Televizordan səslənən hər kəndin, hər şəhərin adı sanki illərin həsrətini yarır, gözlərə yaş, qəlblərə qürur gətirir. Ekran arxasında dayananlardan biri də Vüqarın anası Səmayə anadır. Üzündə həm həsrətin, həm də qürurun izləri var. Tarixlər 17 oktyabrı göstərir və Ali Baş Komandanımızın qürurlu səsi qulağımızda cingildəyir: “Şanlı Azərbaycan ordusu öz xilaskar missiyasını uğurla davam etdirir, bu gün Füzuli rayonunun Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri işğaldan azad olunub, Füzuli bizimdir, QARABAĞ AZƏRBAYCANDIR!”

Hər səslənən kənd-şəhər adları ürəyimizə bir xəncər kimi dəyir, amma o xəncərin ucunda işıq var idi - azadlığımızın işığı... Səmayə ananın, qəlbində sevinclə yanaşı nigarançılıq da var idi. Bilmirdi ki, oğlu artıq gözümüzün önündəki yazılan tarixin qəhrəmanlarından birinə çevriləcək, bilmirdi ki, artıq Vüqarın ayaq izi qürurla dinlədiyi işğaldan azad olunmuş Füzuli torpaqlarındadır. Zəfər isə hələ irəlidədir.

Döyüş yoldaşları Vüqarın döyüş meydanındakı şücaətindən böyük maraqla danışırdılar. İşğaldan azad olunan hər qarış torpaqlarımıza qovuşduqca Vüqar öz sevincini gizlədə bilmirdi:

“Mən vətənimi görürəm, Vətənə bir az daha yaxınlaşıram, bu torpaq üçün döyüşmək ölüm deyil, dirilməyin ən ali halıdır .”- deyirdi.

Artıq ərazilərimiz düşmənin işğalından azad olunur, qarşıya qoyulan tapşırıqlar məharətlə yerinə yetirilirdi. Vüqar da bu baxımdan öz öhdəsinə düşən işi məharətlə yerinə yetirirdi. Füzuli və Xocavəndin böyük bir hissəsi düşmən tapdağından azad olunmuş, şanlı bayrağımız bu müqəddəs torpaqlarda dalğalanırdı. Artıq İstiqamət Şuşa idi. Şuşanın azad edilməsi bizim üçün təkcə bir şəhərin geri alınması deyildi , bir millətin şərəfinin, tarixinin və ruhunun yenidən dirilməsi idi. Qarabağın baş tacı olan Şuşanın azad edilməsi dağların nəfəs alması, çinarların başını qaldırması, şəhidlərimizin ruhunun səmanın üzündə gülümsəməsi idi. Şuşa azad olarsa, təkcə torpaq deyil, millətin qəlbi də azad olacaqdı. Çünki Şuşa zəfərin simvolu, Azərbaycanın qəlbində heç vaxt sönməyən azadlıq atəşidir.

Şuşanın azadlığına gedən qələbə yolu buradan başlayırdı, tanklarla, ağır zirehli texnika ilə güclənmiş düşmən, illərdir qurulan səddlər, istehkamlar qəhrəmanlarımızın qəlbindəki vətən eşqindən daha güclü və daha möhkəm ola bilməzdi. Zəfər bizim olacaqdı, buna heç kəsin şübhəsi yox idi. Vüqarın da dediyi kimi, bu torpaq üçün döyüşmək ölüm deyil, dirilməyin ən ali halı idi.

Və tarix 20 oktyabr idi... Şuşa istiqamətində gərgin və ağır döyüşlər davam edirdi. Vüqar burada qəhrəmancasına şəhid olaraq adını qızıl hərflərlə şanlı tariximizin səhifələrinə yazdırdı. Minlərlə qəhrəman şəhidlərimiz kimi şanlı zəfərimizin memarlarından birinə çevrildi. Vüqar ölmədi, bu vətən üçün, millətimiz üçün, müstəqilliyimiz üçün ən ali məqamda dirildi...

Vətənə xidmət mənim üçün sadəcə borc deyildi, hər nəfəsimdə, hər addımımda ona olan sevgimi yaşatmaq idi. Bəlkə mənim yolum burada bitdi, amma o yolun işığı heç vaxt sönməyəcək; çünki o alov hər birinizin qəlbində yanacaq. Bütün arzularım bu dünyada gerçək olmasa da, bir inancım var: insanın içində elə bir güc, elə bir iman olur ki, o, ölümün kölgəsində belə irəliləməyə vadar edir. Mən gedərkən geridə qalanlara baxmadım, çünki qəlbimdə bir məqsəd var idi “Bu yol mənim yolumdur və mən bu yol üçün canımı da qurban verərəm.”

Canım anam bil ki, sənin oğlun qorxmadı, ağlamadı, sadəcə səssizcə Vətənə qovuşdu. Sənin hər duan mənim yolumu işıqlandırdı, hər göz yaşın bu torpağa həyat verdi. Mənim səsimi indi külək aparır dağlara, amma o səs sənin qəlbində həmişə yaşayacaq. Heç vaxt ağlama, anam...

Mən getmədim sadəcə sənə miras qoyduğum azad bir yurdun səmasında ulduza çevrildim.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə Vüqar Əsgərov Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir. Xocavənd rayonlarının azad olunması uğrunda və Şuşa istiqamətində aparılan döyüşlərdə fərqlənərək şəxsi şücaət nümayiş etdirdiyinə görə o, müvafiq olaraq 29.12.2020 və 24.06.2021-ci il tarixli Sərəncamlara əsasən "Şuşanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur. Həmçinin, Füzuli rayonunun azad edilməsi və tapşırıqların yerinə yetirilməsində göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə də təltif edilmişdir.

Şanlı zəfərimizin izləri

Ulu Öndərimiz Heydər Əliyev Qarabağı yalnız torpaq kimi yox, xalqımızın qəlbi, gələcəyimizin simvolu kimi görürdü. O, hər gecəsini və hər gündüzünü bu torpağın bütövlüyü üçün düşünərək keçirirdi, hər addımında gələcək nəsillərin ümidini daşıyırdı:

"Arzu edirəm ki, sizinlə birlikdə yenidən Şuşaya gedək. İnanıram ki, biz gedəcəyik. Buna inanın. Şuşa təkcə şuşalılar üçün deyil, hər bir azərbaycanlı üçün əziz bir anlayışdır, deyə bilərəm ki, Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Ona görə də Şuşa təkcə yaşayış məkanı deyildir. Şuşa bizim milli rəmzimizdir, mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da əzizdir. Laçın Azərbaycanın ən yüksək dağları, gözəl, səfalı meşələri, bulaqları, çayları olan bir diyarımızdır. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, məkan, bağ-bağat, gözəl yer, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o yüksək dağları, çeşmələri, İstisuyu - biz onlarsız heç vaxt yaşaya bilmərik. Heç vaxt Azərbaycanı bu gözəl guşələrsiz təsəvvür edə bilmərik".

Lakin taleyin sərt gedişi onu nakam aldı; o, arzularının, planlarının tam çiçəyini görə bilmədən bizlərdən ayrı düşdü. Amma onun vəsiyyəti, onun dəyanəti bu torpaqda, hər zəfərimizdə, hər addımımızda yaşayır, ruhumuzu dirildir və hər an iradəmizi möhkəmləndirirdi…

Azərbaycan Ordusu dövlətimizin başçısı tərəfindən “Dəmir Yumruq” adı verilən əks-hücum əməliyyatına - Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün ərzində Ali Baş Komandan cənab İlham Əliyevin misilsiz sərkərdəlik bacarığı ilə qəhrəman oğullarımızın igidliyi və şücaəti birləşdi. Yenilməz Azərbaycan Ordusu tarixi missiyanı şərəflə başa vuraraq düşməni diz çökdürdü. Azərbaycan Ordusu torpaqlarımızı bir-bir azad edərək şanlı bir tarix yazdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı kimi şəhərlər, həmçinin xalqımızın yaddaşında, mədəniyyətində və ruhunda müqəddəs yer tutan — Qarabağın tacı sayılan Şuşa şəhəri düşmən işğalından xilas edildi. Bununla yanaşı, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavəndin Hadrut qəsəbəsi və çoxsaylı kəndlər, Tərtərin Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə yaşayış məntəqəsi də azad olundu. Ümumilikdə 300-dən çox kənd və qəsəbə, eləcə də Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində yerləşən strateji yüksəkliklər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində yenidən Vətənə qovuşdu. Azərbaycanın hərbi sahədə qazandığı parlaq zəfərlər, xüsusilə 8 noyabrda Şuşa şəhərinin düşmən əsarətindən azad olunması Vətən müharibəsinin taleyində dönüş nöqtəsi oldu. Bu möhtəşəm qələbə ilə Azərbaycan Ordusu sarsılmaz iradəsini və döyüş gücünü bir daha nümayiş etdirdi. Şuşanın azadlığı düşmənin müqavimət ruhunu qırdı, Ermənistan isə məğlubiyyətini etiraf etməyə məcbur qaldı. Nəhayət, 2020-ci il 10 noyabr tarixində Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin imzaladığı üçtərəfli bəyanatla müharibə Azərbaycanın tarixi qələbəsi ilə başa çatdı. Ermənistan kapitulyasiya edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycanın suverenliyi altına qaytarmağa məcbur oldu və bununla da Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfəri kimi tarixə həkk olundu. 2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən cəmi bir günlük antiterror tədbirləri ilə dövlətimizin suverenliyi tam şəkildə bərpa olundu. Cəmi 23 saat 48 dəqiqə davam edən bu əməliyyat nəticəsində erməni separatçı qüvvələri ağ bayraq qaldıraraq təslim olmağa məcbur oldular. II Qarabağ döyüşləri Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik sahədə ard-arda qələbələri ilə yekunlaşdı. Zaman göstərdi ki, bu qələbələr bitməyib Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada ən nüfuzlu ölkələr sırasında dayanır və dünya Liderləri artıq bizim varlığımızı qəbul edir, regional münasibətlərdə Azərbaycanın iştirakı və mövqeyini əhəmiyyətli hesab edirlər.

2025-ci ilin 8 avqustunda Vaşinqtonda baş tutan, Azərbaycan diplomatiyasının növbəti böyük qələbəsi sayılan mərasimdə tarixi üçtərəfli görüş Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Cənubi Qafqazın taleyində yeni bir səhifə açdı. Bu görüş, uzun illərdir davam edən münaqişələrə nöqtə qoymaqla yanaşı, bölgədə sülhün, sabitliyin və əməkdaşlığın təməlini qoyan diplomatik dönüş nöqtəsi kimi tarixə düşdü. Bu görüş Azərbaycan üçün təkcə diplomatik deyil, mənəvi və simvolik bir zəfər idi, çünki ölkə 8 noyabr hərbi qələbəsinin 5 illiyini bu dəfə 8 avqust diplomatik qələbəsi ilə tamamladı. İki tarixdəki “8” rəqəminin təkrarı, həm liderin uzaqgörən siyasətinin, həm də ilahi ədalətin təcəssümü kimi dəyərləndirilir. Vaşinqtonda diqqət çəkən məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı qərar oldu. ABŞ-ın təşəbbüsü ilə bu strateji yol “Trump Route for International Peace and Prosperity (TRIPP)” adlandırılaraq sülh və rifah üçün beynəlxalq ticarət marşrutu rolunu oynayacaq. Bu, regionun logistika xəritəsini yenidən formalaşdıracaq, enerji və ticarət axınlarına yeni istiqamət verəcək bir addım kimi tarixə yazıldı. Görüşün daha bir mühüm nəticəsi isə ABŞ-ın 907-ci düzəlişi ləğv etməsi oldu. Prezident İlham Əliyevin sözləri ilə desək, bu qərar “33 il sonra ədalətin bərpası” idi. Bu da Azərbaycanın haqlı mövqeyinin bir daha beynəlxalq səviyyədə qəbul edilməsi deməkdir. Beləcə, Vaşinqton görüşü təkcə siyasi deyil, həm də iqtisadi və texnoloji baxımdan yeni bir dövrün başlanğıcını müjdələdi

Rəşadətli Azərbaycan ordusunun döyüş meydanındakı şücaəti ilə, Azərbaycan xalqı müzəffər xalq kimi tarixdə öz yerini tutmuşdur. Əlbəttə bu qələbə hər birimizin qələbəsidir, amma hər şeydən əvvəl torpaqlarımızın azad edilməsi Ümummilli Liderimizin illərlə xalqın yaddaşında yaşayan müqəddəs vəsiyyətinin gerçəyə çevrilməsidir. O, bu xalqın qəlbinə azadlıq ümidini əkdi, biz isə o ümidin barını DƏMİR YUMRUQLA , inamımızla, birliyimizlə yığdıq. Ali Baş Komandan Şuşanın azad edilməsi ilə bağlı xalqa müraciətində bu məsələyə toxunaraq demişdir:

“Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim: Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!”

Bu zəfər yalnız torpaqlarımızın azad edilməsi deyil, ruhumuzun, şəhidlərimizin, tariximizin qələbəsidir. Bu gün qürurla deyirik ki, QARABAĞ AZƏRBAYCANDIR!

Mənim hekayəm bu yurdun daşına, suyuna, səmasına yazıldı. Mən şəhid oldum, amma ölmədim, çünki Vətən yaşadı.

Mənim səsim indi hər bayraq dalğasında, hər uşaq gülüşündə, hər “Qarabağ Azərbaycandır!” nidasında səslənir.

Çünki bu qələbə bir ordunun deyil —mənimlə hər danışanda “üşüyərsən, oğlum, qalın corab geyin” deyən Səma anamın, tək övladını torpağa tapşırarkən göz yaşı ilə islanmış üçrəngli bayrağımızı öpüb “Vətən sağ olsun” deyən Rza atamın, gecələr şəhid qardaşının şəklini qucaqlayaraq yatan bacılarımın, hər addımında vətənin azadlığı üçün canını ortaya qoyan qazilərimizin, hər şəhidin ruhunu daşıyan xalqımın zəfəridir...

ZEYNALOV EMİN

NAXÇIVAN BAŞ GÖMRÜK İDARƏSİNİN ƏMƏKDAŞI

Seçilən
83
baki-xeber.com

1Mənbələr