BAKI, 22 oktyabr. TELEQRAF
Tanınmış idmançı vəkilinə müqavilə üzrə haqqını ödəmədiyi üçün məhkəməyə verilib. Məhkəmə vəkilin xeyrinə qərar çıxarıb.
Teleqraf xəbər verir ki, Xətai rayonunda yerləşən “Olympus Park” tikinti şirkəti tərəfindən qanunsuz şəkildə sökülən “Lider” idman klubunun sahibi İlham Sərdarov vəkilinə qarşı müqavilə öhdəliyini yerinə yetirmədiyi üçün məhkəməlik olub.
Məlumata görə, “Olympus Park” şirkəti ilə İlham Sərdarov arasında məhkəmə çəkişməsi iki ildən çox davam edib. Yekunda məhkəmə İlham Sərdarovun xeyrinə qərar çıxararaq şirkətin ona 1,6 milyon manat məbləğində təzminat ödəməsinə qərar verib. Lakin təzminat ödənildikdən sonra İlham Sərdarov və vəkili arasında yeni hüquqi mübahisə yaranıb. Səbəb idmançının vəkil qarşısında müqavilə ilə nəzərdə tutulan öhdəliyi yerinə yetirməməsi olub. Müqaviləyə əsasən, İlham Sərdarov işin onun xeyrinə yekunlaşacağı təqdirdə, aldığı təzminatın 2 faizini vəkilinə ödəniş kimi verməli idi. “Olympus Park”a qarşı işi udduqdan sonra isə o, bu şərtə əməl etməyib və müqavilə öhdəliyini inkar edib.
Vəkil, öz növbəsində, müqavilə əsasında İlham Sərdarovdan təzminat məbləğinin 2 faizi qədər ödənişin verilməsini tələb edib və məhkəməyə müraciət edib.
Bakı Apellyasiya Məhkəməsinin 4 aprel 2025-ci il tarixli qərarı ilə İlham Sərdarovun vəkilinə kompensasiyanın 2 faizi məbləğində ödəniş etməsi müəyyən edilib. Bununla belə, məhkəmə qərarı bu günədək icra olunmayıb.