
ABŞ Prezidenti Donald Tramp noyabrın 1-dən etibarən Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 100 faizdən 155 faizə yüksəldəcəyini açıqlayıb.
Missiya.Az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə Avstraliyanın Baş naziri Entoni Albanezi ilə görüş zamanı danışıb.
“Çin bizi nadir torpaq elementləri ilə təhdid edərsə, 150 faizlik tarif ödəməli olacaqlar. Əgər razılaşma olmazsa, Çin bunun əvəzini ağır ödəyəcək”, – deyə ABŞ Prezidenti bildirib.
O, noyabrın 1-dən Çinə qarşı yeni ixrac nəzarət mexanizmlərinin də tətbiq ediləcəyini, hətta ABŞ-də istehsal olunmayan bəzi məhsulların belə bu siyahıya daxil ediləcəyini deyib.
Tramp iki həftə sonra Cənubi Koreyaya səfəri zamanı Çin lideri Si Cinpin ilə görüşə biləcəyini də istisna etməyib.
“Düşünürəm ki, uğurlu danışıqlar ola bilər. Amma görüş baş tutmaya da bilər”, – deyə o əlavə edib.
ABŞ Prezidenti tariflərin yalnız iqtisadi alət olmadığını, həm də milli təhlükəsizlik üçün vacib vasitə olduğunu bildirib.
Seyranə QuliyevaMissiya.Az