AZ

Alimlər “xoşbəxtlik həddi”ni müəyyən ediblər – sağlamlıq üçün minimal bal açıqlandı

Xoşbəxtliyin insan ömrünü uzatdığı uzun illərdir müzakirə olunur. Rumıniyalı alimlər isə bu dəfə xoşbəxtliyin sağlamlığa təsir etdiyi “kritik həddi” müəyyən ediblər.

Editor.az xəbər verir ki, tədqiqat “Frontiers in Medicine” jurnalında dərc olunub. Alimlərin gəldiyi nəticəyə görə, insanın xoşbəxtlik səviyyəsi “Həyat Nərdivanı” şkalasında ən azı 2,7 bala çatdıqdan sonra onun sağlamlığına müsbət təsir göstərməyə başlayır.

Tədqiqatın rəhbəri, professor Yuliya Yuqa bildirib ki, bu hədd xoşbəxtliyin artıq ictimai sağlamlıq amili kimi fəaliyyət göstərdiyi nöqtəni göstərir:

“Biz müəyyən etdik ki, subyektiv rifah yalnız 2,7 bal həddini keçdikdən sonra sağlamlığa təsir edir. Hər əlavə 1% xoşbəxtlik artımı qeyri-infeksion xəstəliklərdən ölüm hallarını təxminən 0,43% azaldır,” – deyə Yuqa qeyd edib.

Alimlərin fikrincə, bu təsir ürək-damar xəstəlikləri, xərçəng, diabet və astma kimi ölümcül, lakin yoluxucu olmayan xəstəliklərin riskini azaldır.

“Həyat Nərdivanı” şkalası insanların subyektiv xoşbəxtliyini 0-dan 10-a qədər qiymətləndirir. 0 – “ən pis mümkün həyat”, 10 isə “ən yaxşı mümkün həyat” kimi təyin olunur. Sorğuda iştirak edən 123 ölkə üzrə orta göstərici 5,45 bal olub. Ən aşağı nəticə 2,18, ən yüksək isə 7,97 bal səviyyəsində qeydə alınıb.

Professor Yuqa vurğulayıb ki, 2,7 bal çox aşağı səviyyə hesab olunsa da, bu həddi keçdikdən sonra artan xoşbəxtlik sağlamlığa real təsir göstərməyə başlayır.

Tədqiqatçılar həmçinin qeyd edirlər ki, daha yüksək xoşbəxtlik göstəricisinə malik ölkələr adətən daha sabit sosial institutlara, güclü səhiyyə sisteminə və aşağı bərabərsizlik səviyyəsinə malik olur.

Mütəxəssislər hesab edirlər ki, havanın keyfiyyətinin yaxşılaşdırılması, piylənmənin azaldılması və alkoqol istehlakının məhdudlaşdırılması kimi addımlar xoşbəxtlik səviyyəsini artırmaqla yanaşı, ölüm hallarını da azalda bilər.

Alimlər sonda bildiriblər ki, xoşbəxtlik təkcə şəxsi hiss deyil, həm də ölçülə bilən ictimai sağlamlıq göstəricisi kimi qəbul edilməlidir.

//Gülnarə Abasova, Editor.az

Seçilən
80
editor.az

1Mənbələr