Vuqar Bayramov: "Təklifkərimdən biri daha yüksək pensiya alan vətəndaşlarımız üçün nisbətən aşağı indeksasiya faizi, az pensiya alan vətəndaşlarınız üçün isə daha yüksək indeksasiya faizinin tətbiq edilməsi ilə bağlı olub"
Azərbaycan Maliyyə Nazirliyi hər il olduğu kimi, cari ildə də ölkənin ortamüddətli və uzunmüddətli dövrdə qarşılaşa biləcəyi sosial-iqtisadi, humanitar və fiskal riskləri təhlil edib. Nazirliyin dərc etdiyi “Ortamüddətli Xərclər Çərçivəsi (2026–2029)” sənədində qeyd olunur ki, hazırda ölkənin fiskal dayanıqlığı və xüsusilə pensiya sisteminin maliyyə sabitliyi qənaətbəxş hesab olunur, yaxın illərdə ciddi risk əlamətləri gözlənilmir.
Lakin sənəddə vurğulanan kimi, qarşıdakı dörd ildə hökumətin başlıca vəzifəsi ölkə əhalisinin sosial rifahının yüksəldilməsi və həyat keyfiyyətinin davamlı şəkildə yaxşılaşdırılması olacaq. Bu məqsəd sosial siyasətin və büdcə idarəçiliyinin mərkəzi istiqamətinə çevriləcək.
Gəlir fərqləri və sosial disbalans
Statistik göstəricilər sosial təminat sahəsində ciddi fərqlərin mövcud olduğunu göstərir. Hazırda minimum əməkhaqqı 400 manat, minimum pensiya 320 manat, yaşa görə sosial müavinət isə 220 manat təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə orta aylıq əməkhaqqı 2025-ci ilin birinci yarısında 970 manat səviyyəsində olub. Bu isə o deməkdir ki, minimum əməkhaqqı orta göstəricidən təxminən 2,4 dəfə azdır. Halbuki Azərbaycan Avropa Şürasına üzv olanda (2001-ci ildə) hökumət öhdəlik götürmüşdü ki, 5 ilə minimum əmək haqqını örta aylıq əmək haqqının 60%-ə çatdıracaq.
Daha kəskin fərq isə pensiya sistemində müşahidə olunur. Sadə vətəndaşın aldığı pensiya 320 manat olduğu halda, bəzi yüksək vəzifəli şəxslərin və dövlət qulluqçularının pensiya məbləği 8–15 min manata qədər yüksəlir. Beləliklə, orta səviyyəli məmurun pensiyası 20-38 minimum pensiya alan vətəndaşın gəlirinə bərabər olur. Bu, sosial ədalət prinsiplərinin pozulmasına, fiskal yükün qeyri-bərabər paylanmasına və pensiya sisteminə ictimai etimadın azalmasına səbəb olur.
Ekspertlərin baxışı - ədalətli və davamlı modelə keçid
Ekspertlərin fikrincə, hökumət ilk növbədə aşağı pensiya alan vətəndaşlara hədəfli sosial əlavələr tətbiq etməli, resursları ən çox ehtiyac duyan təbəqələrə yönəltməlidir. Bu addım həm sosial müdafiənin effektivliyini artıracaq, həm də əhalinin alıcılıq qabiliyyətini qoruyacaq.
Digər vacib məsələ dövlət qulluqçularına və deputatlara təqdim edilən xüsusi pensiya rejimlərinin mərhələli şəkildə ümumi sistemlə harmonizasiya edilməsidir. Bu, həm sosial ədaləti bərpa edər, həm də büdcə yükünü azaldar. Yeni təyinatlar üçün xüsusi pensiya imtiyazlarının məhdudlaşdırılması və yüksək pensiyalara yuxarı limitin tətbiqi sosial balansı təmin edə bilər.
Mütəxəssislər həmçinin pensiya məbləğinin əmək fəaliyyəti dövründə toplanan sosial sığorta haqları ilə birbaşa əlaqələndirilməsini təklif edirlər. Bu “əldə etdiyin qədər alırsan” prinsipini gücləndirəcək və sistemin ədalətliliyini artıracaq.
Uzunmüddətli həll yolları və iqtisadi nəticələr
Uzunmüddətli perspektivdə hökumətin qarşısında duran əsas vəzifə pensiya sisteminin maliyyə dayanıqlığını qorumaq və fiskal yükü balanslaşdırmaqdır. Bunun üçün hər il aktuariyal (maliyyə risk) hesabatlarının hazırlanması, sosial xərclərin şəffaf izlənməsi və qeyri-formal məşğulluğun azaldılması vacibdir.
Rəsmi məlumatlara əsasən, ölkədə hələ də 1 milyondan çox insan qeyri-formal şəkildə çalışır. Bu isə Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların azalmasına və pensiya sisteminin maliyyə sabitliyinə mənfi təsir göstərir. Əmək bazarının rəsmiləşdirilməsi sosial sığorta gəlirlərini artıracaq və gələcək pensiya artımlarını daha dayanıqlı edəcək.
Yüksək pensiya alan şəxslər üçün əvəzlik nisbətinin tədricən azaldılması da nəzərdən keçirilir. Məsələn, 2025-ci ildə pensiyaların orta əvəzlik nisbəti (yəni pensiyanın son əməkhaqqına nisbəti) 38 faiz təşkil edib. Bu göstəricinin yüksək gəlir qrupları üçün azaldılması həm ədalət, həm də büdcə sabitliyi baxımından vacib sayılır.
Sosial ədalətin bərpası üçün ən vacib addımlardan biri şəffaflığın artırılmasıdır. Ekspertlər pensiya növləri, məbləğləri və dövlət tərəfindən verilən xüsusi güzəştlər barədə açıq məlumat bazasının yaradılmasını təklif edirlər. Bu yanaşma vətəndaşların hökumət siyasətinə inamını möhkəmləndirər, həm də ictimai nəzarəti gücləndirər.
Sosial islahatların uğur şərtləri
Sosial siyasətin effektivliyi təkcə görülən tədbirlərdən deyil, həm də onların ictimaiyyətə necə izah edilməsindən asılıdır. Əgər islahatlar mərhələli şəkildə həyata keçirilərsə, aydın kommunikasiya və sosial kompensasiya mexanizmləri ilə müşayiət olunarsa, cəmiyyət tərəfindən daha rahat qəbul ediləcək. Əks halda, xüsusi imtiyazlı qrupların müqaviməti və sosial narazılıq riski yarana bilər.
Yəni Azərbaycanın qarşısında duran əsas çağırış sosial ədalət ilə fiskal dayanıqlıq arasında tarazlığı müəyyən etmək və onu qorumaqdır. Hökumət 2026-2029-cu illər üçün planlaşdırdığı sosial siyasətdə həm rifahı artırmaq, həm də maliyyə sabitliyini saxlamaq arasında balansı təmin etməlidir.
Bu məqsədlə aparılacaq hər bir islahatın uğuru şəffaflıq, ədalət və məsuliyyət prinsiplərinin qorunmasından asılı olacaq. Sosial bərabərliyin bərpası təkcə pensiya sisteminin deyil, bütövlükdə cəmiyyətin sosial sabitliyinin təminatıdır.
Məsələ ilə bağlı baki-xeber.com nəşrinə münasibət bildirən iqtisadçı deputat Vüqar Bayramov deyib ki, bu istiqamətdə əsas çağrış pensiya sisteminin keçid dövründə olmasıdır: "Yen bu həm də sığorta-yığım sisteminə keçidlə bağlıdır ki, bu gün pensiyaçı vətəndaşlarımızın xeyli hissəsinin sığorta-yığım mərhələsindən əvvəlki dövürlərdə stajları olub. Bu da onların pensiya məbləğinə birbaşa təsir göstərir. Növbət dövürdə daha çox sığorta yığımına görə penisya hesablanadığına görə bu tendensiya tədircən aradan qalxacaq.
Amma mən də Milli Məclisin iclasında, xüsusən də indeksasiya zamanı, yalnız kəmiyyət deyil, həm də keyfiyyət göstəricilərindən istifadə edilməsini təklif etmişəm. Təkliflərindən biri də daha yüksək pensiya alan vətəndaşlarımız üçün nisbətən aşağı indeksasiya faizi, az pensiya alan vətəndaşlarımız üçün isə daha yüksək indeksasiya faizinin tətbiq edilməsi ilə bağlı olub. Yəni təklif ondan ibarətdir ki, bütün pensiyalar eyni faizlə indeksləşdirilməsin. Çünki bu yüksək pensiya alanlarda daha çox artım, aşagı pensiya alanlarda isə nisbətən az artımla ifadə olunur. Ona görə də təklifimiz ondan ibarətdir ki, məsələyə yanaşma difrensial olsun. Aşagı pensiya alan vətəndaşların indeksasiya faizi daha yüksək, pensiya məbləği yüksək olan vətəndaşlarımızın isə indeksasiya faizinin aşağı olması həm də median (orta) pensiya məbləğinin artmasına gətirib çıxaracaq. Bu baxımdan düşünürük ki, difrensial yanaşma tətbiq etməklə biz yüksək pensiya ilə aşağı pensiya arasındakı fərqin mərhələli şəkildə azalmasına və median pensiya məbləğinin artmasına nail ola bilərik".
Akif NƏSİRLİ