Dünyanın ən çox ziyarət edilən muzeyi olan Luvr bazar ertəsi də bağlı qalıb. Bu, muzeydən tarixi zinət əşyalarının oğurlanmasından bir gün sonra baş verib.
Luvrun Apollon Qalereyasında kriminalistlər cinayətkarları tapmağa kömək edə biləcək hər bir iz üçün hər qarışı diqqətlə araşdırırlar. Oğruların muzeyə girib çıxması cəmi dörd dəqiqə çəkib.
Luvr muzeyinin Apollon qalereyasında qarətdə oğrular İmperatrisa Evgeniyaya aid təqribən 2000 brilliantla bəzədilmiş diadem, Kraliça Mari-Ameliyanın safir boyunbağısı və III Napaleonun anasına məxsus qiymətli bəzək əşyaları da daxil olmaqla Fransa tacının səkkiz qiymətli daş-qaş əşyasını oğurlayıblar.
Fransa hakimiyyət orqanlarının bildirdiyinə görə, imperatriça Evgeniyənin 1300-dən çox brilliantla bəzədilmiş zümrüdlü tacı sonradan muzeyin yaxınlığında tapılıb.
Hadisədən dərhal sonra oğruların muzeyə daxil olmaq üçün istifadə etdikləri mexaniki lift yerində qalıb. Bu, muzeyin təhlükəsizlik sistemində ciddi boşluq olduğunu göstərib.
Londonda yerləşən Beynəlxalq incəsənət bərpa təşkilatına görə, polis artıq zinət və incəsənət oğurluqları ilə əvvəllər əlaqəsi olan şəxsləri, onların tanışlarını dindirəcək.
Hüquqşünas və sənət oğurluqları üzrə araşdırmaçı Kristofer A. Marinello bildirib ki, polis və muzey ekspertləri zinət əşyalarının parçalanmadan, daşların çıxarılmadan əvvəl tapılması üçün ciddi səylər göstərir.
Onun sözlərinə görə, Fransa polisi artıq xarici yardım da alıb: “Onlar etiraf ediblər ki, İsraildə fəaliyyət göstərən xüsusi araşdırma şirkətinə müraciət ediblər. Həmin şirkət 2019-cu ildə Almaniyanın Drezden şəhərindəki Green Vault muzeyinin talanında iştirak edən cinayətkarların tutulmasına da kömək etmişdi.”
Marinello hesab edir ki, bu kolleksiya qısa müddətdə ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılacaq. Lakin onun fikrincə, oğrular zinət əşyalarını bütöv şəkildə satmaq niyyətində deyillər:
“Mən hələ heç vaxt ‘sifarişlə oğurluq’ halı görməmişəm. Hollivud filmləri bizə sanki gizli kolleksiyaçılar varmış kimi göstərir, amma əslində bu cinayətkarlar sadəcə fürsətdən istifadə edən küçə oğrularıdır. Onlar ağıllı plan qurublar, amma yenə də sadə oğrudurlar. Bu zalı seçiblər, çünki pəncərəyə yaxın idi. Bu zinət əşyalarını isə ona görə seçiblər ki, daşları çıxarıb İsrailə, Antverpenə, Hindistana aparmaq və orada qanunsuz yollarla kəsdirib satmaq mümkün olsun.”
O bildirib ki, kolleksiya bütöv şəkildə qiymətsizdir, lakin oğrular üçün daşların ayrı-ayrılıqda dəyəri daha önəmlidir
Hazırda bütün limanlar və su yolları nəzarət altındadır. Əgər Marinellonun dediyi kimi izlər şərqə aparırsa, İnterpol artıq bölgədə fəaliyyətə başlayıb və hər bir zinət alverçisini diqqətlə araşdırır.
Son illərdə Luvrda təhlükəsizlik tədbirləri gücləndirilib və muzeyin yenilənməsi planına uyğun olaraq daha da möhkəmləndirilir. Rəsmilər deyirlər ki, yenilənmələrə yeni nəsil kameralar, perimetrin aşkarlanması və yeni nəzarət otağı daxildir. Lakin tənqidçilərin fikrincə, bu tədbirlər çox gecikib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta