Ağ Ev rəsmisi Macarıstanın paytaxtı Budapeştdə iki həftə sonra keçirilməsi gözlənilən Tramp-Putin zirvəsi ilə bağlı yazılı açıqlama verib. Yüksək rütbəli rəsmi Trampın “yaxın gələcəkdə” Putinlə görüş planlaşdırmadığını bildirib.
Açıqlamada ABŞ prezidenti Donald Trampın yaxın vaxtlarda Rusiya lideri Vladimir Putinlə görüşmək fikrində olmadığı bildirilir.
"Dövlət katibi Rubio və Rusiya xarici işlər naziri Lavrovun məhsuldar görüşü olub. Ancaq iki nazir arasında əlavə təkbətək görüşə ehtiyac olmayacaq. Prezident Trampın da yaxın vaxtlarda prezident Putinlə görüşü nəzərdə tutulmayıb" - deyə ABŞ rəsmisi bildirib.
Xatırladaq ki, Putin və Tramp oktyabrın ortalarında telefon danışığında yeni görüş barədə razılığa gəliblər və məkan olaraq Budapeşt seçilib. “NBC News” mənbəyə istinadən xəbər verir ki, Tramp heç bir tərəfin hələ danışıqlara hazır olmadığını düşünür.
Məlumatlara görə, Budapeştdə də planlaşdırılan sammitə hazırlıq dayandırılıb.
TAHİR