AZ

Hüquqi dövlət quruculuğunun mükəmməl nümunəsi

Azərbaycan suveren hüquqlarına əsaslanaraq strateji hədəflərinə doğru inamla addımlayır 

Ötən əsrin 80-ci illərinin sonlarından etibarən SSRİ miqyasında, o cümlədən ittifaq respublikalarında milli özünüdərk düşüncəsinin, siyasi fəallığın yüksəlməsi prosesi başlandı. Həmin dövrdə sovet konstitusiyasının 6-cı maddəsində - yəni Kommunist Partiyasının rəhbər rolunu təsbit edən müddəada dəyişiklik aparıldı, prezidentlik institutu yaradıldı, çoxmandatlı əsasda xalq deputatları seçkiləri keçirildi. 

Bu addımlar imperiyanın dağılmasının qarşısını almağa yönəlsə də, real nəticə vermədi. Çünki qeyd edilən proseslər mahiyyət etibarilə Kremlin labüd süqut taleyi qarşısında vaxt udmaq, ictimai narazılığı nəzarətdə saxlamaq üçün apardığı təbliğat xarakterli tədbirlər idi. İttifaq rəhbərliyi "yenidənqurma", "demokratiya" və "aşkarlıq" şüarları ilə ictimai fikri manipulyasiya etməyə çalışır, M.Qorbaçovun ətrafında cəmləşmiş erməni mənşəli siyasi dairələr isə yaranmış vəziyyəti Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı planlarını həyata keçirmək üçün fürsət kimi görürdülər. 

Xüsusilə, 1987-ci ilin noyabrında akademik Abel Aqambekyanın Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin məqsədəuyğunluğu barədə bəyanatı Ermənistan tərəfindən "Böyük Ermənistan" planının reallaşdırılması üçün siqnal kimi qəbul edildi. Bundan sonra Dağlıq Qarabağ və ətraf bölgələrdə etnik separatizmi təşviq edən mitinqlər başlandı və azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyasına, "türksüz Ermənistan" siyasəti ilə müşayiət olunan zorakılıq və qətliamlara start verildi. Beləliklə, "yenidənqurma" siyasəti Azərbaycanda nəinki sosial-iqtisadi inkişafı təmin etdi, əksinə, ölkəni ciddi etnik və siyasi böhranla üz-üzə qoydu. Azərbaycanın yeni rəhbərliyi isə Moskvadan göndərilən sifarişləri icra etmək metoduna üstünlük verdiyindən, bu proseslərə adekvat cavab verə bilmədi və ictimai-siyasi vəziyyət daha da gərginləşdi.

1988-ci il fevralın 20-də Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Xalq Deputatları Sovetinin sessiyasında Azərbaycan SSR Ali Sovetinə müraciət qəbul edildi və bu müraciətdə vilayətin statusunun yenidən nəzərdən keçirilməsi tələb olundu. Sözügedən müraciət faktiki olaraq Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi məqsədi güdən separatist tendensiyaların hüquqi əsaslandırılması cəhdi idi. SSRİ rəhbərliyi isə məsələyə riyakar yanaşaraq ilk baxışda guya neytral mövqe tutsa da, əslində, Ermənistanın ərazi iddialarını dolayısı ilə təşviq edirdi. 

1988-ci il iyunun 21-də DQMV Xalq Deputatları Sovetinin növbəti sessiyasında vilayətin Ermənistan SSR-ə birləşdirilməsi məsələsi müzakirə olundu. Məsələ ətrafında vəziyyət getdikcə gərginləşirdi, Moskva rəhbərliyi Azərbaycan SSR-in konstitusion hüquqlarını pozaraq 1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə DQMV-də "Xüsusi idarəetmə formasının tətbiqi" haqqında qərar qəbul etdi. Bu qərar əsasında SSRİ rəhbərliyinin nümayəndəsi Arkadi Volskinin başçılığı ilə "Xüsusi İdarə Komitəsi" (XİK) yaradıldı. XİK dövründə erməni silahlı qrupları təşkilatlanaraq silahlandırıldı, bunun müqabilində azərbaycanlıların özünümüdafiə vasitələri, yəni adi ov tüfəngləri müsadirə edildi, son nəticədə Azərbaycan rəhbərliyi bölgəyə real nəzarət imkanlarını tam itirdi.

SSRİ Nazirlər Sovetinin 1989-cu il 6 may tarixli qərarı ilə DQMV-də fəaliyyət göstərən idarə və müəssisələrin Azərbaycan SSR-in tabeliyindən çıxarılaraq birbaşa Moskvanın nəzarətinə verilməsi prosesi daha da mürəkkəbləşdirdi, bu dövrdə təkcə Xankəndi şəhərindən 14 min nəfərədək azərbaycanlı zorla çıxarıldı.

1989-cu il dekabrın 1-də isə Ermənistan SSR-in Ali Soveti "Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi haqqında" qərar qəbul etdi. Bu addım faktiki olaraq Ermənistanın Dağlıq Qarabağa dair ərazi iddialarının hüquqi müstəviyə keçirilməsi idi. DQMV rəhbərliyinin bu qərarı dəstəkləməsi prosesi daha da dərinləşdirdi.

1990-cı ilin yanvarın 15-də SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti və ona qonşu rayonlarda fövqəladə vəziyyət elan etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə isə sovet qoşunları Bakı şəhərinə - ermənilərin xalqımıza qarşı təcavüzkar davranışlarına, imperiya rəhbərliyinin ədalətsiz münasibətinə etiraz olaraq küçələrdə aksiyalara çıxmış əliyalın vətəndaşların üzərinə yeridildi. Hərbi müdaxilə nəticəsində 131 nəfər mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu. Bu hadisə Azərbaycanın siyasi tarixinə "Qara Yanvar" kimi yazıldı və ölkədə Moskva rəhbərliyinə qarşı kəskin ictimai etiraz dalğasını daha da gücləndirdi. 

Həmin vaxt Moskvada yaşayan və imperiya rəhbərliyinin ağır təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev faciənin səhəri günü oğlu İlham Əliyev ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, heç bir təzyiq və təhdiddən, həbs olunmaq, hətta ölüm təhlükəsindən çəkinməyərək imperiya rəhbərliyinin, şəxsən M.S.Qorboçovun cinayətlərini bütün dünyanın gözləri önündə ifşa etdi. 

Heydər Əliyevin həmin mətbuat konfransındakı çıxışı 20 Yanvar faciəsi haqqında ilk düzgün siyasi qiymət idi. Ovaxtkı Azərbaycan rəhbərliyi hələ bir müddət buna lazımi siyasi münasibət bildirməslər də, sonralar yenə də məhz Ulu Öndərin siyasi hakimiyyətə qayıdışından sonra onun tələbi və təkidi ilə 20 Yanvar faciəsinə əsaslandırılmış siyasi qiymət verildi. 

20 Yanvar faciəsindən sonra Kreml Dağlıq Qarabağda erməni silahlı birləşmələrinin tərk-silah olunmasına dair müəyyən epizodik addımlar atırdı. 1990-cı ilin mayın 22-də SSRİ Nazirlər Sovetinin qərarı ilə Dağlıq Qarabağın iqtisadi idarəçiliyi səlahiyyətləri Azərbaycan SSR-ə qaytarıldı. Bu, DQMV-də Azərbaycanın suveren hüquqlarının müəyyən dərəcədə bərpası kimi qiymətləndirilə bilərdi.

1990-cı il mayın 19-da Azərbaycan SSR Ali Sovetinin sessiyasında respublika tarixində ilk dəfə prezident institutu təsis olundu və Ayaz Mütəllibov ölkənin ilk prezidenti seçildi. Həmin ilin sentyabr ayında keçirilən Ali Sovet seçkilərində 360 deputat mandatından 30-u demokratik düşərgədən olan namizədlər qazandı. 

Bu seçkilərin ən mühüm məqamlarından biri də Ümummilli Lider Heydər Əliyevin siyasi səhnəyə qayıdışı oldu. 1987-ci ildə ali dövlət vəzifələrindən istefaya göndərildikdən sonra Moskvada ciddi təqib və nəzarət altında yaşayan Ulu Öndər 1990-cı ilin iyul ayında çox çətinliklə Bakıya, daha sonra Naxçıvana qayıtdı. İyulun 22-də Naxçıvan şəhərinin mərkəzi meydanında onun yerli əhali ilə görüşü keçirildi. Mitinqdəki çıxışı zamanı Heydər Əliyev demişdi ki, Azərbaycan xalqı respublikanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizə aparacaqdır. 

Ümummilli Liderin Azərbaycan Respublikasının 12-ci çağırış Ali Sovetinin 7 fevral 1991-ci ildə keçirilmiş birinci sessiyasındakı çıxışı da mühüm əhəmiyyətli tarixi sənəddir. Çıxışın tarixi mahiyyəti əsasən ondan ibarətdir ki, ilk dəfə olaraq burada 1988-ci ildən başlayaraq, Azərbaycanda baş vermiş siyasi hadisələrin düzgün qiyməti verilirdi. 

Dahi lider Heydər Əliyev həmin çıxışında Azərbaycan torpaqlarının tarixən ermənilər tərəfindən ələ keçirilməsi faktlarına da toxunurdu. Qeyd edirdi ki, 1918-ci ildən Ermənistan Respublikasının Azərbaycan torpaqlarını fasilələrlə ələ keçirməsi nəticəsində Azərbaycan ərazisi 1918-ci ildəki 114 min kvadratkilometrdən 1990-cı ildə 86 min kvadratkilometrədək azalmışdır. Torpaq məsələsi Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisində bundan əvvəl də müzakirə edilmişdi. Müzakirədə diqqətə çatdırılmışdı ki, 1929-cu ildən sonra Naxçıvan Muxtar Respublikasının ərazisindən 625 kvadratkilometr torpaq sahəsi, yəni 6 kənd Ermənistana verilmişdi. Bu da 62 min hektar kənd təsərrüfatına yararlı torpaq idi. 

Ulu Öndər Ali Sovetin sessiyasındakı çıxışı zamanı torpaq məsələsinin xalqımızın tarixində əsas amal olduğunu vurğulayırdı: "Əsrlər boyu Vətən, torpaq anlayışı xalqımızın ləyaqətini, mənliyini, şərəfini əks etdirmişdir. Xalq öz torpağının müqəddəsliyini qorumaq üçün onun uğrunda ölüm-dirim mübarizəsi aparmışdır, ulu babalarımız Vətən torpağının hər bir qarışını namus simvolu kimi qorumuş, onun yolunda canlarını və övladlarını qurban verməkdən çəkinməmişdir". 

Bu mülahizədən çıxış edərək Heydər Əliyev sessiyada təkcə Dağlıq Qarabağ məsələsinin yox, ümumən torpaq məsələsinin daha geniş planda qoyulması təşəbbüsünü irəli sürürdü. Həmin çıxışında Ümummilli Lider 1920-ci ildən Azərbaycan ərazisindən Ermənistana verilmiş torpaqların hamısının haqq-hesabının aparılması, hansı dövrdə nə qədər torpaq sahəsinin verildiyinin müəyyən olunmasını təklif edirdi. Aradan keçən onilliklər, bu gün Qərbi Azərbaycandakı tarixi torpaqlarımız, zamanında o torpaqlardan deportasiya edilmiş soydaşlarımızın yurda qayıdışı məsələsinin aktuallaşdırılması Ulu Öndərin hər zamankı kimi o çıxışında da nə qədər haqlı olduğunu təsdiqləyir. 

1991-ci il sentyabrın 3-də Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Ümummilli Liderin təşəbbüsü ilə hələ 1990-cı ilin 17 noyabrında Naxçıvan Ali Sovetinin sessiyası Muxtar Respublikanın adından "sovet sosialist" sözlərini götürdü, "Ali Sovet" sözlərini "Ali Məclis" sözləri ilə əvəz etdi. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı olması haqqında qərar qəbul etdi. 

Naxçıvanda atılan bu addımlar tezliklə bütün Azərbaycan üçün nümunəyə çevrildi. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral tarixli sessiyasında bir sıra tarixi qərarlar qəbul olundu. Dövlətin adı - "Azərbaycan SSR" dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiqləndi. 

Ümummilli Liderin uzaqgörənliyini tarix bir daha sübuta yetirdi, 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikası Ali Sovetinin sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə" qəbul etdi. Bu sənədin qəbul olunduğu növbədənkənar sessiyada Ulu Öndər Heydər Əliyev də Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Belə bir bəyannamənin qəbulu ölkənin SSRİ tərkibindən çıxması və suveren dövlət kimi beynəlxalq hüquq subyektliyini bərpa etməsi yolunda atılmış siyasi-hüquqi addımlardan oldu.

Dövlətimizin müstəqillik tarixinin ən mühüm hadisələrindən olan Əsas Qanun məhz Ulu Öndər Heydər Əliyevin gərgin əməyi nəticəsində hazırlandı. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu vasitəsilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər geniş şəkildə təsbit edildi.  Konstitusiyada dövlət hakimiyyət orqanlarının demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəli müdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmə təminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər öz əksini tapdı. Ölkənin Əsas Qanununun milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış 1996-cı il 1 noyabr tarixli fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdə Konstitusiya Günü kimi qeyd edilir.

Müstəqil Azərbaycanın tarixində xüsusi yer tutan bu qanunun əhəmiyyətini Ümummilli Lider Heydər Əliyev belə dəyərləndirirdi: "Hesab edirəm ki, qanun demokratik prinsiplərə cavab verən, demokratik parlament yaratmaq üçün əsas olan və ümumiyyətlə, respublikamızda dövlət quruculuğu sahəsində apardığımız işlər sırasında çox görkəmli yer tutan sənəddir. Mən hesab edirəm ki, bu qanunun qəbul olunması respublikamızda dövlət quruculuğu sahəsində görülən işlərin bir mərhələsidir, addımıdır, bir irəliləyişdir". 

Azərbaycanda hüquq sistemi, insan hüquqlarının təminatı və dövlət idarəetməsinin müasirləşdirilməsi sahəsində ciddi nailiyyətlər əldə edilib. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu nailiyyətlərin davam etdirilməsi və Konstitusiya prinsiplərinin dərinləşdirilməsi üçün ardıcıl islahatlar həyata keçirilib. Ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində, 2009-cu il martın 18-də isə 25 maddəyə əlavə və dəyişikliklər edilib. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının gücləndirilməsi, həmçinin vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən irəli gəlir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən əlavə və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə yönəlmiş, dövlətin təməlləri daha da möhkəmləndirilmişdir. 

2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror əməliyyatı bu strateji hədəfin təminində Prezident-Ordu-Xalq həmrəyliyinin ən yaxşı nümunəsini ortaya qoydu. 44 günlük Vətən müharibəsi və ardınca antiterror əməliyyatı ilə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi. Beləliklə, suveren və müstəqil Azərbaycanın bütün ərazisində Ali Qanunun - Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi.

Prezident cənab İlham Əliyevin 2025-ci ili "Konstitusiya və Suverenlik İli" elan etməsi Azərbaycanın dövlətçilik ənənələrinin daha da möhkəmləndirilməsi, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addımdır. 

Bu gün suverenliyini və ərazi bütövlüyünü təmin edən Azərbaycan Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq strateji hədəflərə doğru inamla irəliləyir. 

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədr müavini, tarix üzrə fəlsəfə doktoru

Seçilən
69
azerbaijan-news.az

1Mənbələr