Prezident İlham Əliyevin oktyabrın 20-21-i Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə dost ölkəyə dövlət səfəri iki ölkə arasında münasibətlərdə yeni bir mərhələnin başlanğıcı olacaq. Bunu təsdiq edən amillər çoxdur.
Milli Məclisin deputatı Azər Badamov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev dövlət səfəri ərəfəsində Qazaxıstan mətbuatına eksklüziv müsahibə verdi. Yeri gəlmişkən, burada qeyd olunmalı bir məqam da odur ki, iki ölkənin mətbuat agentliyi arasında son zamanlarda nəzərəçarpan əməkdaşlıq formatları yaranmışdır. Bunu Mərkəzi Asiya dövlətlərindən olan Özbəkistanla da görmək olur ki, bu da münasibətlərin daha dayanıqlı inkişafından, informasiya məkanında etimad mühitinin dərinləşməsindən xəbər verir. "Məhz bu amil indiki informasiya burulğanında lazım olan məsələdir. İkincisi, bütün mürəkkəb siyasi kombinasiyaların mövcudluğunda belə Qazaxıstanla Azərbaycan əks qütblərdə yer almadılar. Zamanında elə məqam oldu ki, Qazaxıstanla Azərbaycan üz-üzə qoyulmağa çalışıldı. Lakin hər iki dövlət başçısının siyasi iradəsi, mütəmadi təması nəticəsində buna imkan verilmədi. Azərbaycan və Qazaxıstan liderləri dünyanın siyasi nizamını düzgün qiymətləndirən dövlət xadimləridirlər. Zəngin təcrübə hər iki dövlətin beynəlxalq münasibətlər sistemində oturuşmuş mövqedə olmasında önəmli rola malikdir. Son zamanlarda həm Prezident İ.Əliyevin, həm Prezident K.Tokayevin ritorikasına nəzər yetirmək kifayətdir ki, münasibətlərimizin get-gedə inkişaf edəcəyi, daha da dərinləşməsi haqqında aydın təsəvvür yaransın", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, əlaqələrin hərtərəfli şaxələndirilməsi prezidentlər, dövlət və hökumət institutları qədər cəmiyyətlərimizin də marağındadır. Mərkəzi Asiya dövlətləri ilə hərtərəfli inteqrasiya prosesinin başlaması hüquqi əsaslandırma tələb edir ki, Azərbaycanla Qazaxıstan arasında imzalanan "Strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında" müqavilə buna zəmin yaradır. Sözügedən sənəd əməkdaşlığının müxtəlif sahələr üzrə inkişafının etibarlı bazisini təşkil edir. Bundan əlavə, Azərbaycan - Qazaxıstan əlaqələri həm ikitərəfli konktekstdə, həm Türk Dövlətləri Təşkilatı çərçivəsində, həm də digər təşkilatlar daxilində inkişaf edir. Vaxtilə Qazax-ıstanla münasibətlər sadəcə ortaq tarix, dil, mədəniyyət üzərindən inkişaf edirdisə, bu gün Türk Dövlətləri Təşkilatının daha da güclənməsi, regionun siyasi iqtisadi konfiqurasiyasının dəyişməsi nəticəsində həm Azərbaycan, həm də Qazaxıstan üçün vacib olan təhlükəsizlik məsələləri müzakirə olunur. Bu amilin özü hər şeydən öncə tam müstəqil siyasətin təzahürüdür.
A.Badamov diqqətə çatdırıb ki, Vaşinqtonda imzalanmış sənədlərin ardınca reallaşdırılacaq "Beynəlxalq sülh və rifah üçün TRIPP marşrutu" da nəzərə alınaraq TDT-nin sayca XII Zirvə görüşünün sülh və təhlükəsizlik mövzusu üzərində qurulması zamanında verilmiş çox düzgün qərardır: "Deməli, gündəliyimiz sülh gündəliyi, fəaliyyətimizin əsası isə iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi ilə böyük bir coğrafiyanı əhatə edəcək siyasət nəticəsində xalqların rifah halının daha da yaxşılaşdırılmasıdır. Reallaşdırılan layihələr həm Qazaxıstanın, həm Azərbaycanın, həm də bütövlükdə Avrasiyanın iqtisadiyyatının genişlənməsinə gətirib çıxaracaq".
Deputat əlavə edib ki, hər iki ölkə modernləşməyə, iqtisadiyyatın diversifikasiyasına, islahatlar paketinin davamlı qaydada xalqa xeyir gətirməsinə fokuslanıb. İki ölkə lideri arasında davamlı təmaslar zamanı tətbiq edilən təcrübənin qarşılıqlı surətdə mübadiləsi bir-birinə etimaddan xəbər verir. Azərbaycan üçün Qarabağ və Şərqi Zəngəzurun bərpası son dərəcə həssas məsələdir. Bu xüsusda qeyd etməliyik ki, Qazaxıstanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisini reallaşdırması Azərbaycan xalqının qəlbini fərəhləndirdi.
Azər Badamovun sözlərinə görə, münasibətlərimiz sadəcə siyasi və iqtisadi sahə ilə məhdudlaşmır. İnvestisiya layihələrinin artırılması dövlətlərimiz qədər, biznes dünyasının da marağındadır. Burada isə hər bir investoru yaxından maraqlandıran amil etimad mühitinin mövcudluğudur ki, məhz bu da qarşılıqlı sərmayə təşəbbüslərini təşviq edir. Mədəni-humanitar sahələr üzrə davam edən əməkdaşlıq mexanizmləri cəmiyyətləri bir-birinə yaxınlaşdırır: "Bu günə qədər ölkədə Qazaxıstan kapitalı ilə 250-yə yaxın kommersiya strukturu qeydə alınıb. Bu, investisiya mühitinə yüksək etimadı təsdiq edir və iqtisadi qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi üçün möhkəm zəmin yaradır. İqtisadi əlaqələrimizdə davamlı artım müşahidə edirik. Belə ki, 2024-cü ilin statistikası göstərir ki, Azərbaycanla Qazaxıstan arasında əmtəə dövriyyəsi 470 milyon dollar dəyərindədir. Bu statistik rəqəm 2025-ci ilin yanvar-avqust aylarında müvafiq olaraq daha öncəki illə müqayisədə 547 milyon dollar olub. Bu, üç dəfə artım deməkdir. Orta dəhlizin potensialından istifadə, nəqliyyat və logistika infrastrukturunun rəqəmsallaşdırılması amili bu artımda əhəmiyyətli rol oynayır. İki ölkə arasında davamlı investisiya qoyulmasının şahidiyik ki, bu da iqtisadiyyatlarımızın dinamik inkişafı deməkdir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollar, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollar dəyərindədir".
Deputat deyib ki, Qazaxıstanla Azərbaycanı birləşdirən Xəzər dənizinin dayazlaşması məsələsi ümumi marağımızda olan məsələ qədər, resursların effektiv idarə olunması baxımından da xüsusi önəm kəsb edir. Xəzəri qorumaq bütün Xəzəryanı dövlətləri dərindən maraqlandırmalıdır. Bu istiqamətdə sistemli və koordinasiyalı fəaliyyət ortaya qoymaq lazımdır. Əgər iqtisadiyyatlarımızın şaxələndirilməsinə fokuslanmışıqsa, digər yandan risklərin azaldılmasına da çalışmalıyıq. Risk amili ətrafında Xəzərlə bağlı da düşünülməlidir. Xəzərin təhlükəsizliyinin təmin olunması bir daha ondan xəbər verir ki, təhlükəsizlik amili modern çağımızda yalnız hərbi komponentlə məhdudlaşmır. Qarşıda bizi ortaq çağırışlar gözləyir. Bu çağırışlara effektiv cavab verilməsində Qazaxıstan-Azərbaycan əməkdaşlığı yaxşı bir model ola bilər.
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"