AZ

"İkitərəfli əməkdaşlığın dərinləşməsinə təkan verən konstruktiv dialoqdur"

Azərbaycan və Qazaxıstan arasında münasibətlər diplomatik əlaqələrin qurulduğu tarixdən yüksələn xətlə inkişaf edib. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din, ortaq dəyərlər birləşdirir. İki dövlət arasında strateji tərəfdaşlığa əsaslanan güclü və hərtərəfli münasibətlər qurulub. Tərəflər arasında imzalanan 170-dən çox sənəd münasibətlərin inkişafını təmin edən geniş hüquqi baza formalaşdırıb. 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirib ki, bu il 20 illiyi qeyd edilən Azərbaycan ilə Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında müqavilənin əhəmiyyətini xüsusi qeyd etmək vacibdir. Bu sənəd Azərbaycan-Qazaxıstan əməkdaşlığının müxtəlif sektorlarda inkişafının etibarlı təməlini qoyub və ötən illər ərzində ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənib. "Azərbaycan ilə Qazaxıstan arasında siyasi əlaqələr hazırda ən yüksək mərhələsini yaşayır. Ötən onilliklər ərzində xalqlarımız arasında tarixi qardaşlığa, dostluğa və qarşılıqlı dəstəyə, ortaq türk kimliyinin möhkəm təməlinə, oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri formalaşıb. Sözsüz ki, ikitərəfli əməkdaşlığın möhkəmlənməsinə töhfə verən mühüm amil ən yüksək səviyyədə aparılan və dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsinə təkan verən fəal və konstruktiv dialoqdur", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan və Qazaxıstan ikitərəfli münasibətlərlə yanaşı, çoxtərəfli formatlarda, xüsusilə beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər platformalar çərçivəsində də səmərəli əməkdaşlıq edirlər. Ölkələrimiz beynəlxalq arenada bir-birini dəstəkləyir, bir çox məsələdə ortaq mövqeyi bölüşürlər.

V.Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev bu ölkəyə növbəti dövlət səfəri çərçivəsində Ali Dövlətlərarası Şuranın iclasında iştirak etdi.

Deputat vurğulayıb ki, iki dövlət arasında münasibətlərdə nəqliyyat-logistika əməkdaşlığı iqtisadi artım və regional bazarların inteqrasiyası üçün yeni imkanlar açan strateji əhəmiyyətli istiqamətdir: "Azərbaycanın Qazaxıstan iqtisadiyyatına investisiyası 225 milyon dollara, Qazaxıstanın isə Azərbaycana sərmayəsi 136 milyon dollara çatıb. Bu göstəricilər tərəflərin uzunmüddətli tərəfdaşlığa və davamlı inkişafa qarşılıqlı marağını nümayiş etdirir".

Ə.QARDAŞXANOVA, 

"Azərbaycan" 

Seçilən
28
azerbaijan-news.az

1Mənbələr