İspaniya La Liqası 17-ci turun “Vilyarreal” – “Barselona” oyununun Mayamidə keçirilməsi planının ləğv olunduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, La Liqa məsələ ilə bağlı “X” sosial şəbəkəsində rəsmi bəyanat yayıb.
Bildirilib ki, layihənin reallaşmaması İspaniya futbolunun beynəlmiləlləşməsi istiqamətində itirilmiş tarixi fürsətdir:
“La Liqa dərin təəssüf hissi ilə bildirir ki, bu layihə – İspaniya futbolunun beynəlxalq səviyyədə tanıdılması üçün tarixi və unikal imkan – həyata keçmir. Rəsmi oyunun ölkə hüdudlarından kənarda keçirilməsi çempionatın qlobal miqyasda inkişafına, klubların beynəlxalq görünürlüğünün artmasına və futbol brendinin ABŞ kimi strateji bazarda möhkəmlənməsinə xidmət edəcəkdi.”
Məlumata görə, Mayamidə oyun keçirməyi planlaşdıran təşkilatçılar hazırlıq prosesinin keyfiyyətli şəkildə tamamlanması üçün kifayət qədər vaxtın olmadığını bildiriblər.
Qeyd edək ki, qarşılaşma 20 dekabr tarixində ABŞ-da baş tutmalı idi.