Azərbaycan prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasına dövlət səfəri, bunun hansı nəticələrə gətirib çıxaracağı beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir. Məsələyə nəzər salan Rusiyanın “Nezavisimaya qazeta” mətbu orqanı yazır:
“Azərbaycan prezidenti İlham Əliyev ikitərəfli münasibətlərdə yeni səhifə açmaq məqsədi ilə oktyabrın 20-də Astanaya dövlət səfərinə gəlib. Kasım-Jomart Tokayev qonağı hava limanında şəxsən qarşılayıb. Rəsmi danışıqlarda əsas mövzulara enerji, nəqliyyat və rəqəmsallaşma daxildir - Azərbaycanın artıq dünyanın ən böyük iqtisadiyyatlarını birləşdirən əsas qlobal logistika mərkəzi kimi özünü təsdiq etdiyi sahələr.
Son bir neçə ildə Azərbaycan sistematik olaraq özünü qlobal və regional maraqların kəsişməsində əsas mərkəz kimi təqdim edib. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (həmçinin Orta Dəhliz kimi tanınır) çevrilmiş TRASEKA və “Bir kəmər, bir yol” təşəbbüsü kimi nəqliyyat dəhlizlərini, o cümlədən bərpa olunan enerjinin Avropaya nəqli də daxil olmaqla Cənubi Qafqaz və Mərkəzi Asiya üçün enerji layihələrini strateji cəhətdən inkişaf etdirməklə Azərbaycan əvəzolunmaz tərəfdaş statusunu möhkəmləndirib. “Bu gün geosiyasi dəyişikliklər sayəsində Bakı arzuolunan mövqedən faktiki əsas ölkə statusuna keçib. 10 il əvvəl layihələri birləşdirən potensial tam şəkildə reallaşıb. Prezident Əliyev haqlı olaraq “açar ölkə”nin lideri hesab oluna bilər, o, Cənubi Qafqaza və Mərkəzi Asiyaya qapı açır. Bir sıra layihələr, o cümlədən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi Azərbaycanın əhəmiyyətini daha da artırır”, - Xəzər Strateji Araşdırmalar İnstitutunun eksperti Aleksandr Karavaev qeyd edib. Azərbaycanın təkcə regional deyil, qlobal sammitlərdə iştirakı onun artan təsirindən xəbər verir. Prezident Əliyev ABŞ prezidenti Donald Tramp və Misir prezidenti Əbdülfəttah əs-Sisinin təşəbbüsü ilə Danimarkada keçirilən Avropa Siyasi Birliyinin sammitinin və Yaxın Şərq Sülh Sammitinin əsas iştirakçıları arasında olub. Ola bilsin ki, Azərbaycan öz ordusunu Yaxın Şərqdə sülhməramlı əməliyyatlara cəlb edə bilər. Bu təşəbbüsün təfərrüatları hələ də qeyri-müəyyəndir, lakin müzakirələrin getməsinin özü Azərbaycanın beynəlxalq imicinin dəyişməsindən və ABŞ-la münasibətlərinin təkamülündən xəbər verir. Bu dəyişikliklərin bariz əlaməti hər iki ölkənin ekspertləri tərəfindən Bakı ilə Vaşinqton arasında strateji tərəfdaşlıq haqqında saziş layihəsinin hazırlanmasıdır. İlham Əliyevin Qazaxıstana səfərinin təkcə iqtisadi deyil, həm də mühüm siyasi tərəfi var. Otuz il ərzində Qazaxıstan və Azərbaycan kəskin gərginlikdən uzaq münasibətlər qurublar. 2024-cü ilin dekabrında Aktau yaxınlığında AZAL reysi ilə uçan və onlarla insanın həyatına son qoyan təyyarə qəzası Qazaxıstan, Azərbaycan və Rusiya arasında üçtərəfli əməkdaşlığın sınağı oldu. Bu hadisə diplomatik böhrandan çox, məsuliyyətli əməkdaşlıq nümunəsi nümayiş etdirdi. Qazaxıstanın rəhbərlik etdiyi, bütün tərəflərin və beynəlxalq ekspertlərin cəlb olunduğu birgə araşdırma, Rusiyanın rəsmi üzr istəməsi və Vladimir Putinin açıqlaması gərginliyin qarşısını almağa kömək etdi. Açıq məlumat mübadiləsi, kompensasiya və texniki qiymətləndirmə məsələlərinin birgə həlli etimadı gücləndirdi. Bu şəffaflıq inamsızlığın artmasının qarşısını aldı, hətta mürəkkəb vəziyyətlərin də dialoq yolu ilə həll oluna biləcəyini nümayiş etdirdi. Bakı Moskva və Astana arasında əməkdaşlığı yüksək qiymətləndirdi və faciəvi hadisə son nəticədə kommunikasiyanın güclənməsinə və təhlükəsizlik üçün sıx əlaqələndirmənin vacibliyinin tanınmasına töhfə verdi.
Cənubi Qafqaz Politoloqlar Klubunun rəhbəri İlqar Vəlizadə hesab edir ki, İlham Əliyevin səfəri iki ölkə arasında müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsində mühüm addım olacaq. Xatırladaq ki, Qazaxıstanla strateji və müttəfiqlik münasibətləri haqqında saziş 2004 və 2005-ci illərdə imzalanıb. Qazaxıstan Respublikası Statistika Komitəsinin məlumatına görə, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 2024-cü ildə 470 milyon dollar təşkil edib və 2025-ci ilin yanvar-avqust aylarında 547 milyon ABŞ dollarına çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur. Lakin hər iki tərəfin qarşıya qoyduğu 1 milyard dollarlıq hədəfə hələ də nail olunmayıb. Çünki qarşılıqlı ticarətin strukturu kifayət qədər məhdud olaraq qalır. Qazaxıstan Azərbaycana ilk növbədə xammal - metallar, neft və taxıl ixrac edir, Azərbaycan isə borular, alüminium və kənd təsərrüfatı məhsulları ixrac edir. Logistika çoxdan diqqət mərkəzindədir. Ümumi sərhədin olmaması dəniz və dəmir yolu infrastrukturunun, eləcə də rəqəmsal ticarət dəhlizlərinin inkişafını labüd edib. Bu gün hər iki tərəf Xəzərdə limanların modernləşdirilməsinə, donanmanın genişləndirilməsinə və bu maneələri tədricən aradan qaldıran Rəqəmsal Ticarət Dəhlizinin işə salınmasına fəal şəkildə sərmayə qoyur. Buna görə də İlqar Vəlizadənin verdiyi məlumata görə, danışıqlarda əsas diqqət nəqliyyat və logistika əlaqələrinin inkişafına yönəlib. Ekspertin sözlərinə görə, getdikcə mühüm əhəmiyyət kəsb edən Orta Dəhlizin icrası irəliləyir, tariflər razılaşdırılır, səmərəli infrastruktur yaradılır. Qazaxıstan və Azərbaycan burada xüsusilə mühüm rol oynayır, coğrafi mövqeləri və infrastruktur sərmayələri sayəsində bu dəhlizin strateji qovşağı kimi xidmət edir, onlara Avropa və Asiya bazarlarını birləşdirməyə imkan verir. Xatırladaq ki, 2022-ci ildə Aktauda modernləşdirmə, maneələrin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsini nəzərdə tutan Orta Dəhlizin inkişafı üzrə yol xəritəsi imzalanıb. 2024-cü ildə tərəflər bu yol xəritəsini yeniləmək, layihənin icrasını sürətləndirmək və marşrutun ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaq barədə razılığa gəliblər. Bu tədbirlər inkişaf etmiş liman qurğuları və logistika mərkəzləri ilə bu prosesin əsas hərəkətverici qüvvəsi kimi çıxış edən Qazaxıstan və Azərbaycanla dayanıqlı və rəqabətədavamlı nəqliyyat dəhlizinin yaradılmasına yönəlib. Ekspertlər həmçinin qeyd edirlər ki, Bakı-Tiflis-Ceyhan boru kəməri ilə neft nəqlinin həcminin artırılması danışıqların mühüm tərkib hissəsi olacaq. Azərbaycan Qazaxıstan neftinin bir hissəsini qlobal bazarlara çatdırmaq iqtidarındadır. “KazMunayQaz”ın məlumatına görə, Qazaxıstan 2025-ci ildə bu marşrutla 1,2 milyon ton neft göndərmək niyyətindədir.Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, tərəflər 2027-ci ilə qədər bu rəqəmi 7 milyon tona çatdırmağı düşünürlər. Qazaxıstan və Azərbaycan da iki irimiqyaslı infrastruktur layihəsini birgə həyata keçirir. Birincisi, Aktau-Sumqayıt sualtı fiber-optik rabitə xəttidir (Xəzər dənizinin dibi ilə təxminən 380 km), o, 400 Tbps-dən çox ötürmə qabiliyyəti ilə Qazaxıstanı alternativ yüksək sürətli internetə çıxış və Avropa və Çin arasında tranzit trafiki ilə təmin edəcəkdir. Hazırlıq işləri başa çatıb, tikintiyə 2026-cı ildə başlanacaq.
İkinci layihə Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji sistemlərini birləşdirən dərin dəniz elektrik kabelidir. O, Avropaya yaşıl enerji ixracı üçün yaşıl dəhlizin bir hissəsini təşkil edəcək. İstifadəyə verilməsi 2026-cı ilin ikinci rübünə planlaşdırılır. Bir aktual məsələ - Xəzər dənizinin dayazlaşması iki ölkənin planlarına mane ola bilər. Səfərdən əvvəl Əliyev özü “Kazinform”a müsahibəsində qeyd edib ki, “indiki vəziyyətdə bütün Xəzəryanı ölkələr üçün sıx əməkdaşlıq qurmaq, fəal elmi məlumat mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər hazırlamaq çox vacibdir”. "Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq səviyyədə Xəzər dənizinin mühafizəsi üzrə təşəbbüsləri fəal şəkildə təşviq edə bilərlər və etməlidirlər. Artan transmilli ekoloji risklər fonunda Xəzər artıq sadəcə su hövzəsi deyil və bizim ümumi məsuliyyətimizin və vahid fəaliyyət zərurətinin simvoluna çevrilir", - deyə o, yekunlaşdırıb. Azərbaycan liderinin Qazaxıstana səfərindən sonra liman infrastrukturunun inkişafı, Qərbi Qazaxıstanda müştərək sənaye qovşağının yaradılması, təhsil sahəsində etimadnamələrin tanınması, mədəni mübadilənin genişləndirilməsi ilə bağlı sazişlərin imzalanması gözlənilir. Əsas təşəbbüs həm də logistika, enerji, maşınqayırma və İT sahələrində layihələrin maliyyələşdirilməsi üçün birgə investisiya fondunun yaradılması ola bilər”.
RAMİL QULİYEV