AZ

"İlham Əliyevin Qazaxıstana səfəri göstərir ki..." - RƏY

Xəbər verdiyimiz kimi, bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə təkbətək görüşü olub. Görüş zamanı prezidentlər bir çox məsələyə toxunaraq, iki dövlət arasındakı münasibətləri müzakirə ediblər. Dövlət başçılarının iştirakı ilə sənədlər imzalanıb, mətbuata birgə bəyanatla çıxış ediblər.

Milli Məclisin deputatı Vüqar Bayramov Redaktor.az-a açıqlamasında bildirdi ki, Azərbaycanla Qazaxıstan arasında bütün sahələrdə əməkdaşlığın dərinləşməsi müşahidə olunur:

"Xüsusilə, son illərdə və 2025-ci ilin geridə qalan aylarında iki ölkə arasında ticarət dövriyyəsində əhəmiyyətli artımlar qeydə alınıb. 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsi 33% artaraq 470 milyon ABŞ dollarına çatmışdır. Təkcə cari ilin ilk doqquz ayında bu göstərici 547 milyon dollar təşkil etmişdir ki, bu da 2024-cü ilin ümumi dövriyyəsi ilə müqayisədə 14% çoxdur. Bu rəqəmlər açıq şəkildə göstərir ki, ölkələr arasında əməkdaşlıq güclənməkdədir və bu əməkdaşlıq hər iki tərəf üçün daha çox iqtisadi fayda təmin edir. Eyni zamanda, Orta Dəhlizin imkanlarının genişləndirilməsi də Azərbaycan və Qazaxıstan üzərindən daşınan yüklərin həcminə ciddi təsir göstərmişdir".

Millət vəkili əlavə etdi ki, ötən il iki ölkə arasında tranzit daşımaların həcmi 20% artaraq 3,5 milyon tonu keçib:

"Bu artım, heç şübhəsiz, Orta Dəhlizin ötürmə qabiliyyətinin artırılması və nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlıdır. Bu kontekstdə Azərbaycanla Qazaxıstan arasındakı əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də regional və qlobal müstəvidə strateji əhəmiyyət daşıyır. İqtisadi baxımdan bu əməkdaşlıq ölkələrin dayanıqlı inkişafına mühüm töhfə verir. Eyni zamanda, region üçün əhəmiyyətli olan layihələrin daha uğurla həyata keçirilməsinə şərait yaradır. Nəticə etibarilə, həm Azərbaycan, həm də Qazaxıstan bu qarşılıqlı əməkdaşlıqdan faydalanaraq regional layihələrin miqyasını genişləndirir və bununla da hər iki ölkənin geosiyasi mövqeyi daha da möhkəmlənir".

Fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev isə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində bir sıra mühüm görüşlər keçirilib və razılaşmalar əldə olunub:

"Azərbaycan və Qazaxıstan bir-birinə dost iki xalqın qurduğu respublikalardır və bu respublikalar arasında mövcud olan münasibətlər, qarşılıqlı etimad və inam bu gün həm iqtisadi, həm siyasi, həm də mədəni əlaqələrdə özünü göstərməkdədir. İki ölkə arasındakı münasibətlər yalnız birtərəfli, yəni yalnız iqtisadi və ya siyasi müstəvidə məhdudlaşmır. Dövlətlərarası əlaqələr çoxşaxəli və dinamik xarakter daşıyır. Bu baxımdan, həmin əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Azərbaycan və Qazaxıstan deyildikdə, qeyd olunmalıdır ki, hər iki dövlət bu gün dünyanın yeni güc mərkəzi kimi formalaşmaqda olan Türk Dövlətləri Təşkilatının fəaliyyətində fəal şəkildə iştirak edir. Hər iki ölkə bu təşkilatın fəaliyyətinin genişlənməsi və daha da inkişaf etməsinə güclü dəstək verir. Digər tərəfdən isə, bu gün türk dünyasında yeni bir güc mərkəzinin formalaşması və onun vahid şəkildə idarə olunması həm Azərbaycanın, həm də Qazaxıstanın siyasi və iqtisadi maraqlarına tam uyğundur.

Bununla yanaşı, iki ölkə arasındakı iqtisadi münasibətlər kontekstində Orta Dəhliz perspektivi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, bu gün qitələrarası strateji yolların və nəqliyyat-kommunikasiya xətlərinin genişləndirilməsi və mövcud infrastrukturun təkmilləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Dünya artıq qloballaşma mərhələsini geridə qoyaraq daha dərinə inteqrasiya olunan bir mərhələyə qədəm qoyur. Bu isə malların, xidmətlərin və məhsulların fasiləsiz və səmərəli dövriyyəsinin təmin olunmasını tarixi bir zərurətə çevirir. Məhz bu zərurətdən irəli gələrək Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, başqa sözlə Orta Dəhliz, hər iki ölkə üçün böyük strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Astanada Orta Dəhlizin inkişafına dair birgə layihə təqdim olunub. Layihənin təqdimatı zamanı qeyd olunub ki, hazırda Çindən gələn yüklərin həcmi artmaqdadır və 2030-cu ilə qədər bu göstəricinin mövcud səviyyə ilə müqayisədə üç dəfə artacağı proqnozlaşdırılır. Bunu nəzərə alaraq, hər iki ölkənin dövlət başçıları layihənin təqdimatında iştirak edib və bu təşəbbüsün 2030-cu ilə qədər proqnozlaşdırılan yük həcminin qəbul edilməsində və proseslərin səmərəli təşkili baxımından mühüm rol oynayacağı vurğulanıb".

Uzeyir

Politoloq qeyd etdi ki, İlham Əliyev Kasım-Jomart Tokayevlə təkbətək görüş zamanı  Qazaxıstanı "qardaş ölkə" adlandırıb, bu qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib. 

"O, həmçinin vurğulayıb ki, Qazaxıstan hələ işğal dövründə də Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. İki lider arasında münasibətlərin yüksək səviyyədə olduğunu Prezident İlham Əliyevin digər bir fikrindən də aydın görmək olar. Belə ki, o, təkbətək görüş zamanı Qazaxıstan Prezidentinin ölkənin modernləşdirilməsi və potensialının gücləndirilməsinə yönəlmiş siyasətini tam dəstəklədiyini bildirib. Bu, təbii olaraq, beynəlxalq nüfuza malik bir lider kimi İlham Əliyevin Qazaxıstan rəhbərliyinə verdiyi açıq dəstəyin göstəricisidir və bu dəstəyin nəticələri bir sıra sahələrdə özünü göstərəcəkdir. Bundan əlavə, Azərbaycan və Qazaxıstan arasında Ali Dövlətlərarası Şuranın iclası keçirilib. Geniş gündəliyə malik bu iclasda mühüm məsələlər müzakirə olunub. Prezident iclasda çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına toxunaraq bildirib ki, hazırda iki ölkə arasında yeni bir mərhələ, sülh dövrü başlanmaqdadır. Prezident İlham Əliyev çıxışında Vaşinqtonda paraflanmış sülh sənədinə də toxunaraq, bu prosesə verdiyi dəstəyə görə ABŞ Prezidenti Donald Trampın rolunu yüksək qiymətləndirib. 

Ümumiləşdirsək, Azərbaycan və Qazaxıstan arasında münasibətlər dərin tarixi köklərə və qarşılıqlı etimada əsaslanır. Əgər qarşılıqlı etimad və liderlər arasında güclü münasibətlər mövcud deyilsə, bu, dövlətlərarası əlaqələrin zəifləməsinə səbəb ola bilər. Lakin bu gün həm Prezident İlham Əliyevin Qazaxıstana səfəri, həm də Prezident Tokayevin Azərbaycanı "qardaş dövlət" kimi qiymətləndirməsi göstərir ki, iki ölkə arasında güclü etimad və yüksək dəyərlərə əsaslanan münasibətlər mövcuddur. Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, türk dünyasının genişlənməsi, Orta Dəhlizin inkişafı və digər strateji sahələrdə Azərbaycan və Qazaxıstan ortaq mövqedən çıxış edən iki dost və müttəfiq dövlətdir. İlham Əliyevin Qazaxıstana etdiyi dövlət səfəri həm bu məsələlərə dair konkret razılaşmaların əldə olunmasına, həm də bu razılaşmalardan irəli gələcək qarşılıqlı faydanın təmin olunmasına xidmət edəcəkdir", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda dərc olunub. 

 

2
Seçilən
103
31
redaktor.az

10Mənbələr