Kamran Əsədov: “Gürcüstan Təhsil Nazirliyinin fənnin adını “etnik azlıqların dili” kimi dəyişdirməsi hüquqi baxımdan azlıqların fərdiləşdirilmiş dil hüququna ziddir”
Gürcüstan azərbaycanlıları “Etnik azlıqların dili” fənninin təhsil proqramından çıxarılmasını və onun əvəzinə “Azərbaycan dili və ədəbiyyatı” fənninin daxil edilməsini istəyirlər. Bununla bağlı “change.org” platformasında Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadzeyə ünvanlanmış petisiya yerləşdirilib.
Petisiyanın müəllifi “Maarif” təşkilatının rəhbəri Aygül İsayeva bildirib ki, Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyi tərəfindən tərtib edilmiş təhsil proqramında “Azərbaycan dili və ədəbiyyatı” fənninin adının “etnik azlıqların dili” termini ilə əvəzlənməsi qəbuledilməzdir və bu, Gürcüstan vətəndaşı olan azərbaycanlıların təhsil hüquqlarına ziddir: “Təhsil proqramında, dərs saatlarını əks etdirən cədvəldə və elektron jurnalda “Gürcü dili və ədəbiyyatı” yazıldığı kimi, azərbaycanlıların ana dili və ədəbiyyatı ilə bağlı fənnin adının da “Azərbaycan dili və ədəbiyyatı” olaraq göstərilməsi məntiqli və məqsədəuyğun olar”.
“Gürcüstan kimi çoxmillətli dövlətdə Azərbaycan dili və ədəbiyyatının ayrıca fənn kimi saxlanılması yalnız azlıqların hüququ deyil, həm də…”
Gürcüstanda Azərbaycan dilini “etnik azlıqların dili” adlandıranlara etiraz edilməsinin vacibliyi barəsində fikir bildirən təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Gürcüstan azərbaycanlılarının “Etnik azlıqların dili” fənninin “Azərbaycan dili və ədəbiyyatı” ilə əvəzlənməsi tələbi təkcə terminoloji məsələ deyil, eyni zamanda milli azlıqların təhsil hüququnun qorunması, identiklik və mədəni özünüdərk məsələsidir: “Gürcüstan Konstitusiyasının 38-ci maddəsinə əsasən, ölkədə yaşayan milli azlıqların öz dilini, mədəniyyətini və adət-ənənələrini qorumaq və inkişaf etdirmək hüququ təmin olunur. Həmin maddədə açıq şəkildə qeyd olunur ki, dövlət milli azlıqların öz ana dilində təhsil almasına şərait yaratmalıdır. Lakin “etnik azlıqların dili” kimi ümumi termin bu hüququ konkretləşdirmir, əksinə, milli kimliyi və dilin rəsmi tanınma statusunu zəiflədir. Bu yanaşma həm hüquqi, həm pedaqoji, həm də psixoloji baxımdan yanlış və diskriminasiya elementləri daşıyan yanaşmadır. Onu da deyim ki, beynəlxalq hüquq baxımından da bu məsələ kifayət qədər aydın tənzimlənib. Birləşmiş Millətlər Təşkilatının (BMT) 1966-cı il “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq pakt”ının 27-ci maddəsində göstərilir ki, milli, etnik və ya dil azlıqlarına mənsub şəxslər öz dilindən istifadə etmək, mədəniyyətini yaşatmaq və təhsil hüququnu həyata keçirmək azadlığına malikdirlər. Bununla yanaşı, Avropa Şurasının “Milli azlıqların qorunması üzrə çərçivə konvensiyası”nın 14-cü maddəsinə görə, milli azlıqların nümayəndələrinin ana dilində təhsil alma və bu dilin öyrədilməsini tələb etmək hüququ vardır. Gürcüstan bu konvensiyanı 2005-ci ildə ratifikasiya edib və bununla öz üzərinə öhdəlik götürüb ki, etnik azlıqların dilləri yalnız “dil” kimi deyil, “ana dili” və “ədəbiyyat” kimi tədris fənni şəklində qorunacaq. Bu kontekstdə Gürcüstan Təhsil Nazirliyinin fənnin adını “etnik azlıqların dili” kimi dəyişdirməsi hüquqi baxımdan azlıqların fərdiləşdirilmiş dil hüququna ziddir. Bu termin azərbaycanlıların dilini bir kateqoriya içində əridir, onun öz kimliyini və mədəni statusunu arxa plana keçirir. Əgər “Gürcü dili və ədəbiyyatı” fənni konkret olaraq milli kimliyə əsaslanırsa, “Azərbaycan dili və ədəbiyyatı” da eyni prinsip üzrə adlandırılmalıdır. Əks halda, bu, “milli azlıq dili” adı altında mədəni assimilyasiyaya aparan təhlükəli presedent yaradır.
Gürcüstan kimi çoxmillətli dövlətdə Azərbaycan dili və ədəbiyyatının ayrıca fənn kimi saxlanılması yalnız azlıqların hüququ deyil, həm də dövlətin demokratik və çoxtərəfli təhsil sisteminə sadiqliyinin göstəricisi olmalıdır”
Ekspert hesab edir ki, Azərbaycanın Elm və Təhsil Nazirliyinin bu məsələdə aydın mövqe sərgiləməsi, Gürcüstan tərəfi ilə diplomatik və elmi əlaqələr çərçivəsində məsələni müzakirəyə çıxarması mühüm addım olardı: “Azərbaycan tərəfinin son illərdə azlıqların hüquqları ilə bağlı beynəlxalq platformalarda apardığı təhsil diplomatiyası model kimi təqdim oluna bilər. Gürcüstanla bu sahədə qarşılıqlı anlaşma əldə olunarsa, həm oradakı azərbaycanlı icmasının hüquqları qorunar, həm də Gürcüstanın demokratik imici möhkəmlənər”.
Günel CƏLİLOVA