ABŞ İranın nüvə silahı yaratmasına imkan verməyəcək.
Editor.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vans İsrailə səfəri zamanı bəyan edib.
Vans bildirib ki, ABŞ İranla münasibətlərin normallaşmasında maraqlıdır, lakin nüvə silahına sahib olmasına qəti şəkildə qarşıdır:
“ABŞ prezidenti İranla bağlı siyasətimizi açıq şəkildə ifadə edib. O, İranın rifah içində yaşamasını və qarşılıqlı münasibətlərin yaxşı olmasını istəyir, lakin İran nüvə silahı əldə edə bilməz. Biz bunun baş verməməsi üçün bütün diplomatik vasitələrdən istifadə etməyə davam edəcəyik,” – deyə vitse-prezident vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp oktyabrın 13-də İranla bağlı siyasətinə dair açıqlama verib. O, İranın “bir çox ölkələr üçün yüksək məhsuldar tərəfdaş ola biləcəyini” bildirib.
Tramp əlavə edib ki, Vaşinqton İrana qarşı sanksiyaların ləğvini də müzakirə edir. Onun sözlərinə görə, əgər Tehran danışıqlara qayıdarsa və razılığa gəlməyə razı olsa, ABŞ sanksiyaları yumşaltmağa hazırdır.
ABŞ lideri həmçinin qeyd edib ki, İran rəsmiləri “artıq vəziyyətin ağırlığını anlayır və yardıma ehtiyac duyurlar”, əks halda onları daha sərt sanksiyalar gözləyir.
//Gülnarə Abasova, Editor.az