İstanbul, 21 oktyabr, Günel Karatepe, AZƏRTAC
Xalq şairi Bəxtiyar Vahabzadə təkcə Azərbaycan deyil, bütün Türk dünyası üçün olduqca mühüm və dəyərli bir şəxsiyyətdir. Xalq şairimizin 100 illik yubileyinin qardaş ölkədə geniş formatda qeyd olunmasına rəhbərlik etmək mənim üçün məsuliyyətli olduğu qədər olduqca qürurvericidir. Layihəni uğurla həyata keçirdiyimiz üçün çox şadam. Bəxtiyar Vahabzadənin dövrün çətinliklərinə baxmayaraq xalqın milli kimliyini oyandırmaq məqsədilə qələmə aldığı əsərləri illər keçməsinə baxmayaraq hələ də aktuallığını qoruyur. Bütün bunları gələcək nəslə çatdırmaq isə bizim ən böyük vəzifəmizdir. Bu layihənin də əsas məqsədlərindən biri Bəxtiyar Vahabzadəni gənclərə və uşaqlara olduqca əhatəli şəkildə çatdırmaq idi. Bu məqsədlə proqramlarımıza gəncləri və uşaqları da cəlb etdik.
Bu barədə AZƏRTAC-a müsahibəsində uzun illərdir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Birliyinin rəhbəri, aktrisa Kamalə Kamal Cabbarova bildirib.
Bəxtiyar Vahabzadə yaradıcılığını geniş şəkildə təbliğ etmək məqsədilə İstanbulda ikigünlük geniş proqramla tamaşaçı qarşısına çıxdıqlarını xatırladan Kamalə xanım deyib: “Proqrama dahi şairin həyat və yaradıcılığını əks etdirən fotolardan ibarət sərgi, şairin həyatını və əsərlərini izah edən panel iclas daxil etdik, Bəxtiyar Vahabzadəyə həsr olunan “İstiqlal şairi” sənədli filmini hazırlayıb təqdimatını keçirdik. Layihənin həyata keçirilməsində mənə dəstək olan Azərbaycan Diasporuna Dəstək Fondu, eləcə də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) başda olmaqla hər zaman yanımızda olan qardaş dərnək və platformalara öz minnətdarlığımı bildirirəm”.
Rəhbərlik etdiyi birliyin nəzdində fəaliyyət göstərən teatr barədə sualımızı cavablandıran Kamalə Kamal deyib: “Mən uzun illər əvvəl Azərbaycan Dövlət teatr sənətçisi Elçin İmanovla birlikdə İstanbulda Türkiyə-Azərbaycan Vizyon Teatrını yaratdım. Teatrı yaşatmaq üçün çox böyük əmək sərf etdim. İndi isə 10 yaşımızı qeyd edirik və yubiley münasibətilə adımızı dəyişdik. Bundan sonra dahi Cəfər Cabbarlının adı altında yolumuza davam edəcəyik. Yubiley mövsümümüzün də ilk tamaşası Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olundu. Beləliklə İstanbulda fəaliyyət göstərən Cəfər Cabbarlı adına Türkiyə-Azərbaycan Teatrı yubiley mövsümünü şairin əsərləri əsasında hazırladığı "Yağışdan sonra" ikipərdəli tamaşasının premyerası ilə açdı. Uğurlarımızın davamlı olacağına inanıram”.
 
                        