AZ

“O sammitdə heç kəs İsrailin Qəzzaya hücum etməyəcəyinə dair zəmanət verməyib”-ANALİTİK

Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 13-də Türkiyə, Qətər, ABŞ və Misir liderləri tərəfindən Yaxın Şərq Sülh Sammiti çərçivəsində Qəzzada atəşkəslə bağlı yekun sazişinin imzalanmasından yalnız bir həftə sonra, Qəzzada yenidən atəşkəs pozuldu. İsrail qırıcılarının bombalaması nəticəsində, son məlumatlara görə, 40-a yaxın fələstinli həlak oldu.

Bəs bundan sonra nə baş verəcək? Bu, Trampın böyük təmtəraqla imzalanmasını təşkil etdiyi həmin sazişin tərəflər arasında birbaşa imzalanmamasının nəticəsi deyilmi?

Mövzu ilə bağlı hafta.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə siyasi analitik Teymur Qasımlı məsələyə dair fikirlərini bölüşüb. Onun sözlərinə görə, Misirdə imzalanmış sülh sazişi, əslində, atəşkəslə bağlı bir bəyanat olmalıdır:

"Misirdə Qəzza ilə bağlı imzalanmış sənəd, əslində, ABŞ, Türkiyə, Misir və Qətərin atəşkəslə bağlı bəyanatıdır. Çünki oradakı ölkələrdən heç biri, nə İsrailin Qəzzaya, nə də əksinə, “HƏMAS”-ın İsrailə hücum etməyəcəyinə dair zəmanət verməyib. Bunu həm Türkiyə prezidenti, həm də xarici işlər naziri etiraf ediblər. Və Misir sammitinə razılıq verməkdə Netanyahunun əsas məqsədlərindən biri əsirlərin geri qaytarılması idi. Düzdü, fələstinlilər və “HƏMAS” üzvlərinin də İsrail əsirliyində olanların xeyli hissəsi qaytarıldı", – deyə Teymur Qasımlı diqqətə çatdırıb.

Analitik bildirib ki, burada Donald Trampın da öz oyunları, öz qaydaları və planı var.  Həmin planın icrasına da Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleer başçılıq edir.

“Misirdəki sammitdə İsrail baş naziri və “HƏMAS” liderlərinin iştirak etməməsi heç də təsadüfi deyil.  Çünki görünür, Amerika Birləşmiş Ştatları Türkiyə tərəfindən xahiş edib ki, “HƏMAS”ı bu sülh sammitinin keçirilməsi üçün yola gətirsin. Və “HƏMAS”-a qarşı isə çox ağır şərtlər qoyulmuşdu. Bəziləri qəbul edilsə də, digərləri də qəbul olunmayıb. İsrail tərəfini isə yola gətirən Tramp  administrasiyası oldu. Burada pərdəarxası məsələlər bunlar idi”, -deyə həmsöhbətimiz qeyd edib.   

Qasımlı həmçinin nəzərə çatdırıb ki, Qəzzanın bərpası və bölgəyə sülhməramlı hərbi qüvvələrin göndərilməsi kimi məsələlər də Toni Bleerin nəzarətində olacaq. Lakin bu planın həyata keçirilib-keçirilməyəcəyini zamanın göstərəcəyini bildirib.

  Siyasi şərhçi münaqişənin davam etməsinin səbəblərini daha da dərin qatlarda arayaraq əlavə edib:

"Əgər İsrail və Fələstindəki hakim qüvvələr arasında sülh müqaviləsi imzalanmazsa, bu münaqişə davam edəcək. Həmçinin, Fələstin dövləti yaradılmadığı müddətcə bu prosesin nə qədər uzanacağı bilinmir. Belə vəziyyətlərdə isə İsrailin Qəzzaya və fələstinlilərin yaşadığı digər bölgələrə hücumlarının davam etməsi qaçılmazdır. Fələstin dövlətinin yaradılması məsələsi də sual altındadır. Lakin məlumdur ki, 1948-ci ildən bəri İsrailin bütün rəhbərləri Fələstin dövlətinin yaradılmasına qarşı çıxıb və çox güman ki, bundan sonra da bu cür bir təşəbbüsü əngəlləyəcəklər."

Analitikin fikirlərinə əsasən, Qəzzadakı vəziyyətin həlli yalnız Fələstin dövlətinin qurulması ilə mümkün ola bilər.

“Hazırda isə münaqişənin həlli üçün heç bir konkret və dayanıqlı əsas yoxdur", – deyə Teymur Qasımlı vurğulayıb.

Sultan Laçın

Seçilən
35
hafta.az

1Mənbələr