Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ prezidentlərinin ikinci görüşünün dəqiq tarixi hələ müəyyənləşdirməyib.
O, sammitin təxirə salına biləcəyi ilə bağlı mətbuatda yayılan məlumatlara da münasibət bildirib. Peskov izah edib ki, tədbirə “ciddi hazırlıq” lazımdır. “Prezidentlərin anlaşması var, lakin razılaşdırılmamış bir şeyi təxirə sala bilmərik… Bu, vaxt apara bilər. Ona görə də ilkin olaraq dəqiq tarixlər müəyyən edilməyib”, – Peskov mətbuata danışarkən deyib.
Ona Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığından sonra Moskvadakı hazırkı əhval-ruhiyyə barədə sual verilib. “Əhval-ruhiyyə işgüzardır. İş (sammitin təşkili üzrə) çətin olacaq”, – prezidentin mətbuat katibi cavab verib.
Qeyd edək ki, oktyabrın 16-da Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Onlar bu il ikinci təkbətək görüşlərini keçirmək barədə razılığa gəliblər.
Tarix məlum deyil, lakin yer razılaşdırılıb – Budapeşt. Dünən Kreml Macarıstanda keçiriləcək sammitə genişmiqyaslı hazırlıqların başladığını elan edib. Bu gün CNN telekanalı Sergey Lavrov və Marko Rubio arasında bu həftə gözlənilən görüşün “hələlik təxirə salındığını” bildirib.
//Samir Qurbanov, Editor.az