AZ

Ölkəmizin Qəzzada sülhməramlı missiyası ehtimalı yüksəkdir - Rəy

Yazını böyüt
Yazını kiçilt

Son günlər Azərbaycanın İndoneziya, Misir və Türkiyə ilə yanaşı Qəzzadakı beynəlxalq hərbi birlikdə yer alacağı iddiası gündəmdədir. Bunu ölkəmizin sülhyaratma missiyası kontekstində necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı Hafta.az-a açıqlama verən siyasi ekspert Rəşad Bayramov bildirib ki, Azərbaycanın istər Kosovo, istər İraq, istərsə də Əfqanıstandakı sülhməramlı missiyada iştirak təcrübəsi var.

Ən önəmlisi də budur ki, Azərbaycan bu missiyanı kifayət qədər uğurlu şəkildə icra edən ölkələrdəndir. Ekspert qeyd edib ki, bu, hər kəs tərəfindən etiraf olunan və qiymətləndirilən bir həqiqətdir.

Ekspert vurğulayıb ki, Əfqanıstanda sülhməramlı missiyanı icra edən Azərbaycan əsgərlərinin bütün çətinliklərə baxmayaraq Kabil aeroportunu son olaraq tərk etməsi həmin dövrdə dünya mediasında xüsusi olaraq işıqlandırılmışdı. İndi də Azərbaycanın digər ölkələrlə birgə Qəzzada sülhmərmlı missiyanı icra edəcəyi ilə bağlı ehtimallarda həqiqət payı kifayət qədər yüksəkdir.

“Birincisi ona görə ki, Azərbaycanın həmin tərkibdə yer almasına etiraz olmayacaq. Məlumdur ki, Azərbaycan İsraillə uzunmüddətli strateji müttəfiqdir. Bu baxımadan İslam coğrafiyasının bir parçası olmasına baxmayaraq dünyəvi dövlət olması Azərbaycanın Qəzzada müvafiq missiyanı həyata keçirməsində İsrail üçün hər hansı bir problem yaratmayacaq. Eyni şəkildə Fələstin və ya zəmanətçi qismində çıxış edən ABŞ, Türkiyə, Misir və Qətərin də etirazı gözlənilmir. Yəni başqa sözlə, Azərbaycan bütün tərəflərin maraqlarına cavab verən və ən əsası da etibar edilən dövlət olaraq bu prossesə müsbət töhfə verə biləcək tək-tük ölkələrdən biridir. Deyilənlərə sülhün əldə olunmasından sonra Qəzzanın yenidən qurulması və insanların öz yurdlarına qayıdışında Azərbaycan təcrübəsindən istifadə olunacağını da əlavə etdikdə, ölkəmizin sülh misiyasında iştirakı tamamilə real görünür”, - siyasi ekspert bildirib.

R.Bayramov vurğulayıb ki, bu gün Qəzza xalqının və Fələstinin onların problemlərini başa düşən və səmimi olaraq dəstək verməyə hazır olan ölkəyə ehtiyacı var:

“Əraziləri uzun illər ərzində işğal altında olan, infrastrukturu məhv edilmiş, insanlarına qarşı soyqırım həyata keçirilmiş, amma bütün bunlara baxmayaraq ayaqda durmağı bacaran, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri aparan, insanların öz doğma yurd yuvalarına qayıdışını təmin edən ölkə olaraq Azərbaycan məhz bu ölkələrdəndir. Odur ki, ölkəmizin Qəzzada sülhməramlı missiyanın tərkibində iştirak ehtimalı kifayət qədər yüksəkdir”.

Seçilən
96
hafta.az

1Mənbələr