AZ

Azərbaycan-Qazaxıstan ikitərəfli münasibətləri regionun gələcək inkişafı üçün nümunəvi əməkdaşlıq modelinə çevrilir - ŞƏRH

Bakı, 21 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələsini təsdiqləyən hadisə kimi qiymətləndirilir. Bu səfər göstərir ki, Azərbaycan-Qazaxıstan əlaqələri artıq təkcə ikitərəfli çərçivədə deyil, regional və qlobal miqyasda strateji əhəmiyyətə malikdir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) vitse-prezidenti Oğuz Mirzəyev bildirib.

O vurğulayıb ki, Prezident İlham Əliyevin səfər ərəfəsində “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğuladığı kimi, iki ölkə arasında olan münasibətlər qarşılıqlı etimad və qardaşlıq üzərində qurulub:”Müsahibədəki hər bir cümlə iki xalqın bir-birinə necə yaxın olduğunu, bu münasibətlərin necə təbii və saf şəkildə formalaşdığını göstərir. Bu gün həm siyasi, həm iqtisadi, həm də humanitar müstəvidə əməkdaşlıq nümunəvi şəkildə inkişaf edir. Prezidentin “bu, son üç ildə mənim qardaş ölkəyə yeddinci səfərimdir” deməsi, əslində, bir statistika deyil, etibar göstəricisidir. Hər səfərin arxasında real nəticələr, ortaq layihələr, daha da güclənən münasibətlər var. Astananın Azərbaycan bayraqları ilə bəzədilməsi də dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin rəmzi ifadəsidir. Prezident İlham Əliyev Füzulidə Qazaxıstanın inşa etdiyi “Kurmanqazı” adına Uşaq İncəsənət Mərkəzindən söz açarkən, bu binanı bir dostluq rəmzi kimi təqdim etdi. Bu rəmz azad Qarabağın dirçəlişinə olan töhfədir, həmçinin qardaş Qazaxıstanın ölkəmizə səmimi dəstəyinin canlı simvoludur”

Oğuz Mirzəyev iki ölkə arasında iqtisadi münasibətlərin sürətli inkişafının xüsusi vurğulanmalı məqamlardan biri olduğunu qeyd edib. “Prezident İlham Əliyevin nəqliyyat-logistika, enerji və rəqəmsal əməkdaşlıq məsələlərinə toxunması iki ölkə münasibətlərinin gələcək xəritəsini cızır. 547 milyon dollara çatan ticarət dövriyyəsi, 300 milyon dollarlıq Birgə İnvestisiya Fondu, qarşılıqlı sərmayələr və yeni logistika imkanları artıq strateji tərəfdaşlığın iqtisadi dayaqlarını formalaşdırıb. Bu əməkdaşlıq nəinki iki ölkənin inkişafına, həm də Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi coğrafi gücün qurulmasına xidmət edir. Burada nəqliyyat sahəsində əsas vurğu Orta Dəhliz üzərindədir. Azərbaycan ilə Qazaxıstan arasında tranzit daşımalarının 2024-cü ildə 20 faiz artaraq 3,5 milyon ton həcmə çatması bu marşrutun dinamik inkişafını sübut edir. Aktau və Ələt limanlarının modernləşdirilməsi, tariflərin optimallaşdırılması, vahid logistika siyasəti və yeni mərkəzlərin qurulması Orta Dəhlizi Avropa ilə Asiyanı birləşdirən strateji arteriyaya çevirir. Enerji sahəsində SOCAR ilə “KazMunayQaz” arasında əldə olunan razılaşma, Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi, yaşıl enerji sahəsindəki tərəfdaşlıq hazırki münasibətlərin gələcək vizyonunun göstəricisidir. Ümumilikdə bütün bunlar göstərir ki, Azərbaycan–Qazaxıstan ikitərəfli münasibətləri regionun gələcək inkişafı üçün nümunəvi əməkdaşlıq modelinə çevrilir”, - deyə BAMF-ın vitse-prezidenti diqqətə çatdırıb.

Seçilən
76
azertag.az

1Mənbələr